AİP-in keçmiş sədr müavini həbs edildi

Dünən gecə saat 23 radələrində, Azərbaycan İslam Parityasını sabiq sədr müavini, Zabrat kəndinin ağsaqqallarından biri Hacı Mehdi Şamilli həbs edilib. Bu barədə musavat.com-a M.Şamillinin qardaşı xəbər verib.

Onun sözlərinə görə, Sabunçu Rayon Polis İdarəsindən 1 qrup polis Şamillinin evinə gələrək axtarış aparıblar.

M.Şamillinin qardaşı Tərlan Şamilovun sözlərinə görə, polislər hər yeri axtarıblar: “Elə bil ki, cinayətkar tutmağa gəlmişdilər. Zabrat nəzarətə götürülmüşdü, hər tərəfdə polis var idi. Evdən narkotik axtarırmışlar. Şükür Allaha ki, bizim elə səhv əməllərimiz yoxdur. Özləri evə narkotik atmasalar, tapa da bilməzlər. Qardaşımı tutandan sonra Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirmişdilər. Səhər 15-ci bölməyə gedəndə məlum oldu ki, onun yerini dəyişiblər. Bizə dedilər ki, Hacı Mehdi Şamilli Sabunçu rayon Polis İdarəsində saxlanılır. Qardaşım oruc tuturdu, özü də xəstə idi. Bir neçə gün bundan qabaq həkimlər xəstəliyi ilə bağlı oruc tutmamağı ona məsləhət görmüşdülər. Ona görə biz də idarəyə yemək gətirmişik. Sadəcə bizə nə görüş verilir, nə də yeməyi götürmürlər”.

Qardaşının dediyinə görə, M.Şamillinin hazırda vəkili yoxdur: “Bir neçə vəkillə əlaqə saxlayacağıq ki, onunla görüşüb, son durumu haqqında bizə məlumat versinlər”.