Bir çox bankların bağlanmasına hazırlıq gedir

Məhəmməd Talıblı: “Yaxın aylarda 15-ə yaxın bankın sıradan çıxacağı gözlənilir”

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı Idarə Heyətinin qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimumuna tətbiq olunan tələb 50 mln. manatadək artırılıb. 2014-cü ilin yanvarın 1-ə qədər məcmu kapitalını artırılan həcmədək qaldıra bilməyən banklar ya birləşmək, ya da özünü müflis elan etmək məcburiyyətində qalacaq.
Hazırda məcmu kapitalı 50 mln. manatdan az olan banklardan SW Bank (42,145 milyon manat), AGBank (35,484 milyon), Muğan Bank (34,251 milyon), Bank Nikoil (32,171 milyon), Atabank (30,424 milyon), Azərbaycan Sənaye Bankı (29,902 milyon), Zamin Bank (26,068 milyon), Turanbank (25,527 milyon), Bank of Azerbaijan (25,372 milyon), Kredobank (22,745 milyon), Bank Avrasiya (18,872 milyon), NBC Bank (18,421 milyon), Rabitəbank (16,166 milyon), Gəncəbank (15,923 milyon), VTB Azərbaycan (14,981 milyon), Deka Bank (14,636 milyon), Qafkaz Inkişaf Bankı (14,432 milyon), Parabank (13,850 milyon), United Kredit Bank (13,582 milyon), Günaybank (13,364 milyon), Azər-Türk Bank (13,227 milyon), Atrabankın (11,457 milyon) adını çəkmək olar. Bu bankların bir qismi, əsasən də məmur-oliqarxlara məxsus banklar məcmu kapitalını tələb olunan həddə qədər çatdırmaq imkanındadır. Ancaq böyük ehtimalla xırda banklarla yanaşı bu banklar da fəaliyyətini dayandırmalı, yaxud birləşməli olacaq. Bu da bir daha Mərkəzi Bankın son qərarının siyasi xarakter daşıdığını göstərir. Ekspertlər də məhz bu fikirdədir.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı nizamnamə fondunun artırılması ilə bağlı tələblərin formal xarakter daşıdığını deyir. Ölkədə bank sektorunda kapitalın konsolidasiya prosesinin getdiyini deyən ekspert bankların bir neçəsinin bunun qurbanına çevriləcəyini deyir: “Mərkəzi Bankın həyata keçirdiyi bu siyasətin hədəfləri məlum deyil. Nizamnamə kapitalını artırandan sonra həmin bankların daha çox kredit vermək imkanının yaranacağı xeyli şübhəlidir. Digər tərəfdən, ölkədə kreditlərə tələbatın səviyyəsi qiymətləndirilməyib. Əgər bu tələbat müəyyənləşməyibsə, nizamnamə kapitalının artırılması tələbini əsaslandırmaq çətindir”.
Ekspertin sözlərinə görə, əsas məqsəd istər Mərkəzi Bankın siyasətinin hesabına, istərsə də qeyri-bank üsulları ilə bankların sayını azaltmaqdır. Nəticədə 15-20 bankın saxlanılması planlaşdırılır. Yaxın aylarda isə 15-ə yaxın bankın sıradan çıxacağı gözlənilir. Ekspert sonrakı mərhələdə bank sektorunda idarəetmənin daha rahat olacağını deyir. Çünki beynəlxalq təcrübədən çıxış edəndə məlum olur ki, başqa ölkələrdə adambaşına düşən bankların sayı Azərbaycandan xeyli çoxdur. Azərbaycanda isə bank sahəsində islahatlar ona görə həyata keçirilir ki, əhalinin yalnız bir neçə bankdan kredit almaq imkanı olsun.

Fizzə