Vəfa Quluzadə: “Qərbin istəyinə uyğun olaraq Rusiya Iranla istənilən müqavilənin şərtlərini poza bilər”
Rusiyanın Irana öncədən razılaşdırılmış “S-300″ zenit-raket komplekslərinin satışından imtina etməsindən sonra yaranmış gərginlik davam edir.
Rusiyanı götürdüyü öhdəlikləri yerinə yetirməməkdı günahlandıraraq beynəlxalq məhkəməylə hədələyən Iran Moskvanın sərt xəbərdarlığı ilə qarşılaşıb. Rusiya mediasının yazdığına görə, Iran ”S-300″ komplekslərinin satışı ilə bağlı münsiflər məhkəməsində Moskvaya qarşı qaldırdığı iddianı geri götürməsə, Rusiya hakimiyyəti Tehran rejiminin nüvə proqramı ilə bağlı tutduğu mövqeni sərtləşdirə bilər.
Ekspertlərin fikrincə, əslində bununla Rusiya Irana xatırlatmağa çalışır ki, Tehran hazırkı sərt xarici siyasət kursuna və nüvə proqramının davamına görə məhz Rusiyaya borcludur. Iran nəinki nüvə proqramının inkişafında Rusiya mütəxəsislərinin yardımından istifadə edir, eyni zamanda zəruri avadanlıqlarla da Tehranı məhz Moskva təchiz edir.
Politoloq Vəfa Quluzadənin qənaətincə, əslində Rusiyadan gələn bu xəbərdarlıq bir daha sübut edir ki, Rusiya Iranı istənilən an müttəfiqlikdən silə bilər. Bu isə o deməkdir ki, Rusiya Iranın mövqelərini əvvəlkitək sərtliyi ilə müdafiə etməyəcək. V.Quluzadə hesab edir ki, əgər Rusiyanın Iranla bağlı mövqeyi tam qəti idisə, o zaman Kreml Rusiya qarşısında götürdüyü öhdəliklərə əməl edərdi: “Bu məsələdə haqqını tələb etməkdə Iran haqlıdır. Amma Rusiya görünür, Iranla bağlı münasibətlərində kardinal dəyişiklik etmək istəməsə də, onları əvvəlkitək davam etdirmək niyyətində də deyil. Rusiya hazırda Qərblə əməkdaşlığa üstünlük verir ki, Qərbin də istəyinə uyğun olaraq Rusiya Iranla istənilən müqavilənin şərtlərini poza bilər. Ümumiyyətlə, düşünürəm ki, Rusiya-Iran müttəfiqliyinin ömrü uzun deyil və Kreml əvvəl-axır Irandan imtina edəcək”.
Irana qarşı sərt addımların qarşısını görünür, hələ ki, ABŞ-dakı seçkilərin kəsdiyini deyən V.Quluzadə bildirdi ki, amma bununla belə Israil ABŞ-ı gözləmədən Irana zərbə endirə bilər. Ona görə belə bir dönəmdə Iranın Rusiyanı itirməsi Tehrana ciddi zərbə ola bilər.
Xəyal