Rusiyada hakimiyyətdaxili gərginlik:baş nazir aşağılayıcı kampaniyanın hədəfinə çevrilib
Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək məqsədiylə 2008-ci il avqustun 7-də Cənubi Osetiyaya qoşun yeritməsindən sonra Rusiyanın separatçı rejimə hərbi dəstəyiylə başlanan 5 günlük müharibədən bəhs edən “İtirilmiş gün” adlı filmi Rusiyada geniş rezonans doğurub. Sosial şəbəkələrdə geniş yayılan filmdə müharibədə iştirak etmiş yüksək rütbəli hərbçilər o zamankı Rusiya prezidenti Dmitri Medvedevin ünvanına sərt ittihamlar səsləndirib. Müharibə iştirakçıları Medvedevi gecikmiş qərarlar verməkdə və fövqəladə vəziyyətlərə hazır olmamaqda günahlandırıb.
Rusiya ictimaiyyətində filmin yayılmasına münasibət birmənalı olmayıb. Bəzi dairələr filmdə səslənən fikirlərin əsaslı, bəzilərinin isə əsassız olduğunu iddia edir. Lakin diqqətçəkən məqam isə ondan ibarətdir ki, filmdə əsasən Dmitri Medvedev hədəf alınıb. Halbuki beşgünlük müharibə zamanı daha çox Vladimir Putin fəallığı ilə seçilirdi. O, müharibə gedən əraziyə səfər etmiş və Gürcüstanın ünvanına sərt xəbərdarlıqlr səsləndirmişdi.
“İtirilən gün” filmində daha çox Medvedevin hədəf seçilməsi müxtəlif iddialara yol açıb. Rusiyalı ekspertlər və nüfuzlu qəzetlər iddia edir ki, Medvedevin hədəf alınması əslində düşünülmüş və baş nazirin sıradan çıxarılması prosesinin tərkib hissəsidir. Qeyd olunur ki, filmin nümayişi və geniş yayılması Putinlə Medvedev arasında ciddi fikir ayrılıqlarının olmasından xəbər verir. Bəzi ekspertlər konkret olaraq Putin-Medvedev tandeminin “bitişməz çat” verdiyini iddia edir. Kremlə yaxınlığı ilə tanınan mənbələr isə qəzetlərə bildirib ki, filmin yayılması Putinin keçmiş varislərindən biri, hazırda Rusiya prezidentinin administrasiya rəhbəri Sergey İvanovla baş nazir Medvedevin komandası arasında gedən gizli savaşla da bağlı ola bilər.