İbrahimbəyov niyə İlham Əliyev siyasətinə qarşıdır?

Rüstəm İbrahimbəyova hakimiyyətin total hücumu başlayandan sonra maraqlı bir polemikaya start verilib. Ictimai həssaslığı nəzərə alan hakimiyyət mənsubları “dünənə qədər” İlham Əliyevi dəstəkləyən Rüstəm İbrahimbəyovun niyə məhz indi ölkə həqiqətlərini və siyasi reallıqları ifadə etdiyini dünyaca məşhur ziyalıya irad tutmaqla qara piarda üstünlüyü ələ almaq istəyirlər.Rüstəm İbrahimbəyovun “İlham Əliyev seçiləndə məndən çox sevinən yox idi” etirafı da bu əks-arqumenti gücləndirib. “Bəs, nə baş verdi?” sualıyla İbrahimbəyovun şəxsi maraqlar səbəbindən hazırkı ziyalı mövqeyini ortaya qoyduğu qabardılır və beləliklə, onun səmimiyyəti şübhə altına alınır.

Yaxşı mübahisədir və bu saat nə baş verdiyini aydınlaşdırarıq.
Əvvəla, 2003-cü ildə İlham Əliyev qalib gəlmədi, İsa Qəmbərin halal haqqını Qərbin siyasi dəstəyi ilə mənimsədi. Bu faktı etiraf etməyən bir kimsə yoxdur.
Ikincisi, doğrudan da İlham Əliyevin 2003-cü ildə “islahatçı”, “gənc və perspektivli” imici vardı; “hamının prezidenti olmaq” iddiasını ortaya qoymuşdu; yeni-yeni iş yerləri açacağını deyirdi və bəziləri hesab edirdi ki, atasının siyasətini yürüdəcəyini söyləyən, Avropa dəyərlərinə sahib olduğu görüntüsü yaradılan bu gənc ölkənin Qərbə inteqrasiyasında ciddi addımlar atacaq. Hətta ayrı-ayrı sahibkarlar, ziyalılar İlham Əliyevin təbliğatında aktiv rol oynamaqdan da çəkinmirdilər.

“Bəs, nə baş verdi?”

O baş verdi ki, İlham Əliyev yeni iş yerlərinin “pripiskasına” başladı, “hamının prezidenti olmaq” iddiası “hamının axırına çıxmaq” təşəbbüsünə çevrildi;
O baş verdi ki, 2005-ci ildə parlament seçkilərini total şəkildə saxtalaşdırdı, kütləvi etiraz aksiyalarını amansızcasına dağıtdı və ölkəni bir neçə addım geriyə, diktaturaya yuvarladı;
O baş verdi ki, 2006-cı ildə neft pullarının ölkəyə daxil olması ilə eyforiyaya qapanan hakimiyyət talançı bir yol tutdu: milyardlar iri-iri layihələr adıyla oğurlanmağa başladı, heç bir istehsal sahəsi yaradılmadı, ölkə yalnız neft gəlirlərinin əsirinə çevrildi; dövlətin iqtİsadi qüdrətini göstərmək üçün şişirdilən büdcə – neft gəlirlərindən və Neft Fondundan birbaşa asılı vəziyyətə salındı; ildən-ilə büdcənin kəsirlərini Neft Fondunun vəsaitləri hesabına ört-basdır etməyə başladılar; 20 milyardlıq dövlət büdcəsinin az qala yarısı “tikinti” adıyla talan edilməkdədir;
O baş verdi ki, korrupsiya və rüşvət Heydər Əliyev dönəmindəkilə müqayisəolunmaz səviyyəyə gəlib çıxdı;
O baş verdi ki, 2005-ci ildən başlayaraq sahibkarların mülkləri əlindən alındı. Bunun üçünsə ən eybəcər formaya əl atıldı: sahibkarlar gündüzün günorta vaxtı rəsmi qurumlar tərəfindən başına torba keçirilməklə oğurlandı, – məhz oğurlandı! – türmələrə dolduruldu və türmədə ikən həmin şəxslər mülklərini hakim ailənin nəzarətində olan şirkətlərə “satmağa” vadar edildilər;
O baş verdi ki, monopoliya misli görünməmiş səviyyəyə çatdı, ölkəyə adi çöp gətirməyə də kimsəyə icazə verilmədi. Bu xarabaya şəxsi istifadə üçün bir qutu yumurta gətirmək belə qadağandır;
O baş verdi ki, ölkə türmələri siyasi fəallar, jurnalistlərlə dolduruldu. Əgər Heydər Əliyev jurnalist həbsinə etirazları görən kimi, “Mənim xəbərim yoxdur” laqeydliyilə dərhal onların azadlığa buraxılmasına göstəriş verirdisə, İlham Əliyev “heç kəs bizim daxili işlərimizə qarışa bilməz” inadıyla kimsəyə “güzəşt” etmir;
O baş verdi ki, qonşularla – Rusiya, Iran, hətta Türkiyə ilə münasibətlər daha bərbad vəziyyətə düşdü, Avropanın Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı tənqidlərinin isə sayı-hesabı yoxdur;
O baş verdi ki, ölkədə vətəndaşların şərlənərək həbs edilməsi, şəxsi mülkündən çıxarılıb küçələrə tökülməsi adidən adi hala çevrildi…
Baş verənlər o qədər çoxdur ki, bunları bir yazıda əhatələmək mümkün deyil…

Diktaturadan, əlbəttə ki, imtina olunmalıdır

Özünüz deyin: hətta Heydər Əliyev avtoritarizmi ilə İlham Əliyev diktaturasını müqayisə etmək olmursa, 2003-cü ildə bu “gənc və perspektivlini” dəstəkləyənlər indi ondan niyə imtina etməməlidirlər? Iqtİsadi, siyasi islahatlar aparılmırsa, İlham Əliyev dünyanın ən sərt diktatorlarının siyahısında öncül yerlərdən birini tutursa, onun “siyasi kursu” niyə dəstəklənməli, niyə ziyalılar vətəndaş mövqeyi göstərməməlidirlər?
Mən də elə fikirləşirəm ki, Rüstəm İbrahimbəyov “haqsızlıq onun boyuna çatandan sonra” səsini çıxartdı. Buna görə o, qınanmalıdırmı?
Zülfüqarlı qardaşları da sonradan var-dövləti əlindən alınan bir çox sahibkarlar kimi hakimiyyətin sahibkarlığın inkişafı ilə bağlı “islahatlarında” başda otururdular, müxalifətə erməni kimi baxırdılar; oliqarxlarla şərik olurdular. Ancaq ədalətsizlik onlara çatanda danışmağa başladılar, mübarizəyə qaxdılar.
Dərd ondadır ki, bu xalqın “ziyalılarının”, “sahibkarlarının” böyük əksəriyyəti, hətta özləri ədalətsizliklə üzləşəndə belə, səslərini çıxarmağa cəsarət eləmirlər; qul, kölə psixologiyasından çıxa bilmirlər; bütün həyatları risk altında ola-ola “canım fəda olsun” əbləhliyindən əl çəkmirlər.
Əgər Rüstəm İbrahimbəyova qədər tapdanan, əzilən, yerlə bir edilən ziyalılar ədalətsizliyə qarşı səslərini çıxarsaydılar, haqsızlıq Rüstəm İbrahimbəyov səviyyəsinə çıxmayacaqdı; əgər Zülfüqarlı qardaşlarına qədər (və ondan sonra) haqsızlıqla üzləşən sahibkarlar etiraz etsəydilər, Zülfüqarlıların başına torba keçirilməyəcəkdi.
Rüstəm İbrahimbəyovun indi apardığı mübarizə – hətta şəxsi iddialarına görə olsa belə – ictimai əhəmiyyət daşıyır; Rüstəm İbrahimbəyov növbəti ziyalının, növbəti ünli şəxsiyyətin və beləliklə də cəmiyyətin daha sərt siyasi təqibə məruz qalmasının qarşısını almaqla məşğuldur.

Su meymunun boğazına çıxıb!

Artıq su meymunun boğazına çıxıb və “meymunun öz balasına ayağının altına alması” prosesi başlayıb. Bu dəhşəti hakimiyyət hiss etmədikcə, müqavimət daha da güclənəcək.
Iqtidar xalqın ayrı-ayrı ziyalıların etiraz səsinin gün-gündən ucaldığını, daha sərt, daha cəsarətlə yüksəldiyini eşitməlidir ki, “hakimiyyətin mənbəyi xalqdır” həqiqətini başa düşsün. Bu etirazlar, mübarizələr olmasa, hətta ən demokratik adam belə, bir neçə ilə diktatora çevrilər.
Xalq hakimiyyətə nəzarət etməlidir və hakimiyyətə nəzarətin yolu ayrı-ayrı fərdlərin ədalətsizliklə üzləşəndə haqq səsini çıxarmasından başlayır.
Rüstəm İbrahimbəyov haqsızlıqla üzləşib – danışmalıdır!
Evi sökülənlər ədalətsiz kompensasiyadan şikayətçidir – yol kəsməli, hay-küy qoparmalıdır!
Gömrükdə rüşvət tüğyan edir – sahibkarlar dillənməlidir!..
Siyasi repressiyadan, iqtİsadi özbaşınalıqdan, haqsızlıqdan, ədalətsizlikdən şikayətçisən – aksiyalarda fəal olmalİsan!
Bu etirazlar nəticədə “siyasi kursa” müsbət mənada təsir göstərir.
Həqiqət budur və cəmiyyətin marağını güdən, xalqın dərdlərinə yanan hər bir kəs bu yolda olmalıdır. Indiki məqamda Rüstəm İbrahimbəyova “dünən niyə səsini çıxarmırdın” iradı Şər dəyirmanına su tökməkdən başqa bir şey deyil; belə həqiqətpərəstsinizsə, “dünən səsini çıxarmayan” Rüstəm İbrahimbəyovu elə “dünən” niyə tənqid etmirdiniz?

Mən Rüstəm İbrahimbəyovu müdafiə etmirəm!

Arqumentə baxın: “Rüstəm İbrahimbəyova qarşı ədalətsizlik aradan qalxsa, onun şəxsi maraqlarını hakimiyyət təmin etsə və adam iradlarından geri çəkilsə, indi onu müdafiə edənlər nə yapacaqlar?”
Heç nə yapmayacaqlar, çünki Rüstəm İbrahimbəyovu kimsə müdafiə etmir və zatən, bu böyük istedadın müdafiəyə ehtiyacı da yoxdur: cinayət işlədib, işi məhkəmədədirmi ki, onun “ictimai vəkilləri” də olsun?! Sadəcə, Rüstəm İbrahimbəyov da bu gün ədalətin yanındadır, ədalətin ifadəçisidir; haqq sözü daha yüksək kürsüdən səsləndirən bir ziyalı kimi mənim, sənin, onun… illərlə müdafiə etdiyi HAQQI dilə gətirir… Sabah onun hüquqları bərpa olunacaqsa, lap yaxşı: ədalətsizliklərin bircəciyi aradan qalxacaq – bu qədər bəsit!
Amma siz, bu gün “səsini çıxarmayanları” – ölkənin talanmasına, büdcənin dağıdılmasına, dövlətin iqtİsadi gələcəyinin təhlükə altına salınmasına; qonşu dövlətlərlə münasibətlərin bərbad vəziyyətə gətirilməsinə; Avropanın demokratik təzyiqləri qarşısında totalitar Rusiyanın köhnə imperiya maraqlarına Azərbaycanın qurban verilməsinə etiraz etməyən; qanunların ayaq altına salınmasına daş laqeydliyi ilə susan, evi başına uçurulan minlərlə vətəndaşın dərdinə şərik olmayan, üzləşdiyi haqsızlıq qarşılığında belə, dillənməyən “ziyalıları” niyə qınamırsınız? Gözləyirsiniz ki, sabah “səsləri çıxanda” bu gününü yadına salasınız?
Korrupsioner hakimiyyətə ayı xidməti göstərib, xalqı ayı kimi ayaq altında qoyanları xalq da vaxtı yetişəndə “ayı kimi” tapdayır – təəssüf ki! Və buna da ürəyimiz ağrıya-ağrıya baxırıq – Misirdən, Suriyadan, Liviyadan yayılan videolarda…