Məşhur müğənni “Pussy Riot”çuların azad olunmasına çağırış edib; prokuror isə rokçu qızların həbsini istədi
Rusiya prezidenti Vladimir Putinə etiraz bildirmək üçün Moksvadakı “Xilaskar İsa Kilsəsi”nə girən və buna görə aylardır həbsdə saxlanılan “Pussy Riot” rok qrupunun üzvlərinə dünya şöhrətli müğənni-aktrisa Madonnadan dəstək gəlib. Madonna kilsəyə girərək “Məryəm Ana bizi Putindən qurtar” şüarı səsləndirən qızların azadlığa buraxılması üçün Rusiya prezidenti Vladimir Putinə çağırış edib.
“Reuters” agentliyinə açıqlama verən Madonna bildirib ki, o, senzuraya qarşıdır. Bütün musiqi karyerası boyunca ifadə azadlığını müdafiə edib. Dünya şöhrətli müğənni-aktrisa “Pussy Riot” qrupunun üzvlərinin həbsinin ədalətsiz qərar olduğunu deyib:“Ümid edirəm ki, azad olunacaqlar. Onların həbsi faciə olar”.
Əlavə edək ki, ötən gün prokuror məhkəməsi keçirilən femen qızlara cəza istəyib. Dövlət ittihamçısı rok qrupunun üzvləri Nadejda Tolokonnikova, Mariya Alyoxina və Yekaterina Samutseviçin hər birinin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısının sözlərinə görə, təqsirləndirilən şəxslər xuliqanlıq törədiblər və onlar Rusiya Cinayət Məcəlləsinin 213.2-ci maddəsi ilə ittiham olunurlar.
Xatırladaq ki, “Pussy Riot” qrupunun üzvləri Nadejda Tolokonnikova, Mariya Alyoxina və Yekaterina Samutseviç fevral ayında həbs olunublar. Onlar “Xilasedici İsa Kilsəsi”ndə çəkdiyi videoçarxı internetdə paylaşıblar. Həmin videoçarxda qrup üzvlərinin maska geyinərək kilsədə mahnı ifa etdikləri nümayiş olunub.