ABŞ Suriyada uçuşa qadağan zonanın yaradılması məsələsini gündəmə gətirdi
Suriyada vətəndaş müharibəsi davam edir. Ölkənin ikinci ən böyük şəhəri Hələbdə müxaliflərlə hökumət qüvvələri arasında şəhərə nəzarət uğrunda şiddətli döyüşlər gedir.
Bəşər Əsəd rejimi Hələbdə müxalifəti zərərsizləşdirməkdə, hətta lazım gələrsə, şəhəri xəritədən silməkdə qərarlıdır. Hələb uğrunda savaş Suriya hakimiyyəti üçün ölüm-dirim mübarizəsi anlamı daşıyır. Bölgədə mühüm iqtisadi resurslar yerləşdiyindən Bəşər Əsəd nəyin bahasına olursa olsun, Hələbə nəzarəti ələ almağa çalışır.
Suriya hakimiyyətinin 20 minlik qoşunla Hələbə hücuma keçməsi müxaliflərin müəyyən məntəqələrdən geri çəkilməsilə nəticələnib. Lakin müxalif hərbçilərdən ibarət Azad Suriya Ordusu geri çəkilmənin strateji plan olduğunu açıqlayıb. Yayılan açıqlamada bildirilir ki, üsyançılar Əsəd rejiminə növbəti öldürücü zərbə vurmaq üçün plan üzərində işləyir. Suriya hakimiyyəti paytaxt Dəməşqdəki qüvvələri də Hələbə göndərib. Ordunun vertolyot və raketlərdən istifadə edərək keçirdiyi əməliyyatlar zamanı ötən gün 150 nəfərin həlak olduğu bildirilir.
Bu arada, Bəşər Əsəd bir neçə gün öncə istefa verərək müxaliflərin tərəfinə keçən baş nazir Riyad Hicabın yerinə səhiyyə naziri Vail Nadir Halkiyi təyin edib. Bununla yanaşı, Bəşər Əsədin protokol xidmətinin rəhbəri Muhi əl-Din Maslamani də müxaliflərin tərəfinə keçib. “Əl-Ərəbiyyə” kanalının məlumatına görə, Azad Suriya Ordusunun əsgərləri protokol rəhbərinin prezident sarayından qaçmasına yardımçı olub. Azad Suriya Ordusundan yayılan açıqlamada bildirilir ki, Bəşər Əsədin protokol rəhbəri hazırda müxaliflərin nəzarətindəki təhlükəsiz yerdə saxlanılır.
“AFP” xəbər agentliyi isə Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Iordaniya kimi ölkələrin Bəşər Əsəd rejimində təmsil olunan vəzifəlilərin müxaliflərə qoşulması üçün milyardlarla dollardan ibarət fond yaratdığı haqda məlumat yayıb. Xəbərə görə, fonda yığılan pul vasitəsilə Əsədin əmrindəki mühüm şəxsləri ələ almaq və onların müxaliflərin tərəfinə keçməsini təmin etmək planlaşdırılır.
Ölkədə vəziyyətin getdikcə gərginləşməsi və Bəşər Əsəd rejiminin zorakılıqları artırması Suriyada uçuşa qadağan zonanın yaradılması məsələsini yenidən gündəmə gətirib. ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Brennan Vaşinqonda Xarici Əlaqələr Şurasındakı çıxışında Suriyada problemin həlli üçün bütün vairantların masa üstündə olduğunu deyib. Brennan Suriya hava məkanının uçuşa bağlı bölgə elan edilməsinin istisna olunmadığını bildirib. ABŞ rəsmisi uçuşa qadağan bölgənin müxalifətin nəzarəti altındakı bir sahədə yaradıla biləcəyini söyləyib.