Məmurların nəzarətində olan banklar onların əllərindən alınır
Mərkəzi Bankın qərarı ilə bankların nizamnamə kapitalının minimum həddinin 10 milyon manatdan 50 milyon manatadək artırılmasının özəl səbəbləri var. Bu barədə “Azadlıq”a hakimiyyətdaxili mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Mərkəzi Bank bu qərarı hakim ailənin göstərişilə verib.
Təfərrüatlara keçməmişdən əvvəl oxucuların diqqətinə çatdıraq ki, ekspertlər bu qərarın bank sektorunda zəlzələ yaradacağını və əksər bankların sıradan çıxaracağını bildirmişdilər. Onların fikrincə, qərar da məhz bu məqsədlə qəbul edilib. Ekspertlər düşünür ki, Mərkəzi Bankın qərarı bank sahibləri olan məmur oliqarxların bank sektorunu monopoliyaya almaq istəyinin təcəssümüdür. Məmurlar üçün 50 milyon o qədər də fantastik məbləğ deyil. Onlar banklarının nizamnamə kapitalını korrupsiyadan əldə etdikləri vəsaitlərin hesabına asan şəkildə 50 milyon manatadək artıra bilərlər. Lakin bank sektorunda vurnuxan sahibkarların belə bir imkanı yoxdur. Nəticədə ya onlar bankı qapatmalı, ya da hansısa məmurun bankına birləşdirərək xırda payla kifayətlənməlidirlər.
Lakin qəzetimizə məlumat verən mənbə bildirib ki, Mərkəzin Bankın qərarı təkcə xırda bankların sıradan çıxarılması üçün düşünülməyib. Məlumata görə, hakim ailə iri kapitala sahib olan məmur oliqarxların nəzarətində bankların olmasından ehtiyatlanır. Ailə həmin məmurların bu banklar vasitəsilə hansı əməliyyatları həyata keçirdiyinə nəzarət edə bilmir. Bu isə 2013-cü il prezident seçkisi ilə bağlı hakimiyyətdaxili ziddiyyətlərin kəskinləşməsi fonunda ailənin ciddi narahatlığına səbəb olub. Bu baxımdan bankların bir əldə cəmlənməsi qərara alınıb. Məlumatlarda bildirilir ki, əslində Mərkəzi Bankın qərarı formal xarakter daşıyır. Yəni, xırda banklarla yanaşı, məmurların nəzarətində olan banklar da nizamnamə kapitalını artıra bilmədiklərini ela edərək qapanacaq, yaxud da ailənin nəzarətinə keçməklə fəaliyyət göstərəcək. Mənbə onu da əlavə edib ki, “Texnikabank” və “Royal Bank”ın çökdürülməsinin kökündə də bu məsələ dayanır. Həmin bankların şübhəli əməliyyatlarının üstü açılandan sonra bu bankların qapanmasına qərar verilib. Həmçinin ailə məmurların nəzarətində olan banklarla bağlı da oxşar prosesin həyata keçirilməsi qərarına gəlib.
Informasiya şöbəsi