Mərhum yazıçımız Mir Cəlal Paşayevi tərifləmək üçün növbəyə durmaq (!) belə müşkül məsələdir, səbəbini isə açıqlamağa ehtiyac belə yoxdur. Son vaxtlara qədər onun haqqında susanlar o dərəcədə aqressivləşiblər ki, zamanında haqqında xoş sözlər söyləməkdən çəkinməyənlər də abırlarına qısılıb şahidi olduqları xoş bir xatirənin yaltaqlıq kimi başa düşüləcəyindən ehtiyat edərək susmağa üstünlük verirlər. Məsələn, 80-ci illərin sonunda bir müəllimimiz onun insani keyfiyyətindən elə məqamlar açıqladı ki, məndə onun şəxsiyyətinə simpatiya yarandı. Etiraf edim ki, o bu sözləri mənə indi söyləsəydi, yəqin ki, ilk reaksiyam belə olardı: “Müəllim, məni ələ salırsınız, gedin bunu AzTV-də söyləyin, bəlkə bir sədəqədən-filandan verdilər…”.
Təsəvvür edə bilərsinizmi, Mir Cəlal Paşayev istedadlı bir tələbəsinə öz şəxsi mənzilini bağışlayır, özü isə darısqal mənzildə qalır…
Çətindi, əlbəttə, amma bu, həqiqətən də belədir, ola bilər unutmuşam o adam onun tələbəsi olmayıb, amma həmin insanın yazıb-yaratması, rahat yaşaması üçün yazıçı öz halal mənzilindən imtina edib….
Illər keçdi və Azərbaycan ədəbiyyatının bu görkəmli nümayəndəsinin soyadı yenidən gündəmə gəldi. Amma bu dəfə başqa şəkildə…
Hazırda Paşayevlər ailəsi Azərbaycanın ən zəngin ailəsidir, sərvətləri milyardlarla ölçülür, ölkədə hansısa bir sahəni monopoliyaya almayıblarsa, bu, insanlarda təəccüb doğurur və belə fikir fomalaşır ki, sadəcə yadlarından çıxıb, tezliklə həmin sahəyə də əl qoyacaqlar. Və çox qəribədir ki, sonda elə də olur. Loqosunda Paşa sözü (bu, mərhum yazıçının soyadının əsas hissəsidir – X.Ə.) olmayan şirkətlər, xidmət sahələri sürətlə azalmaqdadır…
Ölkənin ən gəlir gətirən sahələrinə başçılıq edən nazir və komitə sədrləri bu soyadın çətiri altında ölkəni çapıb-talamaqla məşğuldurlar. Miqyas o qədər böyükdür ki, bu nazirlərin xidmət haqqı kimi özlərinə götürdükləri on milyon manatlarla ölçülür. Onların şəxsi imarətləri isə, adətən, rəhbərlik etdikləri nazirliklərin binasından böyük olur.
…Bu gün Bakıda 40 illik ağaclar kəsilir, yaşıllıqlar məhv edilib satılır. Bu işlərə isə, Paşayevlərə yaxın Nərminə adlı bir xanım rəhbərlik edir. Bakıda bir qarış torpağın belə, onun “xeyir-duası” olmadan satılması mümkün deyil.
Istər-istəməz Mir Cəlal Paşayevin “Ərik ağacı” əsəri yada düşür və fikirləşirəm, adi bir ağacın taleyini belə həyəcanla təsvir edən yazıçı, ağaclara və insanlara edilən zülmü öz gözləri ilə görsə, nə edərdi?
Yəqin ki, yazardı, hüquqları tapdanan insanlardan, şərlənib tutulanlardan, ölkəni tərk edənlərdən, 48 milyardı oğurlanmış xalqın taleyindən…
…Hazırda Binəqədidə sadə camaatın evləri və obyekt üçün yararlı yaşıllıqlar buldozerlərin ağzına verilib yerlə-yeksan edilir. 9-cu mikrorayonda, Binəqədi yanğınsöndürmə idarəsi ilə üzbəüz gözəl uşaq parkının hasarı və ona yaxın ağaclar bir günün içində yox edildi. Yol kənarında olan bu parkda uşaqların yola çıxmasının qarşısını almaq məqsədi ilə çəkilmiş hasarı sökməkdə məqsəd, ideal obyekt yeri olan bu sahəni satmaqdır, bunu anlamamaq üçün gərək uzunqulaq olasan. Artıq 3 aydır ki, valideynlərin qayğısı ikiqat artıb, uşaqları yoldan keçən maşınlardan qoruyurlar. Hiyləgər və alçaqcasına düşünülüb – bir neçə faciə… və park ləğv olunaraq satılır. Dəyərmi?
Bu rayona yeni təyin olunmuş icra başçısı isə… Paşayevlərin əvəzolunmaz kadrı, vergilər naziri Fazil Məmmədovun yeznəsidir…
Evlərə gəldikdə isə, heç bir bəhanə gətirilmir, sənədə-filana baxılmır, sökülür. Çünki heç kəsə hesabat vermirlər və heç nədən çəkinmirlər…
Inanıram ki, Mir Cəlal Paşayev yaşasaydı, evi uçurulmuş bir gənc ailə başçısının çarəsizlikdən hamilə arvadını göz yaşları içində aborta aparmasından yazardı və əsərin sonunda bu sualı verərdi:
“Bəs sizin bir gün başınıza uçacaq o dəbdəbəli imarətləriniz qanunidirmi?”.

Mir Cəlal Paşayev yaşasaydı nədən yazardı?
•