“Azadlıq”ın 1 avqust 2012-ci il tarixli sayında təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun “Testlərdəki yanlışlıqlar” başlıqlı məqaləsi dərc edilmişdir. Müəllif sözügedən yazıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) abituriyentlər üçün nəşr etdirdiyi Azərbaycan dili üzrə test kitabçalarında yer alan, həmçinin builki buraxılış imtahanlarında istifadə edilmiş bəzi test tapşırıqlarındakı yanlışlıqlara konkret nümunələrlə diqqət yetirib. TQDK da öz növbəsində sözügedən yazıdakı iradlara münasibət bildirib. TQDK-dan “Azadlıq”a ünvanlanan məktubda qurumun ekspertləri (H.Əliyev adına Müasir Təhsil Kompleksində kafedra müdiri S.B.Əhmədova, Bakı şəhəri 173 saylı məktəbin əməkdar müəllimi S.C.Zeyniyeva və Bakı şəhəri 72 saylı məktəbin əməkdar müəllimi G.M.Veysəlov) Nabatəli Qulamoğlunun misal çəkdiyi konkret nümunələrin hər birinə izahat verib:
***
Məqalə müəllifinin yanlış hesab etdiyi bəzi test tapşırıqlarına diqqət yetirək:
VI sinif test kitabçasında səh. 11, test 7-də Nabatəli Qulamoğlu yanlışlıq görür və tapşırığı “ikicavablı” hesab edir. Tapşırıq belədir:
Cümlələrin birində frazeoloji birləşmə işlənmişdir:
A. Isti yay günlərində hamı dəniz kənarına çıxır.
B. Şuşadan Turşsuya gedən yol çox mənzərəlidir.
C. Xan qızı Natəvan yoxsullara, kimsəsizlərə əl tutar, onlara qəlbən yanardı.
D. O, gözəl, girdəsifət, gənc bir qız idi.
E. Rüstəmin ən böyük arzusu ali məktəbə daxil olmaqdır.
Tapşırığın doğru cavabı C bəndidir. Lakin Nabatəli Qulamoğlu E bəndində də düzgün cavab görür: “c) əl tutmaq, qəlbən yanmaq və e) daxil olmaq (otağa yox, ali məktəbə)”.
TQDK-nın cavabında isə bildirilir ki, frazeoloji birləşmələr məcazi məna daşıyan birləşmələrdir və tərkibindəki sözlər ilkin leksik mənalarından uzaqlaşaraq, yeni, vahid məna ifadə etməlidir. Elə buna görə də “ali məktəbə daxil olmaq” frazeoloji birləşmə sayıla bilməz.
Ekspert səh. 56, 1 saylı tapşırıqda da qüsur tapıb. Tapşırıq belədir:
“Kooperativ” sözünün fonetik təhlililə bağlı düzgün fikirləri göstərin:
1. Yazılışı ilə deyilişi fərqlənir.
2. Sözdə bir dodaqlanan, üç dodaqlanmayan sait səs var.
3. Ahəng qanunu pozulmuşdur.
4. Dördhecalıdır, vurğu birinci hecaya düşür.
5. Sözdə üç kar, iki cingiltili samit var.
A) 1,4 B) 2,5 C) 1,3,5 D) 2,3,4 E) 2,4
“Azadlıq”a göndərilən cavab məktubunda bildirilir ki, bu sözün düzgün tələffüz forması TQDK-nın nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar tərəfindən tövsiyə olunmuş orfoepiya lüğətində əks olunub. “Kooperativ” sözü [kaperativ] şəklində tələffüz olunur: “Aydın görünür ki, bu sözün sonunda karlaşma hadisəsi baş vermir. Tapşırıqda heç bir qüsur görünmür, cavab üzdədir”.
Nabatəli Qulamoğlunun başqa bir iradı VI sinif test kitabçasındakı səh.43, 6 saylı tapşırıqla bağlıdır. Tapşırığın şərti belədir:
Biri azaltma dərəcəsini əmələ gətirən şəkilçi kimi götürülə bilməz:
A)-ımtıl4 B)-ımsov C)-ca D)-ımtraq E)-sov
TQDK-nın ekspertləri bildirir ki, sualda heç bir qüsur yoxdur, tam olaraq dərsliklərə əsaslanır. VI sinif dərsliyində yazılır: “Çoxaltma dərəcəsi də iki üsulla düzəlir:
Morfoloji üsul – bu üsulun özündə də iki qayda var:
1. Adi dərəcədə olan sifətlərin sonuna şəkilçi şəklində olan “ca” ədatı artırılır: zorbaca, yaxşıca. Bu zaman əlamət qabardılır, daha da gücləndirilir, sifətin azaltma yox, çoxaltma dərəcəsi yaranır (Ismayılov R., Ellazov F. Azərbaycan dili, 6-cı sinif üçün dərslik, Bakı -2008, səh. 92).
Nabatəli Qulamoğlu VIII sinif test kitabçasındakı bir neçə sualda da problem görür.
Səh.77, 6 saylı test tapşırığının şərti belədir:
“Güllərin möcüzəli rəngi, su şırıltısı, dağ əzəməti, yarpaq xışıltısı – bir sözlə, təbiət gözəlliyi şairin ilham mənbəyi idi” cümləsində “bir sözlə” nədir?
N.Qulamoğlu qeyd edir ki, “ümumiləşdirici söz dilçilik termini kimi qəbul edilsə də, yekunlaşdırıcı söz mahiyyət etibarilə fərqlənmir”.
Lakin TQDK-nın ekspertləri bildirir ki, tapşırıq dərslik əsasında tərtib olunub və elmi baxımdan sualda heç bir yanlışlıq yoxdur. Sadəcə, müəllif tapşırığa, eləcə də mövzuya münasibətdə subyektiv fikirlərini ifadə edib ki, bunun da TQDK-ya aidiyyəti yoxdur.
Bu mövzu 8-ci sinif Azərbaycan dili dərsliyində (Kazımov Q., Şahbazlı F., Mikayılova A. Azərbaycan dili, 8-ci sinif üçün dərslik, Bakı, “Aspoliqraf”, 2010) 101 və 102-ci səhifələrdə də öz əksini tapıb.
N.Qulamoğlu IX sinif test kitabçasında da bir neçə suala diqqət yetirərək, onların qüsurlu olduğunu və dərsliklərlə bağlılığı olmadığını qeyd edib. TQDK-nın ekspertləri həmin iradlara da münasibət bildiriblər.
N.Qulamoğlu yazır ki, səh. 8, test 2 yaddaşa əsaslanan testdir. Amma şagird üçün vacib olan o deyil ki, qrammatik omonimləri əzbərləsin, əksinə, vacib olan odur ki, nitq hissələrinin qrammatik funksiyalarını fərqləndirə bilsin.
TQDK-nın cavabında isə bildirilir ki, səhifəsi və nömrəsi göstərilən test tapşırığında heç bir omonimlikdən söhbət getmir.
TQDK-nın ekspertləri yazır ki, əgər N.Qulamoğlu həmin səhifədəki 3-cü test tapşırığını nəzərdə tutursa, yenə də subyektivliyə yol verir. Sual belədir:
Hansı cümlədəki işarələnmiş söz omonim ola bilər? 1. Kimi oxuyur, kimi yazırdı
2. Dünən kimi axtarırdın?
3. Səhərə kimi onları gözlədik.
A) 1,2 B) 2,3 C) 1,3 D) 1,2,3 E) heç biri
TDQK-nın ekspertləri bildirir ki, bu test tapşırığı birbaşa abituriyentin təfəkkürünü yoxlamağa hesablanıb: “Abituriyent məhz təfəkkürünə əsaslanaraq, qeyri-müəyyən əvəzliklə qoşmanı tapmalı və onları omonim kimi götürməlidir. Əgər abituriyent qoşma ilə qeyri-müəyyən və sual əvəzliklərini fərqləndirməyi bacarmayacaqsa, yaddaşa və əzbərçiliyə əsaslanıb bu testin cavabını necə tapacaq? Yaddaşa əsaslanaraq qurulan test tapşırıqları nə vaxtdan yanlış və ya səhv hesab edilir?”
N.Qulamoğlunun yanlış hesab etdiyi suallardan biri də 24-cü səhifədəki 4 saylı test tapşırığıdır: “Tabeli mürəkkəb cümlələri əlaqələndirən bağlayıcı sözü müəyyən etmək tələb edilir, lakin dərslikdə belə anlayış yoxdur”.
TQDK-dan isə bildirirlər ki, N.Qulamoğlu tapşırığın şərtini təhrif olunmuş şəkildə təqdim edib: “Tapşırığın şərtində bağlayıcı sözü yox, baş cümləyə bağlayıcı sözlə bağlanan budaq cümləni tapmaq tələb olunur. Əgər müəllif ”bağlayıcı söz” anlayışını nəzərdə tutursa və bunun dərslikdə olmadığını iddia edirsə, onda dərsliyə (Kazımov Q., Mikayılova A. Azərbaycan dili. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik, Bakı – 2010, səh. 48-49) yenidən baxsın”.
Yanlış test tapşırıqlarına daha bir nümunə kimi, N.Qulamoğlu 28-ci səhifədəki 3-cü tapşırığı göstərmişdi: “Çaşdırmaq məqsədilə cavab yanlış inşa edilmiş cümlə vasitəsilə verilmişdir.
Tapşırıq belədir:
Məqsəd budaq cümləli tabeli mürəkkəb cümləni göstərin.
A) O səbəbə qalın geyinmişdi ki, donmasın.
B) Ona görə gedə bilmirdim ki, vaxt tapmırdım.
C) Hümmət astadan nə dedisə, Murad bərkdən güldü.
D) Torpaq elə islanmışdı ki, ayaq basan topuğunacan gedirdi.
E) Çətin işin öhdəsindən o adamlar gələ bilər ki, iradəsi olsun.
TQDK-dan bildirirlər ki, düzgün cavab A bəndində verilib. Ona görə də aydın deyil ki, N.Qulamoğlu “çaşdırmaq” deyəndə nəyi nəzərdə tutur.
TQDK-nın ekspertləri N.Qulamoğlunun 43-cü səhifədəki 16-cı test tapşırığıyla bağlı iradıyla da razılaşmır.
Tapşırığın şərti belədir: “Yazın o vaxtları idi ki, Abşeron bağlarında gilənar çiçəklərini tökür, nar ağacları təzəcə çiçək açırdı” cümləsinin sintaktik təhlililə bağlı səhv cavabı seçin. N.Qulamoğlunun fikrincə, bu cümlə qarışıq tiplidir və dərslikdə öyrənilmir. TQDK-dan isə bildirirlər ki, yuxarıda adı çəkilən dərsliyin 91, 92, 93-cü səhifələrindəki 173, 174, 175 saylı çalışmalarında bu mövzu öz əksini tapıb.
Qeyd etdiyimiz kimi, N.Qulamoğlunun irad bildirdiyi test tapşırıqlarından bəziləri builki buraxılış imtahanlarında istifadə edilən suallarla bağlıdır. Müəllif D variantındakı 14 saylı tapşırıqda yanlışlıq görür. Tapşırıq belədir:
“Düzü, gözləməzdim heç sizdən bunu” (S.Vurğun) cümləsində modal sözün məna növünü göstərin.
A) bənzətmə B) nəticə C) təsdiq D) güman-şübhə E) fikrin mənbəyi
N.QUlamoğlu yazır ki, dərslikdə bu söz (“düzü”) əminlik bildirən modal sözlər qrupuna aiddir.
TQDK-nın ekspertləri isə bildirir ki, builki məzunlar VII sinifdə oxuyarkən B.Əhmədov, A.Axundov və B.Xəlilovun müəllifi olduğu “Azərbaycan dili” dərsliyindən istifadə ediblər. Həmin dərslikdə isə yazılıb: “Modal sözün mənaca növləri, əsasən, aşağıdakılardan ibarətdir:
1. Təsdiq bildirən modal sözlər: əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, düzü, düzdür”. (Əhmədov B., Axundov A., Xəlilov B. Azərbaycan dili. 6-7-ci siniflər üzrə dərslik, Bakı-2003, səh.235.) Dərslikdən də aydın görünür ki, tapşırıqda göstərilən “düzü” sözü təsdiq bildirən modal sözdür.
N.Qulamoğlu məqaləsində onu da qeyd edib ki, testlərin cavabları dərslik əsasında deyil, TQDK-nın vəsaiti əsasında hazırlanıb. Bu isə ciddi qanun pozuntusudur: “Görünür, TQDK bu yolla öz vəsaitlərini abituriyentlərə sırımaq istəyir”.
TQDK-dan isə bildiriblər ki, müəllif buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının hansı prinsiplər əsasında hazırlandığından məlumatlı olmadığından məsələyə bu cür yanlış yanaşıb.
N.Qulamoğlunun irad bildirdiyi digər bir tapşırıq belədir:
Xəbərlə yanaşma əlaqəsində olur:
1. Tamamlıq
2. Yer zərfliyi
3. Tərzi hərəkət zərfliyi
4. Təyin
5. Mübtəda
A) 3,5 B) 3,4 C) 4,5 D) 1,3,4 E) 1,2,3
N.Qulamoğlu yazır ki, təyinlə xəbərin yanaşma əlaqəsilə bağlandığı barədə “Yanaşma” bəhsində heç bir məlumat yoxdur.
TQDK-nın ekspertləri isə bildirir ki, tapşırıq ümumiləşdirmə tələb edir. Yanaşma əlaqəsi ilə bağlı bəhsdə metodiki olaraq pedaqoji ardıcıllıq prinsipinə görə bu əlaqənin əsas əlamətləri təqdim olunur. Yəni, şagirdə aşılanır ki, yanaşma əlaqəsi nədir, onun hansı səciyyəvi cəhətləri vardır.
“Təyin” bəhsində isə yazılır: “Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir” (Kazımov Q., Şahbazlı F., Mikayılova A. Azərbaycan dili, 8-ci sinif üçün dərslik, Bakı, ?Aspoliqraf?, 2010, səh. 69.). Dərslikdə yenə aydın şəkildə yazılır: “Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir; məsələn: Cığırın solundakı qumsal cənub yamacları çılpaq idi. (M.I.) Mənim rəfiqəm gənc və gözəl bir qız idi…”
Bu misallardan birincisində təyin mübtədaya, ikincisində xəbərə… aiddir. (Kazımov Q., Şahbazlı F., Mikayılova A. Azərbaycan dili, 8-ci sinif üçün dərslik, Bakı, “Aspoliqraf”, 2010, səh. 70.).
Başqa bir tapşırıq:
Ədat haqqındakı fikirlərdən biri səhvdir:
A) Bəzi ədatlar sözün son saitinin ahənginə uyğun olaraq, 2 və 4 cür yazılır.
B) Ədatlar söz və cümlənin mənasını qüvvətləndirməyə xidmət edir.
C) Cümlənin ortasında gələn ədatın hər iki tərəfindən vergül qoyulur.
D) “Bəs” sual ədatıdır.
E) “Ki” ədatı həm qüvvətləndirmə, həm də sual bildirir.
Cümlənin ortasında gələn ədatların hər iki tərəfindən vergül qoyulması dərslikdə heç bir yerdə qeyd olunmayıb. Lakin müvafiq dərslikdə modal sözlərlə bağlı qeyd olunur: “Cümlənin ortasında olan modal sözün hər iki tərəfindən vergül qoyulur” (Əhmədov B., Axundov A. Xəlilov B. Azərbaycan dili. 7-ci siniflər üzrə dərslik, səh.237.)
Cavab məktubunun sonunda TQDK-nın ekspertləri yazır ki, N.Qulamoğlunun qüsurlu hesab etdiyi digər suallar da elmi-pedaqoji cəhətdən tam düzgündür və dərslik əsasında tərtib olunub: “Sonda bir daha onu qeyd edirik ki, TQDK abituriyentlər üçün nəşr etdirdiyi test və dərs vəsaitlərini daim diqqətdə saxlayır, onları yeni nəşr olunan dərsliklərə və digər elmi-pedaqoji nəşrlərə uyğunlaşdırmaq üçün çalışır. Bu iş cəmiyyətə açıq bir şəkildə həyata keçirilir və hər bir ixtisas müəlliminin TQDK-nın nəzdində fəaliyyət göstərən ayrı-ayrı fənlər üzrə elmi-metodiki seminarların müzakirələrində iştirak edib öz fikrini bildirməsi sərbəstdir, o cümlədən Nabatəli Qulamoğlunun da…”