Suriyadakı təsvirlərə baxanda Yuqoslaviya yadıma düşdü. Bəli, Suriya indi əsl ərəb Yuqoslaviyasıdır. Mən bu xüsusda çox danışmayacağam, çünki nə mümkündürsə, bu vaxta qədər deyilib və yazılıb, təzə bir detal əlavə etmək o qədər də asan məsələ deyil. Onsuz da hər gün telekanallar öz xəbərlərini məhz bu ölkə ilə başlayırlar. Ona görə də keçək özümüzə, öz ölkəmizə.
Bir vaxt öz ölkəmizdəki prosesləri araşdırmağa cəhd edəndə ağlıma gələn və o vaxtdan bir neçə dəfə təkrar etdiyim ifadə “soyuq vətəndaş müharibəsi” idi. Bunu Suriya hadisələri kontekstində təsadüfən xatırlamadım. Bəli, buralarda barrikadalar qurulmayıb, silahlı toqquşmalar yaxşı ki, yoxdur. Amma proses öz xarakterinə görə, soyuq vətəndaş müharibəsini xatırladır.
Azad fikirli, azad düşüncəli insanlar ildən-ilə daha çox sıxışdırılır və təqiblərə məruz qalırlar. Bunu ümumi söz xatirinə demirəm, olanı yazıram. Bəlkə də başqaları məni bu məsələdə üstələyirlər, faktları yazırlar. Buna da sözüm yox. Bugünlərdə bir rus müəllifin yazısına gözüm sataşdı. Nifrət haqqında idi. Doğrusu, bu mövzu məni də tutdu. Yox, mən burada moizə oxumayacağam, deməyəcəm ki, ürəklərinizi nifrətdən təmizləyin, paklaşın. Sadəcə, mədəniyyətlərdəki ciddi bir fərqə diqqət yetirəcəyəm.
Siyasət nədir? Əslində, siyasət həmişə və hər bir məsələdə kompromis axtamaq məharətidir. Bu mənada siyasətçilər bəlkə də filosoflardan fərqlənirlər. Filosof həqiqəti axtarır. Siyasətdə isə sənin və mənim, bizim və onların həqiqətləri olur. Hərə öz həqiqətində israr edəndə, kompromisə can atmayanda Suriya alınır.
Siyasət bəlkə də yeganə və tək sferadır ki, burada əksliklərin vəhdəti və biri-birini tamamlaması çox bariz şəkildə özünü göstərir. Bəli, biri var, müstəbidlərin siyasəti – burada əksliyin və yaxud əks tərəfin boynu vurulur və bununla da məsələ həll edilir. Biri də var, demokratik siyasət – burada isə əksinə, belə bir fikir hakim olur ki, əkslik və yaxud əks tərəf qalmalı və öz mövqeyinə malik olmaq hüququna, başqa cür düşünmək haqqına sahib olmalıdır.
Bu, Avropa siyasət mədəniyyətinin təməl daşıdır. Digər mədəniyyətlərdə isə biz əks tərəfə münasibətdə ekzotik qəddarlıq nümunələrini görürük. Uzağa niyə gedək? Bəli, bir vaxt dedilər ki, biz, yəni müxalifət adamları meymundan insana çevrilmək mərhələsindəyik. Eşitdik və dözdük! Başqa çıxış yolumuz vardımı? Daha sonra buyurdular ki, biz, yəni müxalifət naftalin qoxuyuruq. Eşitdik və dözdük! Sonra buyuruldu ki, Azərbaycanda müxalifət-filan yoxdur, onlar xırdaca elementlər, ünsürlər və daha nə bilim, nələrdir! Yenə də eşitdik və dözdük!..
Mən bunları nədən yada saldım? Sadə bir səbəbdən. Dünya görüşlərindəki fərqləri üzə çıxarıb nümayiş etdirmək üçün. Bu, bizim əsl siyasətə verdiyimiz tərifə bir aydınlıq gətirir. Mən demirəm ki, Avropada siyasi texnologiyalar, siyasi atmacalar və yaxud da biri-birini qaralamaq cəhdləri yoxdur. Bunlar var. Lakin bunlar o vaxt daha çox özünü biruzə verir ki, heç bir tərəf hələ millətin verdiyi əsas hüquqa – mandata malik olmur. Məsələn, mənim yadıma gəlir ki, ata Buş öz rəqibi Bill Klintona o vaxt demişdi ki, mənim itim xarici siyasəti səndən yaxşı bilir! Amma bu, nə vaxt olmuşdu? Seçki vaxtı! Amma bizlərdə nə baş verir? Müxalifəti az qala, vətəndaşlıqdan silmək istəyirlər! Bu, tipik despotiya üsul-idarəsi və düşüncə tərzidir.
Daha nə demək olar? Biz gərək sistemli və ardıcıl şəkildə siyasət haqqında təsəvvürləri dəyişək. Bir dəfə bizə belə bir şans verilmişdi. Lakin o vaxt məsələyə konseptual baxış olmadığından onu gerçəkləşdirə, istədiklərimizi həyata keçirə bilmədik. Indi insaf naminə olsa belə, adam bir şeyi etiraf etmək məcburiyyətində qalır: bircə il ərzində biz nə qədər iş görməli idik, ilahi?! Bu, mümkün idimi? Təbii ki, yox. Buna görə də özümüzü qınayanda da gərək bir şeyi unutmayaq: sərəncamımızda cəmi bir il vardı…
Kiçik sözardı
Siyasət haqqında indi çox şey oxumaq olar. Hətta siyasətin fəlsəfəsi də bir predmet kimi tədris olunur. Ona görə adam çox dərinliklərə varmaq istəmir, qəzet kitab deyil axı!..

Siyasət nədir?
•