Vəfa Quluzadə: “Azərbaycan tərəfi beynəlxalq aləmi məlumatlandırmalı və bunun hüquq pozuntusu olmasını dilə gətirməlidir”
Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində Suriyada yaşayan erməniləri məskunlaşdırmaq niyyətindədir. Əslində bu, Ermənistanın Azərbaycan torpaqlarında reallaşdırdığı daha bir qanunsuz məskunlaşma kampaniyasıdır.
Xəbər verildiyi kimi, düşmən ölkədə Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda, xüsusən ətraf rayonlarda yerləşdirilməsinə dair müzakirələr başlayıb. Hətta ötən həftə Ermənistan hökuməti Suriya ermənilərinin məsələsi ilə bağlı müşavirə keçirib. Müşavirə tamamilə qapalı olub və orada gedən müzakirələrin detalları ilə bağlı heç bir açıqlama verilməyib. Ermənistanın ədliyyə naziri Qrayr Tovmasyan ancaq onu bildirib ki, məsələ ilə bağlı hökumətin işçi qrupu yaradılıb, işçi qrupu Suriyadan qaçan ermənilərin yerləşdirilməsi, vətəndaşlıqla təmin edilməsi və onlara iş imkanı yaradılması ilə bağlı məsələləri həll etməlidir. Onu da qeyd edək ki, Suriyada 60 minə qədər erməni yaşayır və onlardan 3 mini artıq Ermənistana qaçıb.
Bəs yaranmış situasiyada Azərbaycan hansı addımları atmalıdır və Ermənistanın bu məskunlaşma siyasətinin sonluğu necə ola bilər?
Politoloq Vəfa Quluzadə bildirdi ki, Ermənistan hakimiyyəti növbəti dəfə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və BMT-nin sənədlərinə məhəl qoymur. Ermənistanın bu tip niyyətlərinin arxasında məhz Rusiyanın dayandığını deyən V.Quluzadə bildirdi ki, Rusiya bir imperiya kimi çöksə də, son nəfəsində özünün reallıqdan uzaq addımlarından imtina etmək istəmir: “Rusiya özünə yaxın dövlətlərin vasitəsilə guya həmin regionlarda nəzarəti əldən vermədiyini düşünür. Amma Suriya ermənilərinin Azərbaycan torpaqlarına köçürülməsi bir qədər mümkünsüz ideyadır. Çünki bu prosesin daha bir mərhələsi Stalinin dövründə baş vermişdi. O zaman ermənilər aldadılaraq SSRI-yə cəlb olunmuşdu. Amma onların bir qrupu gəlsə də daha sonra başqalarını xəbərdar etdilər ki, SSRI yaşamaq üçün münasib ölkə deyil. Bu baxımdan hazırda Ermənistanın nəzarətində olan Qarabağ, ümumiyyətlə, cəlbedici ola bilməz. Çünki buranın həm iqlimi Suriya erməniləri üçün münasib deyil, həm də hazırda Qarabağ ciddi iqtisadi böhran yaşayır. Bu üzdən ermənilər özü Qarabağı tərk edirlər”.
Rusiyanın imperialist planının bütün Azərbaycan ərazilərini ermənilərlə məskunlaşdırmaq olduğunu deyən V.Quluzadə bildirdi ki, Suriya ermənilərinin Qarabağa köçürülməsi reallaşdırılacaq niyyət deyil. Sadəcə olaraq Rusiya bu yol ilə Azərbaycana qarşı növbəti psixoloji hücumunu həyata keçirir. “Son zamanlar Azərbaycanın yenidən Rusiya tərəfindən bərpa ediləcək SSRI-nin tərkibinə daxil ediləcəyi barədə informasiyaların da mətbuatda dövriyəyə buraxılması təsadüfi deyil”,- deyə V.Quluzadə vurğuladı.
Amma bununla belə V.Quluzadə hesab edir ki, Suriya ermənilərinin Qarabağa köçürülməsi ilə bağlı ermənilərin niyyəti barədə Azərbaycan tərəfi beynəlxalq aləmi məlumatlandırmalı və bunun bir hüquq pozuntusu olmasını dilə gətirməlidir.
Xəyal