“Gilan” daha bir müəssisəni “uddu”

Holdinq Kəmaləddin Heydərovdan alınıb, yoxsa Ziya Məmmədov Qubaya nəzarət edə bilmir?

“Gilan Holding” şirkətlər qrupu “Quba Konserv-1″ ASC-nin   nəzarət paketini əldə edib. Bu hadisə əvvəl holdinqə məxsus, Qəbələdə yerləşən meyvə şirəsi nəhənginin təzyiqi ilə zavod öz fəaliyyətini dayandırmışdı.
“Quba Konserv-1″ ASC-nin 72 faiz səhmlərinin alqı-satqısı faktını onların keçmiş sahibi Elman Mirzəxanov təsdiq edib. Qəbələdəki mənbə ”Turan”a bildirib ki, “Gilan Holding” iki Quba konserv zavodundan birində, yəqin ki, meyvə konsentratı istehsalını planlaşdırır. 2010-cu ilin aprelində holdinq “Kometa-V” şirkətindən “Quba Konserv-2″ ASC-nin səhmlərinin 94 faizi alıb. Hər iki müəssisə təmir edilib və yaxşı vəziyyətdədir. Statistik məlumata görə, Qubada ildə 170 min ton alma istehsal edilir.
Qubada ikinci zavoda sahib olan holdinq ölkənin konserv bazarına nəzarətm iddiasını ortaya qoyub. Hazırda holdinqin Qəbələ, Quba, Lənkəran və s. rayonlarda bir neçə konserv zavodu var. Tərəvəz və meyvə konservləri bazarında “Azersun Holding”, “Az-Granata”, “Balacans” aparıcı mövqeyə malikdir.
Məlumat üçün deyək ki, “Gilan Holding”in fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Bu halda Kəmaləddin Heydərovun nəqliyyat naziri Ziya Məmmədovun kurasiyasında olan Qubanın ən iri zavodunu ələ keçirməsi bir qədər qəribə görünür. Çünki Azərbaycan reallığında hər hansı məmurun başqa bir məmurun nəzarətində olan rayon və ya şəhərdə biznes qurmaq imkanı faktiki olaraq mümkün deyil. Bəs nə baş verib? Iki versiya irəli sürmək mümkündür. Birinci versiya ondan ibarətdir ki, ola bilər Quba üsyanından sonra Ziya Məmmədov bu rayonun rəhbərliyinə yenidən yaxın adamını gətirməsinə baxmayaraq artıq oranı şəxsi təsərrüfatı kimi idarə edə bilmir. Yeri gəlmişkən, Quba üsyanında Kəmaləddin Heydərovun da adı hallandırılırdı. Əgər bu iddia doğrudursa, deməli, “fövqəlnazir” Ziya Məmmədovun Qubadakı padşahlığını sarsıda bilib. Ikinci versiyaya gəlincə, bu, “Gilan Holding”in Kəmaləddin Heydərovun əlindən alınması ilə bağlıdır. Bəzi məlumatlara görə, holdinq artıq hakim ailənin nəzarətinə keçib. Ola bilər ki, Ziya Məmmədov da məhz bu baxımdan “Gilan”ın Qubada iri zavodu almasına mane olmayıb.

Informasiya şöbəsi