Naxçıvanda “Azadlıq”ı oxumaq qadağandır

Müəllimləri dərs keçmək əvəzinə ot yolmağa göndərən Naxçıvan idarəediciləri daha hansı qanunsuzluqlara qol qoyur?

“Naxçıvanın sosial problemləri başdan aşır. Burada insanları ən elementar dolanışıq hüquqlarından məhrum edirlər. Hər bir sahədə rüşvət tüğyan edir. Təsəvvür edin ki, yaşayış yerindən adi arayış almaq üçün 30-35 manat rüşvət verməlisən.
Bunun adını isə yerli məmurlar absurd olaraq, ”sığorta vergisi” qoyublar. Hansı sığortadır, nə vergidir – heç nə izah olunmur” – bütün bunları “Azadlıq”a AXCP Naxçıvan şöbəsinin rəhbəri Yaşar Bağırsoy bildirib.

Kənd təsərrüfatında korrupsiya izi

Yaşar Bağırsoy deyir ki, dözülməz şərait ucbatından əhali Naxçıvanı tərk etməkdədir. Yerdə qalan əhalinin çoxunun məşğuliyyəti isə kənd təsərrüfatıdır: “Naxçıvanlılar kənd təsərrüfatına qayğını hiss etmirlər. Dövlət hər hektara görə 80 manat ayırır. Amma bu pulun tən yarısı mənimsənilir. Əkin yerlərində suvarma sistemi iflic vəziyyətdədir. Suvarma olmadığından əkinlər məhv olub gedir”.

Dərs keçmirlər, ot yolurlar

Təhsil sisteminin də Muxtar Respublikada acınacaqlı hala salınmasından danışan müsahibimiz bildirir ki, müəllimlər məqsədli şəkildə pedaqoji prosesdən yan salınır: “Orta məktəb və ali təhsil müəssisələrində müəllimlər hər gün iməcilik işlərinə cəlb edilir. Hər gün öz işindən aralı salınan bu adamlar necə keyfiyyətli iş görə bilərlər? Iməcilik işi olar həftədə bir gün, ayda bir gün… Daha hər gün insanlara bu şəkildə işgəncə vermək olmaz axı… Bu səbəbdəndir ki, qəbul imtahanlarında nəticələr ilbəil pisləşir”.

Şikayət edənə divan tutulur

Yaşar Bağırsoy onu bildirir ki, Muxtar Respublikada hüquq və azadlıqlarını müdafiə edən vətəndaşlar şiddətli basqılara məruz qalır: “Dövri mətbuatda bəzən belə fikirlər səslənir ki, Naxçıvanda avtoritarizm olsa da, guya orada vətəndaşların şikayətlərinə operativ baxırlar. Bu, başdan-ayağa yalandır. Çoxsaylı faktlar var ki, insanlar problemini ictimailəşdirən kimi –  Bakıya şikayət edən kimi təzyiqlə üzləşirlər, hədələnir, döyülürlər. Keçənlərdə, hətta şikayət etdiyinə görə dəlixanaya salınanlar da olub”.

Söz azadlığı düşmənçiliyi

AXCP yetkilisi onu da qeyd edib ki, söz və fikir azadlığına qarşı mürtəce münasibət hələ də Naxçıvanda hökm sürür. Onun məlumatına görə, son 10 gündə bəlli olmayan səbəbdən Muxtar Respublikaya müxalifət qəzetləri gəlmir. Heç ondan əvvəl də “Azadlıq” kimi tənqidçi mətbuat orqanını oxumaq elə də asan deyilmiş: “Bu artıq sirr deyil: kimin əlində polis ”Azadlıq”ı görsə, dərhal tədbirə əl atır. Tədbir də odur ki, adama yaxınlaşıb, ictimaiyyət arasında bu qəzetin oxunmasının qadağan olduğu bildirilir. Azsaylı olsa da, Naxçıvanda həqiqətləri yazan jurnalistlər var. Amma onlara qarşı hədsiz dözümsüz münasibət var. Jurnalistlər həqiqəti yazdığına görə şantaj və təzyiqə məruz qalırlar”.
Vətəndaşların internetə çıxışına da Muxtar Respublikada süni maneələr törədilir. Son aylarda telefon çəkilişinə buna görə məhdudiyyət qoyulub. Provayderlər isə müqavilədə göstəriləndən bir neçə dəfə aşağı internet xidməti göstərirlər.

Aksiya vədi

Yaşar Bağırsoyun sözlərinə görə, Muxtar Respublikada siyasi fəalların da fəaliyyəti ağır şərtlər altındadır: “Bizim üzvlərimizin hər birilə ”profilaktik” söhbətlər aparılır. Onları ev-ev tapırlar. Özlərinə, yaxınlarına təzyiq göstərirlər ki, siyasi əqidələrindən imtina etsinlər. Amma bütün bunlar əbəsdir. Siyasi hakimiyyət başa düşməlidir ki, bu təzyiqlər əksinə, bizi daha da mübariz edir. Artıq AXCP və Müsavatın yerli şöbələri arasında əməkdaşlığın dəqiq konturları müəyyən edilib. Biz planlaşdırırıq ki, yaxın aylarda Muxtar Respublikanın sosial problemlərinə həsr olunan aksiya keçirək. Naxçıvanlılar da artıq qəbul edirlər ki, Naxçıvanı tərk etməklə bu problemlərdən qurtarmaq mümkün olmayacaq. Problemlərə son vermək üçün Naxçıvanda qalmaq və ictimai-siyasi proseslərdə fəal mövqe tutmaq lazımdır”.

Natiq