Avropa Birliyi ölkələri Belarusdakı səfirlərini geri çağıra bilər. Belarusun müxalif “Xartiya-97” saytının (charter97.org) xəbərinə görə, bu haqda qərarın sabah Brüsseldə qəbul olunması gözlənilir.
“TRT Azərbaycan” saytının xəbərinə görə, Rəsmi Minsk keçən həftənin cümə günü – avqustun 3-də İsveçin Belarusdakı səfiri Stefan Eriksonun akkreditasiya müddətini uzatmaqdan imtina edib.
Buna cavab olaraq Skandinaviya ölkəsi 3 belaruslu diplomatı deportasiya edib. Dünən isə Belarus İsveçdəki bütün diplomatlarını avqustun sonuna qədər bu ölkəni tərk etməyə çağırıb. Belarusun İsveçdəki səfirliyi isə bağlanıb.
Brüsseldəki diplomatik mənbənin bildirdiyinə görə, hazırkı mərhələdə Avropa Birliyinin Misnkdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırması atılacaq minimum addım ola bilər: “Mövcud vəziyyətdə bu addım çox təbii olacaq”.
Başqa bir yüksək vəzifəli Avropa rəsmisi isə hazırda topun İsveçdə olduğunu, AB-nin isə Stokholmla həmrəylik içərisində olacağını deyib. O, AB səfirlərinin geri çağırılması ehtimalını da təsdiqləyib.
Hələlik İsveçin Belarusun addımına cavabı məlum deyil. Bu ölkənin xarici işlər naziri Karl Bildtin bu gün mətbuat konfransı keçirməsi gözlənilir.
Xatırladaq ki, iyulun 4-də Belarus hava sahəsi üzərində uçan bir motorlu İsveç təyyarəsindən yerə Belarusda söz azadlığını dəstəkləyən və Lukaşenkonu tənqid edən sözlərin yazıldığı oyuncaq ayılar atılıb. Belarus hakimiyyəti iyulun 26-nadək bu faktı təsdiqləməyib. Ancaq oyuncaq ayıların şəklini çəkib internetdə yayan fotoqraf Anton Suryapin və qeyri-adi aksiyanı həyata keçirən isveçliyə Minskdə kirayə ev tapan Sergey Başarimov həbs edilib. Onlar sərhəd pozucusuna şərait yaratmaqda ittiham olunurlar. Gəncləri 7 il həbs cəzası gözləyir.