“Bakı Dəmir Beton” necə batırılır

ASC-yə ayrılan 27 milyon kredit hara xərclənib?

“Azadlıq”a müraciət edən “Bakı Dəmir Beton” ASC-nin səhmdarı Şahin Əlizadə üzləşdikləri vəziyyətlə bağlı məlumat verib. Müraciətdə deyilir: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin daha bir debitoru “Bakı Dəmir Beton -7″ ASC-dir. Bugünlərdə həmin ASC-də səhmdarların ümumi yığıncağı keçirildi. Yığıncaq yüksək səviyyədə təşkil olunmuşdu. Cəmiyyətin rəhbərliyi və nəzarət səhm paketinin yiyələri təmkinli və nəzakətli idi.
Cəmiyyətin 27 milyon manat borcu “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə aiddir. Bu borc üzrə illik faiz 3 milyon manatı aşır. Yəni cəmiyyət ildə 3 milyon manat qazansa belə yalnız borcun artmamasına nail ola biləcək, dividend və ya borcun azaldılmasından isə söhbət gedə bilməz. Cəmiyyətin yeni rəhbərliyi yaxın zamanda beton istehsalı və satışından qazanılan pullar hesabına borcun tam bağlanmasını qeyri-mümkün hesab etdiyini səhmdarlara özü etiraf edib. Görünür, bu səbəbdən cəmiyyət öz əmlakını satmağa başlayıb. Cəmiyyətin balansında 50-60 ədəd istismara qismən yararsız “KaMAZ” və “Mercedes” markalı yük avtomobillərinin mövcud olduğunu səhmdarların nəzərinə çatdıran cəmiyyətin rəhbərliyi onları satmaq istədiyini bildirəndən sonra problem barədə danışdı. Problem də həmin avtomobillərin 30-40 min manat balans dəyərinin qalmasıdır. Lakin cəmiyyət rəhbərliyi avtomobillərin yalnız 10-15 min manata satılacağını iddia edərək onların yenidən qiymətləndirilməsi üçün ekspert seçimini təklif etdi. Cahangir Hacıyevə yaxınlığıyla tanınan Xəqani Bəşirova məxsus “Vneşekspertservis” MMC-nin tam müstəqil və obyektivliyinə şübhəylə yanaşılsa da,  sonda qiymətləndirmə üçün həmin MMC təyin olundu.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin bankın Şəki filialı tərəfindən bir regionda “batırılan” kreditlərin həcmi 48 milyon təşkil etdiyi halda, tək bir “Bakı Dəmir Beton-7″ ASC tərəfindən batırılan kredit borcunun məbləği 27 milyondur.  Bu qədər məbləğin nəyə xərcləndiyi bəlli deyil. Amma nəticədə  ”Bakı Dəmir Beton-7″ və “Azərbaycan Beynəlxalq Bankı” ASC çətin vəziyyətə düşüb. Cahangir Hacıyev ləğvetmənin tərəfdarı olmadığından ümid edirik ki, “Bakı Dəmir Beton-7″ ”Bakı Quşçuluq” ASC-nin aqibətini yaşamayacaq”.

Sosial şöbə