Hərbiçi ekspertlər Xanlar Vəliyevlə razılaşmır
Orduda baş verən ölüm hallarının hər biri ilə bağlı cinayət işi açılır. “Trend”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında respublikanın hərbi prokuroru Xanlar Vəliyev deyib. Hərbi prokuror bildirib ki, bütün ölüm halları ilə bağlı ictimaiyyətə məlumat verilmir və buna lüzum da yoxdur. “Amma hərbçi, hətta durduğu yerdə vəfat etsə də, həmin faktla bağı cinayət işi başlanır”,- X.Vəliyev deyib.
Ordudakı ölüm faktlarının müxtəlif səbəblərdən baş verdiyini deyən hərbi prokuror hərbi kontingentdə törədilən cinayətlərin sayının artması barədə mətbuatda gedən yazıların əsassız olduğunu, həqiqəti əks etdirmədiyini düşünür: “Ildən-ilə bu faktlar azalır. 2012-ci ilin 6 ayında hərbi kontingentdə törədilən cinayət hadisələri ötən illə müqayisədə 10 faizdən çox azalıb”.
Bəs X.Vəliyevin iddiaları nə dərəcədə əsaslıdır?
“2004-cü ildə ordumuz 34 nəfər itirmişdisə, 2011-ci ildə bu göstərici 99 nəfər olub”
“Doktirina” Jurnalistlərin Araşdırma Mərkəzinin rəhbəri Cəsur Sümərinli bildirdi ki, əksinə, X.Vəliyevin açıqladığı informasiya həqiqəti əks etdirmir və daha çox dezinformasiya xarakteri güdür. C.Sümərinli vurğuladı ki, bu ilin göstəriciləri ilə keçən ilin avqust ayına qədər olan məlumatı müqayisə etsək görərik ki, builki itkilərin sayı daha çoxdur. C.Sümərinlinin sözlərinə görə, tendensiya göstərir ki, bu gedişlə itkilərin sayı ötənilki ilə müqayisədə 30 faizdən artıq ola bilər. Bunun çox təhlükəli proses olduğunu deyən ekspert vurğuladı ki, araşdırmalar göstərir ki, 2004-cü ildən orduda baş verən cinayətlərin, itkilərin sayı artıb: “Təkcə 2008-ci ildə Azərbaycan ordusunda itkilər 70 nəfərə çatmışdı. 2009-da bu üzücü göstərici 64-ə düşdü. Amma 2010 – 71, 2011 – 99 nəfər olub. Əvvəlki monitorinqimizdə qeydə aldığımız rəqəmlər 2004-cü ildə 34 nəfəri göstərirdi. Amma 2011-ci ildə 99 nəfər həlak olub. Bu isə göstəricinin 3 dəfə artması deməkdir”.
Ekspertin fikrincə, X.Vəliyevin bu açıqlaması daha çox Müdafiə Nazirliyinin rəhbərliyini sığortalamaq məqsədi güdüb. Çünki son on gün ərzində ən azı bir əsgər itkisi ilə üzləşirik. Bu itkilərin əksəriyyəti isə qeyri-döyüş itkiləridir.
“Xanlar Vəliyevin vaxtaşırı ordudakı vəziyyətlə bağlı elan etdiyi faizlərlə məntiqlə bütün problemlər çözülməli idi”
Hərbiçi ekspert Üzeyir Cəfərov isə bildirdi ki, X.Vəliyevin vaxtaşırı ordudakı vəziyyətlə bağlı elan etdiyi faizlərlə məntiqlə bütün problemlər çözülməli idi. Amma orduda real vəziyyətin ağır olduğunu deyən Ü.Cəfərov vurğuladı ki, orduda bu istiqamətdə hələ də problemlərin qalması hərbi prokurorluğun öz vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilməməsidir. Ordu ilə bağlı bir çox qaranlıq məlumatların hələ də izahatının verilmədiyini söyləyən Ü.Cəfərov bildirdi ki, vaxtilə Lənkəran Əliyevin barəsində cinayət işinin olduğu bildirilsə də, sonradan bu informasiya tam açıqlanmadı.
Hikmət