Tansu Çillər öldürülməliymiş

Türkiyənin keçmiş baş nazirinə qarşı sui-qəsd hansı səbəbdən təxirə salınıb?

Türkiyədə terror təşkilatı qurmaq və dövlət çevrilişinə cəhd maddələriylə başladılan və istintaq zamanı çoxsaylı generalların həbsiylə nəticələnən “Ergenekon” işinin növbəti məhkəmə prosesi keçirilib. 216-cı məhkəmə iclasında şahid qismində ifadə verən tanınmış yazar Ümid Firat maraqlı açıqlama ilə yadda qalıb. “Ergenekon” işində şahid kimi dindirilən yazar Ümid Firat PKK lideri Abdulla Öcalan və terror təşkilatıyla bağlı analizləri barədə məhkəməyə bəzi məlumatlar açıqlayıb.

O, ifadəsində Türkiyənin keçmiş baş naziri Tansu Çillərə qarşı 1995-ci ildə sui-qəsd planlaşdırıldığını deyib. Lakin sonradan plan baş tutmayıb. Yazarın sözlərinə görə, Abdulla Öcalan vəkilləri vasitəsilə ona göndərdiyi mesajda şok xəbər açıqlayıb. PKK lideri yazara bildirib ki, bir türkiyəli rəsmi Tansu Çillərin 1995-ci ildə öldürüləcəyini Abdulla Öcalana söyləyib. Ölüm hadisəsinə görə isə PKK-nın məsuliyyəti öz üzərinə götürməsini istəyib. Abdulla Öcalanın bu istəyi qəbul etməməsi Çillərin öldürülməsi planını təxirə salıb.