Kamran Əliyev: “Bu prosedurda vətəndaşın ziyanına işləyən amillər yoxdur”
Məlum olduğu kimi, Rusiyada avtomobillərin illik texniki baxışı ləğv edilib. Bundan əvvəl isə Gürcüstan eyni addımı atmışdı. Bu günlərdə isə Rusiya Dövlət Duması hökumətə etibarnamələrin ləğv olunmasına icazə verilməsini də istəyib. Parlament üzvlərinin fikrincə, etibarnamə formal xarakter daşıyır və heç bir əhəmiyyəti yoxdur. Bir çox ölkədə də avtomobili idarə etmək üçün belə sənədə ehtiyac yoxdur.
Azərbaycanda da bir çoxları texniki baxışın da ləğv olunmasının tərəfdarı kimi çıxış edir. Çünki bu prosedurun formal xarakter daşıdığı və rüşvət mənbəyi olduğu hər bir avtomobil sahibinə məlumdur. Başqa tərəfdən, hər bir sürücü avtomobilinin yaxşı vəziyyətdə olmasında maraqlıdır və zərurət yarananda texniki baxış üçün müraciət edə bilər. Etibarnamələrə gəldikdə, bu da formal xarakter daşıyan bir sənəddir. Avtomobilin bir addan başqa ada keçirilməsi nisbətən baha olduğundan vətəndaşlar alğı-satqı zamanı etibarnamədən istifadə etməli olur. Bəs Azərbaycan qonşu ölkələrin nümunəsindən istifadə edərək texniki baxış və etibarnamələri ləğv edə bilərmi?
Qanunvericiliyə əsasən, hər bir nəqliyyat vasitəsinin ildə bir dəfə texniki baxışdan keçirilməli olduğunu deyən Baş Dövlət Yol Polisi Idarəsinin şöbə rəisiÿKamran Əliyev bu proseduru zəruri hesab edir. Sürücülərin 10 manat dövlət rüsumu müqabilində avtomobillərini müasir avadanlıqlar vasitəsilə texniki baxışdan keçirməkdə maraqlı olduqlarını deyən K.Əliyev bu zaman vətəndaşın ziyanına işləyən amillərin olmadığını bildirdi.
K.Əliyevin sözlərinə görə, texniki baxış qaçırılmış avtomobillərin aşkara çıxarılması üçün də zəruridir. Etibarnamələrin ləğvinə gəldikdə, K.Əliyev bu məsələnin Ədliyyə Nazirliyinin səlahiyyətinə aid oluğunu qeyd etdi. Bununla yanaşı, şöbə rəisi bu sənədin vacibliyindən də söz açdı və etibarnamənin avtomobilin qanunsuz istifadəsinin qarşısını aldığını bildirdi.
Fizzə