Qarabağ İran qazıyla qazlaşdırılır

Faiq İsmayılov: “Minsk Qrupunun üzvləri isə Ermənistana xeyli sayda vəsait ayırır”

“Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qanun layihəsi hazırlamışıq”. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Işğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin rəhbəri Faiq Ismayılov dünən keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, aparılan araşdırmalar onu göstərir ki, Minsk Qrupu üzvləri təmsil etdiyi ölkələr adından Ermənistana xeyli yardım edir və qondarma “respublika”da “quruculuq” işlərinin aparılmasında yaxından iştirak edirlər:”Ermənistan Qarabağı respublika kimi tanıtmaq üçün orada quruculuq işləri aparır, məktəblər tikir. Irandan verilən qaz hesabına bütün Qarabağda qazlaşdırma işləri aparılır. Minsk Qrupunun üzvləri isə Ermənistana xeyli sayda vəsait ayırır. Bütün bunlar qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına xidmət edir. Belə olan təqdirdə, biz Minsk Qrupunun apardığı danışıqlara etiraz edir və bunun dayandırılmasını tələb edirik”.
O qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun qəbulu vacibdir:”Biz Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qanun layihəsi hazırlamışıq və bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim etmişik. Təxminən sentyabrda həmin qanun layihəsi şura tərəfindən müzakirəyə çıxarılacaq”.