“İstəyirlər ki, hamı bir qarın çörəyə möhtac olsun, ölkənin necə talan edildiyini heç kim düşünməsin”
Tanınmış vəkil Aslan İsmayılov “Azadlıq”a müsahibəsində müdafiə etdiyi sahibkarlar Nurəddin və Loğman Zülfüqarlı qardaşlarının işini beynəlxalq müstəviyə çıxaracağını bildirmişdi. O, artıq bu istiqamətdə fəaliyyətə başlayıb. Bu günlərdə Çexiyada səfərdə olan vəkil Azadlıq Radiosunun Praqa ofisinin qonağı olub. Aslan İsmayılov radionun Avropa və Asiya bölümünə Zülfüqarlı qardaşlarının işilə bağlı müsahibə verib.
Həmçinin Azərbaycandakı problemlər barədə danışıb. Lakin vəkil bu müsahibə ilə kifayətlənmək niyyətində deyil. Aslan İsmayılov “Azadlıq”a bildirib ki, o beynəlxalq mediada çıxışlarını davam etdirəcək. Vəkil qəzetimizə müsahibəsində gündəmin aktual mövzuları barədə də fikirlərini açıqlayıb.
– Aslan müəllim, Zülfüqarlı qardaşlarının işi ilə bağlı daha hansı beynəlxalq media quruluşlarında çıxışlarınız gözlənilir?
– Əvvəlcə qeyd edim ki, sizin qəzetinizə müsahibə verəndə demişdim ki, Zülfüqarlı qardaşlarının işilə bağlı Azərbaycanda mövcud olan bütün imkanlardan istifadə etmişəm. Hüquq-mühafizə oraqnlarına müraciət ünvanlamışam, məhkəmələrə şikayət yazmışam, mətbuatda bu işlə bağlı baş verən qanunsuzluqlar barədə danışmışam. Lakin nəticəsi olmayıb. Təsəvvür edin, mən ölkə başçısı Ilham Əliyevin fərmanı ilə yaradılan, Ramiz Mehdiyevin rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına müraciət etmişəm. Qanuna görə rəsmi strukturlar bir ay ərzində vətəndaşın müraciətinə cavab verməlidirlər. Lakin adıçəkilən qurumdan cavab ala bilməmişəm. Qanuna uyğun olaraq məhkəməyə müraciət etmişəm. Amma bütün məhkəmə instansiyaları mənə cavab verib ki, Ilham Əliyevin fərmanı ilə yaradılan və Ramiz Mehdiyevin rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Komissiyası rəsmi qurum deyil. Yəni, hansısa qeyri-hökumət təşkilatıdır.
Bütün bunlardan sonra qərara gəldim ki, bu məsələ Azərbaycanda həllini tapmayacaq. Artıq işi Avropa Məhkəməsinə hazırlayıram. Eyni zamanda beynəlxalq mediada bu barədə çıxışlar etməyə başlamışam. AzadlıqRadiosunun Praqa ofisində müsahibə vermişəm. Bundan başqa ABŞ-a aid olan analitik qrupa baş verənlər danışmışam. Onlar da mənim çıxışımı xarici mediada yayacaqlar. Həmçinin Berlində “Taç” qəzetinə müsahibə vermişəm. Bu çıxışlar bir sıra nüfuzlu nəşrlərdə davam edəcək. Lakin hələ ki, bu barədə detallı danışmaq istəmirəm. Mən Azərbaycanda baş verən bu özbaşınalığı bütün dünyaya çatdıracam.
– Bu günlərdə Zülfüqarlı qardaşlarının əmlakının alınmasında adı hallandırılan Rasim Məmmədov daha bir zavodu zəbt edib…
– Burada bir maraqlı məqam var. Hələ 2006-ci ildə Zülfüqarlı qardaşlarının zavodlarının 80 faizi onların əlindən alınanda bəyan eləmişdim ki, təhlükəli proses başlayıb. Cəmiyyət buna təpki göstərməsə insanların mülklərinin əllərindən alınması davam edəcək. Bu Azərbaycanı fəlakətə aparan yoldur. Lakin o zaman heç kim mənə dəstək vermədi. Görürsünüz, artıq açıq-aşkar vətəndaşların mülkünə basqın edib əllərindən alırlar. Sahibkarlığı məhv edirlər.
– Bu nəyin təzahürüdür?
– Bunun bir adı var: Dərəbəylik və insanların kütləvi şəkildə müflis edilməsi. Istəyirlər ki, hamı bir qarın çörəyə möhtac olsun və ölkənin necə talan olunması barədə heç kim düşünməsin. Bu halda kim ölkəni necə istəyir, o cür də talan edəcək. Kim ki, deyir, bu monopoliyadır, boş söhbətdir. Hakimiyyət çoxdan bütün sahələri monopoliyaya alıb. Hansı sahibkar bu ölkəyə banan, yumurta gətirə bilər?! Tikintilə ilə məşğul ola bilər?! Bu artıq hamıya bəllidir.
Kiminsə balaca bir sexi bütün sahələri monopoliyaya almış hakim ailəni niyə narahat etməlidir ki?! Yenə də deyirəm, bu yalnız və yalnız insanları müflisləşdirmək planıdır. Baxın sahibkarın zavodunu zəbt edirlər, sonra da zavodda olan dəzgahları müsadirə edib “Baku Steel Company”də əridirlər. Bu həm də hakimiyyətin vətəndaşları heyvan yerinə qoymasıdır. Hakimiyyət vətəndaşları insan hesab etsəydi, onların mülkünü başına uçurmazdı, onları əmlakını zorla əlindən alıb, əşyalarını məhv etməzdi.
– Deməli, insanların müflisləşdirilməsi dövlət siyasətinə çevrilib?
– Bəli, bu artıq dövlət siyasətidir. Bu hakimiyyət Azərbaycanda dərəbəylik yaradıb. Azərbaycanı istədikləri kimi talan edirlər.
Bunlar hər yerə öz dədələrinin mülki kimi baxırlar. Yadıma düşmüşkən bir məqamı qeyd edim. Mən Çexiyaya gedəndə Karlo-Varoya baş çəkdim. Istədim bir az qalıb müalicə olunum. Orda mənə elə baxırdılar ki, sanki bunların ata yurduna gəlmişəm.
– Söhbət kimlərdən gedir?
– Azərbaycan məmurlarından. Bəziləri orada idi. Amma ad soruşmayın, çünki deməyəcəm. Qoy istirahətlərini etsinlər. Həmin məmurlar mənim Karlo-Varoda olmağımı elə təəccüblə qarşıladılar, sanki buraya ancaq bunlar gələ bilər. Yəni, bu adamlar belə düşünürlər. Bu adamlar düşünürlər ki, Aslan Ismayılov uzaqbaşı Saatlı-Sabibarada istirahət etməyə gedə bilər. Bunlar heç düşünmürlər ki, Aslan Ismayılov məhkəmə sədri işləyəndə bunlar yamaqlı şalvarda gəzirdilər. Sadəcə bunlardan fərqli olaraq mənim vicdanım var. Bunlar Azərbaycanı da şəxsi mülkləri hesab edirlər. Ona görə də bu cür özbaşınalıqla məşğuldurlar.
– Aslan müəllim, olimpiyadaya baxırsız?
– Bəli.
– İdmançılarımızın uğursuz çıxışları barədə müxtəlif fikirlər səsləndirirlər. Sizin fikirlərinizi bilmək maraqlı olardı.
– Bunun kökündə rüşvətxorluq və saxtkarlıq dayanır. Bizi dünyada biabır elədilər. Birinci saxtkarlıq ondan başladı ki, gedib xaricdən idmançı aldılar. Təsəvvür edin, London Olimpiyadasında Azərbaycanı təmsil edən idmançıların yarıdan çoxu əcnəbidir. Açığı onlar qızıl medal alsaydılar belə, mən sevinməzdim. Çünki onların Azərbaycana dəxli yoxdur. Ümumiyyətlə olimpiya oyunları ölkələrdə idmanın inkişafının yekun nəticəsidir. Əcnəbilərin isə Azərbaycanda idmanın inkişafına dəxli yoxdur. Əksinə, onlar idman məktəblərimizi məhv elədilər. Bundan əvvəl də bir biabırçılıq baş vermişdi. Ot üstü xokkey komandamız ucdantutma koreyalılardan təşkil olunmuşdu. Lakin onlar yarışlara buraxılmadılar. Çünki bu adamlara bir gündə Azərbaycan vətəndaşlığı verildiyi, ad və soyadlarını dəyişdirildiyi bəlli oldu. Beləcə bu saxtakarlıqla ölkəni, milləti biabır etdilər. Bu gün (dünən -V) Rusiyanın idman xəbərlərində aparıcı istehza ilə “Efiopiya mənşəli Azərbaycan idmançısı finala çıxdı” deyərək Azərbaycanı ələ saldı və bunda haqlı idi. Çünki qara dərili həbəşin Azərbaycan idmanına dəxli yoxdur. Bu sadəcə Azərbaycanda hər yerdə baş verən saxtakarlığın bir növüdür.
– Hökumət xeyli sayda olimpiya kompleksləri tikib, bu idmana qayğı deyilmi?
– İşləyirmi o olimpiya kompleksləri?! O komplekslər pul silmək üçün tikilib. Ilham Əliyevin açılışını edəndən sonra qapısına qıfıl vurub, eksponat kimi saxlayıblar.
Mən boksla bağlı bibarçılığa da diqqət çəkmək istəyirəm. Idman tarixində belə biabırçılıq olmayıb. Boskda qayda var ki, boksçu 3 dəfə naqdaunta düşəndə döyüş dayandırılır. Bizimki 6 dəfə yıxıldı. Indi görün, o hakimə nə qədər rüşvət veriblər ki, qələbəni bizim boksçumuza verdi. Mən o Ağacan Əbiyevin yerinə utanıram. Ağsaqqal adamdır, utanmadı görəsən bu baş verənlərdən?! Bu adam həm də Idman Akademiyasının rektoru və deputatdır. Nə öyrədəcək o tələbələrə, millətə, necə çıxacaq onların qarşısına?
Bəh-bəhlə deyirik ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın və Gürcüstanın dövlət büdcəsindən çoxdur. Nə olsun? Olimpiyadada gürcülər bizdən 10 pillə irəlidə, ermənilər isə bizimlə eyni yerdədirlər.
– Əksər idman federasiyalarının rəhbərləri məmurlardır. Sizcə, bu doğrudurmu?
– Əlbəttə doğru deyil. Nazir öz işilə məşğul olmalıdır. Mən hesab edirəm ki, bu korrupsiya ilə bağlıdır. Bir misal çəkim. Azərbaycanın güclü şahmat məktəbi var idi. Şahmat Federasiyasının prezidenti Çapay Sultanov olub. Məhz güclü şahmat məktəbinin hesabına Azərbaycan şahmatçıları tanınıblar və birinci yerləri tutublar. Indisə federasiyanın prezidenti Mərkəzin Bankın rəhbəri Elman Rüstəmovdur. Onun başı pul işinə qarıqşdığından federasiyanı Faiq Həsənov adlı bir işbaz idarə edir və şahmat məktəbi məhv olur. Çünki bu adamların işi pul qazanmaqdır.
Onu da deyim ki, boks rüsvayçılığına görə Avropa bizi cəzalandıracaq. Ermənilər də bu faktdan əleyhimizə istifadə edərək deyəcəklər ki, baxın, Aərbaycan o qədər korrupsiyalaşıb ki, artıq olimpiya yarışlarını pulla almaq istəyir. Indi biz Qarabağı bu cür korrupsiyalaşmış bir ölkəyə necə verək?!
Həmişə demişəm ki, Qarabağ probleminin həlli hüquqi dövlət quruculuğundan keçir. Azərbaycanda rüşvət, korrupsiya olmasa, demokratiya olsa, qanunlar işləsə Qarabağı da qısa müddətdə azad edəcəyik. Bu gedişlə isə Qarabağı azad etmək olmaz.
Bir daha təkrar edirəm ki, bu olimpiyadada edilən saxtakarlıq, rüşvətxorluq cəhdlərinə görə dövlətin başı hələ çox ağrılar çəkəcək.
Vidadi