Əsədin “ilana ağu verən” qayınatası

Doktor Axras kimdir və kürəkəninə hansı məsləhətləri verir?

Bu günlər Britaniya mediasında baş xəbər, əlbəttə ki, Olimpiadadır. Lakin həftələrdir dəyişməyən ikinci xəbər başlığı da var. Söhbət Suriyadan gedir və çox böyük bir ehtimalla Olimpiadanın işıqları sönən kimi bu, baş xəbər olacaq.
Maraqlısı budur ki, Suriyada son günlər müxalifətlə hakimiyyət arasında gedən qanlı vuruşmalar Misirdə və ya Liviyada baş verənlərin həyəcanını gətirmir.
Əvəzində Britaniya qəzetləri «adi bir qayınata» haqqında yazılar dərc edir.
«The Daily Mail» qəzeti yazır ki, əynində bahalı kostyum və əlində sakvoyaj olan doktor  Favas Axras Londonun küçələrində adi bir piyadaya bənzəsə də, adi bir piyada deyil. Onun qızı Əsma Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşıdır.

Kürəkəninin fəal müdafiəçisi

Əslində Britaniya qəzetləri bu yaşlı kardioloqun şəxsiyyətinə bu cür diqqət göstərməyə də bilərdilər. Əgər o, adi bir cərrah və qayınata olaraq qalsaydı. Lakin Suriya prezidentinin qayınatası kürəkəninin fəal müdafiəçisidir və bununla da özünü Britaniya mətbuatının qəhrəmanına çevirib.
Britaniya mətbuatına qayınatanın kürəkəninə minlərlə məxfi emaillərinin mətnləri sızıb. Məsələn, qayınata kürəkəninə yazır ki, BMT-nin qətnamələrindən çox da narahat olmasın.
Britaniya mətbuatına müsahibəsində doktor Favas Axras Suriyada baş verənləri London talanları ilə müqayisə edir. O deyir ki, baş nazir Devid Kameron o vaxt bildirmişdi ki, yeri gələrsə, qoşunlardan istifadə ediləcək. Lakin doktor Favas Axrasa deyəndə ki, London talanlarının qarşısı alınarkən bir nəfər də xəsarət almayıb, cavab verir ki, «bağışlayın, Suriya polisi Britaniya polisi qədər təkmil deyil».
Qayınata «The DailyTelegraph» qəzetinə deyib ki, Suriyada 8000 adamın həlak olması, Misirdə həlak olan 50 000 nəfərlə müqayisədə heç nədir.

Müşavir qayınata

«The Independent» yazır ki, ürək həkimi Axras həm də Bəşər Əsədin müşaviridir.
«Sun» qəzeti yazır ki, o, kürəkəninə 13 maddədən ibarət hərəkət planı göndərib. Həmin hərəkət planında o, kürəkəninə bir addım da geriyə çəkilməməyi tövsiyə edir.
Londonun Qərbindəki Acton məhəlləsində Favas Axrasın qonşuları deyirlər ki, o, axır vaxtlar nə isə evinin alaqapısından yox, arxa qapısından gedib-gəlir və gözə dəyməməyə çalışır. Qonşulardan biri isə deyib ki, o, əslində arxa qapıdan da gedib-gəlməyə utanmalı idi.
Axras Suriya prezidentinin Britaniyadakı qeyri-rəsmi nümayəndəsidir. Onun əlaltısı olan suriyalı biznesmen Vafik Said Britaniyanın hakim Mühafizəkarlar Partiyasının sponsorlarından biri olub. O, həmçinin Oxford Universiteti nəzdində Said Biznes Kollecinin banisidir.

Prezident yaxşıdır, ətrafındakılar…

Yeri gəlmişkən, «ən adi qayınatanı» son günlər hətta arxa qapıda da görən olmayıb.
Bəşər Əsədin xanımı, Suriyanın birinci ledisi Əsma Əsədi də aylardır gördüm deyən yoxdur.
Xatırlayıram ki, Britaniya qəzetləri bir neçə ay bundan əvvəl birinci ledinin ata evində olduğunu yazanda, Azərbaycanın müxalifət qəzetləri onun Bəşər Əsədin despotizminə etiraz olaraq uşaqlarını da götürüb getdiyini fərz etmişdilər və yazmışdılar.
Lakin indi Əsma Əsədi Londonda görənlər olub. Özü də bahalı mebel və cavahirat dükanlarında.
Suriya prezidenti ətrafında son aylarda baş verənlər, «prezident yaxşıdır, ətrafındakılar simasız quldurlardır» və ya «prezident yaxşıdır, bircə qohumlarının görməmişliyi olmasaydı» düşüncəsi ilə yaşayanlar üçün ibrət dərsi ola bilər.

Çörçillin nəvələri «huşsuz» diktatorların yadına salacaqlar

Britaniya qəzetləri yazırlar ki, «Ərəb Baharı» partlayandan bəri Londonun Yaxın Şərqin avtoritarlarına münasibəti kəskin dəyişib.
Bundan əvvəl də ərəb diktatorları Britaniyanın siyasi partiyalarına sponsorluq ediblər. Hətta Britaniya iqtisadiyyatına investisiya da yatırıblar və həmişə Uinston Çörçillin o məşhur kəlamını unudublar: «Britaniyanın daimi dostları yoxdur, onun daimi maraqları var».
Olimpiada qurtaran kimi, çox güman ki, Çörçillin nəvələri bunu bir daha «huşsuz» diktatorların yadına salacaqlar və çalışacaqlar ki, göz həkimi Bəşər Suriyanın gözünü, cərrah qayınata isə ölkənin ciyərini çıxarmamış nə isə etsinlər.

Zülfüqar Rüfətoğlu, London
“Azadlıq” radiosu