Suriya üçün Liviya ssenarisi gündəmə gəldi

b esed-alovBəşər Əsədin əsgərləri Hələb üzərinə hücuma keçdi; türk ordusunun Suriyaya girməsi xəbəri yayıldı

Suriya orudusu Bəşər Əsəd rejimi üçün mühüm əhəmiyyət daşıyan Hələb uğrunda savaşın 19-cü günündə şəhər üzərinə planlaşdırdığı hücumunu reallaşdırıb. Hökumət qüvvələri səhər saatlarında müxalifətin sıx olduğu bölgələrə hücuma keçib. “AFP” agentliyinə danışan suriyalı hərbi rəsmi ordunun Hələbin Səlahəddin bölgəsinin qərbinə doğru irəlilədiyini bildirib. Adı açıqlanmayan rəsmi ordunun tezliklə şəhər üzərinə nəzarti ələ alacağını söyləyib.
“Reuters” agentliyi də Suriya ordusunun müxaliflərin nəzarətində olan Səlahəddin məhəlləsinə girdiyini bildirib. Qırıcıların üzərindən uçduğu məhəllədəki müxaliflərin öz aralarında “tanklar girdi, ordu girdi” dedikləri və məhəllədə xaos yaşandığı yayılan xəbərlər arasındadır. Səlahəddin məhəlləsində olan və özünü Əbu Əli olaraq təqdim edən bir müxalif zabit də orduya aid tankların bölgəyə girdiyini təsdiqləyib. Suriya ordusu müxaliflərə qarşı əməliyyatlarda təyyarə, vertolyotlar və toplardan istifadə edir. Qırıcların atdığı bombaların yaşayış məntəqələrinə düşməsi nəticəsində xeyli sayda insanın öldüyü və yaralandığı deyilir.
Bununla yanaşı, “Azad Suriya Ordusu”nun keçirdiyi xüsusi əməliyyat zamanı Vladimir Petroviç Kojayev adlı bir rusiyalı generalın öldürüldüyü barədə xəbərlər yayılıb. “Əl-Ərəbiyyə” kanalının məlumatına görə, Kojayev Suriyada müdafiə nazirinin məsləhətçisi vəzifəsində çalışıb. Onun şəxsi tərcüməçisi Əhməd Aiqin də öldürüldüyü bildirilir. Rusiya isə Suriyada Kojayev soyadlı hərbçinin, ümumiyyətlə, olmadığını bildirərək xəbəri təkzib edib.
Bundan başqa, Türkiyə qoşunlarının Suriya ərazisinə girdiyi haqda da iddialar yayılıb. Iran KIV-lərin yaydığı xəbərə  görə, türk qoşunlarından ibarət konvoy avqustun 7-də bir neçə vertolyotun dəstəyi ilə Suriyanın Karablus şəhərinə daxil olub. Lakin Türkiyə KIV-ləri bu fakt barədə məlumat yaymayıb.
Bu arada prezidenti seçkilərində məğlub olduqdan sonra siyasəti buraxacağını açıqlayan və tətilə çıxan Fransanın keçmiş rəhbəri Nikola Sarkozi səssizliyini pozub. NATO-nun Liviyaya müdaxiləsinə liderik edən Sarkozi indi də Suriya üçün hərəkətə keçib. Suriya müxalifətinin yaratdığı və Bəşər Əsəd rejiminin alternativi kimi tanlnan Milli Şuranın sədri Əbdülbəsid Seyda ilə Nikola Sarkozi arasında telefon danışığı baş tutub. 40 dəqiqə çəkən telefon danışığından sonra yazılı açıqlama yayılıb.
Açıqlamada bildirilir ki, Sarkozi ilə Seyda Suriyadakı vəziyyətin ciddiliyini və beynəlxalq müdaxilənin qaçılmaz olduğuna dair fikirlərini dilə gətiriblər. Hər iki siyasətçi Suriya və Liviyadakı vəziyyət arasında xeyli oxşarlıqlar olduğunu vurğlayıblar. Onlar beynəlxalq koalisiyanın Suriyaya dərhal müdaxilə etməli olduğunu da qeyd ediblər.
Xatırladaq ki, Nikola Sarkozi Mərakeşdə istirahət edərkən Fransanın yeni seçilmiş prezidenti Fransua Olandı sərt tənqid etmişdi. O, Oland hokumətinin Suriya məsələsində çox ləng davrandığını bildirmişdi: “Suriyada heç bir şey görmürlər. Mən heç olmasa hərəkətə keçmişdim. Suriyada Liviyadakı qərarlılıqdan daha sərt mövqe lazımdır”. Sarkozinin tənqidlərinə Fransanin xarici işlər naziri Loren Fabius “Mənim xatirimdə Qəzzafinin Yelisey sarayının həyətində qurduğu çadır və eks-prezidentin Bəşər Əsədi 14 iyul Fransanın respublika gününə dəvət etməsi hadisələri qalıb”- deyə cavab vermişdi.