Maqsud Mahmudov: “Əlini Qurana bassın, desin ki, orada təmir işləri aparılmayıb, mən iddiamdan imtina edirəm”
1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəmədə hakim Vüsalə Baxışovanın sədrliyi ilə iş adamı Maqsud Mahmudovun Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu Israfil Abutalıbova qarşı iddiasına dair ötən gün növbəti məhkəmə prosesi keçirildi.
Məhkəmə başlayandan sonra mətbuat nümayəndələri prosesdə audio-video çəkilişlərdən istifadə etmək üçün hakimə müraciət etdilər. Hakim jurnalistlərin xahişini nəzərə almadı. Bundan sonra M.Mahmudovun vəkili Ilham Əsədov qaldırdıqları iddiaya dəqiqləşdirmə apardı. O, cavabdeh qismində Bəxtiyar Məmmədovun deyil, Hacıbala Abutalıbova məxsus olduğu deyilən “Müstəqil Spektr” MMC-nin tanınmasını, 35 min manat təzminat ödənilməsini istədi. Bundan sonra “Müstəqil Spektr” MMC-nin vəkili Ələsgər Məmmədov tələb olunan təzminatın nəyə xərclənməsini sual etdi:
– “Reşotka” qoyublar, onu da çıxarıblar. Orada təmir işləri aparılmayıb. 35 min manat nəyə xərclənib? Bu bizə məlum deyil. Obyekt icarəyə təmirli verilib.
Ələsgər Məmmədov vəsatətlə çıxış edərək iddianın baxılmamış saxlanılmasını istədi. Bildirdi ki, iş materiallarında 10 illik icarə müqaviləsi olsa da, əsli yoxdur.
Iş adamının vəkili Ilham Əsədov bildirdi ki, qarşı tərəf hər dəfə müxtəlif vəsatətlərlə prosesi uzadır:
– Ofisi təmir etmiş şahidlər buradadır, çağıraq dindirək. Vaxt getməsin.
Hakim isə vəkilin iddianın baxılmamış saxlanılması haqda vəsatətini təmin etmədi.
Maqsud Mahmudov iddia ilə bağlı izahat verərək bildirdi ki, ötən prosesdə məhkəməyə ofisi icarəyə götürəndən sonra təmir etməsi əks olunan fotoları verib: “2009-cu ildə mən həmin ofisi Bəxtiyar Məmmədovdan icarəyə götürmüşəm. Deyib haqqı 1000 manatdır, amma 800 dollarını rəsmiləşdirəcəyik. Elə buradaca Ələsgər durub Bəxtiyarın, onun arxasında dayananların adından əlini gətirdiyim bu Qurana bassın, desin ki, orada təmir işləri aparmayıb, mən iddiamdan imtina edirəm”.
Hakim üzünü Ələsgər Məmmədova tutaraq dedi:
– Bir kəlmə deyin, məsələ bitsin də.
Ələsgər Məmmədov:
– Təmirin smetası olmalıdır.
Maqsud Mahmudov: “Məndən 2009-cu ildən niyə pul alırdız? Bir kəlmə deyin ki, orada təmir aparmısan, məsələ bitsin. Bu, Hacıbala Abutalıbovun qoca kişinin qoyunlarını əlindən alıb aparıb qurban kəsdirməsini etiraf etmək deyil.
Hakim Maqsud Mahmudova söz verəcəyini deyib ondan əyləşməsini istədi.
Ələsgər Məmmədov məhkəməyə Nailə Ağayeva ilə bağlanmış müqaviləni təqdim etdi.
Məlum oldu ki, “Müstəqil Spektr” Maqsud Mahmudovla yanaşı eyni ofisə görə 4-5 şəxslə müqavilə bağlayıb. Iş adamı isə hakimin diqqətinə çatdırdı ki, Hacıbala Abutalıbovun şirkəti vergidən yayınmaq üçün belə maxinasiyalara əl atıb.
Bundan sonra ofisin təmirinə nə qədər xərc çəkilməsi aydınlaşdırıldı. Iş adamı dedi ki, 40 kvadrat metrlik ofisi icarəyə götürəndən sonra orada əsas divarın bərkidilməsinə, döşəmə və tavanın əsaslı təmirinə xeyli vəsait xərcləyib. Hakimin “ustalara nə qədər pul ödəmisiz” sualına Maqsud Mahmudov “dəqiq yadımda deyil, özləri buradadır, çağırın, qoy desinlər. Onlardan birinə zəhməthaqqı olaraq təxminən 14 min, başqasına 2300 manat pul vermişəm. Əllərini Qurana basıb desinlər ki, orada təmir aparılmayıb, elə bilərəm ki, həmin pulları Hacıbalanın əvəzinə kasıb-kusuba ehsan verdim. Belə çıxır ki, biz oğruyuq, bunlar halal işləyirlər”. Iş adamı qarşı tərəfin vəkilinin əlini Qurana basmasında israr etdi:
– Əlini Qurana basıb desin ki, ora xərc çəkməmişəm. Biz də burada heç kimə əziyyət verməyək.
Hakim:
– Quranı məhkəməyə gətirməzlər.
M.Mahmudov:
– Mənim üçün Quran məhkəmədən üstündür, sizin üçün belə deyil? Siz məhkəməni Qurandan üstün sayırsızsa, mən bir daha bura gələn deyiləm. Dininizi, imanınızı satmayın. Mənliyiniz olsun.
Iş adamı bu sözləri deyib zaldan çıxdı.
Proses avqustun 31-nə kimi təxirə salındı.
Ramin DEKO