b.esed2

Əsədin baş naziri müxalifətə qoşuldu

b.esed2Suriya hökuməti pərən-pərən düşüb; 3 nazir ölkədən qaçıb, maliyyə naziri isə həbs olunub

Suriyada vətəndaş müharibəsi davam edir. Hələbdə hökumət qüvvələri ilə üsyançılar arasında gedən şiddətli döyüşlərdə müxaliflər üstünlüyünü qoruya bilib. Əsəd rejiminin Hələb üzərinə 20 minlik qoşun göndərməsi də hakimiyyətin lehinə vəziyyəti dəyişdirə bilməyib. Müxaliflər şəhərdəki üstünlüyünü qorumaq üçün bölgələrdəki qüvvələrini Hələb istiqamətinə yönəldib.
Bəşər Əsəd rejimində isə ciddi parçalanmalar baş verib. Hakimiyyətdə dağılma və mərkəzdənqaçma prosesi sürətlənib. Ölkənin baş naziri Riyad Fərid Hicab Iordaniyaya qaçıb. Türkiyə mediasının yaydığı məlumata görə, Hicabla birlikdə ailə üzvləri və yaxın qohumları da Suriyanı tərk edib. Rəsmi mənbələr Hicabın vəzifədən kənarlaşdırıldığını desə də, müxalifət onun vəzifədə ola-ola ölkədən qaçdığını iddia edir.
Hicab Bəşər Əsədin Ən yaxın müttəfiqlərindən sayılırdı. O, bu ilin mayında keçirilən parlament seçkilərindən sonra baş nazir təyin edilmişdi. Bununla yanaşı Suriyanın maliyyə naziri Məhəmməd əl Cleytaninin də ölkədən qaçarkən həbs olunduğu barədə xəbərlər yayılıb. Maliyyə nazirinin kimlər tərəfindən saxlanıldığı açıqlanmır.

“Vaşinqton Post” isə baş nazir Hicabla birlikdə daha 3 nazirin Iordaniyaya qaçdığını yazıb. Suriyalı müxaliflər baş nazirin Əsəd rejiminin zorakılıqlarına etiraz əlaməti olaraq hökumətdən istefa verdiyini və üsyançılara qoşulduğunu açıqlayıb. Üsyançılar əlavə edib ki, baş nazir və digər 2 nazir müxaliflərin müşayiəti ilə Iordanıyaya qaçırılıblar.
Qətərin “Əl-Cəzirə” kanalında baş nazirin adından oxunan açıqlamada Riyad Fərid Hicab Bəşər Əsəd rejiminin zorakılıqlarına etiraz etmək üçün vəzifəsindən ayrıldığı bildirilib. Açıqlamada baş nazirin adından da “terror və qətliamlar törədən rejimi tərk edərək müxaliflərin tərəfinə qatıldığımı açıqlayıram” deyilir.
“AFP” agentliyinə açıqlama verən Suriya Milli Şurasının rəhbəri Əbdülbəsit Seyda isə Hicabın müxaliflərə qoşulmasını alqışlayıb. O, rejimin dağılmaq ərəfəsində olduğunu deyib: “Bu, sonun başlanğıcıdır”. Almaniyanın xarici işlər naziri Quido Vestervelle bildirib ki, baş nazirin müxaliflərə qoşulmasını Əsəd rejiminin erroziyaya uğradığının göstəricisi adlandırıb.
Bununla yanaşı ötən gün həm də Suriya dövlət televiziyasında partlayış olub. Televiziyanın Dəməşqdəki ofisində törədilən patlayış nəticəsində ölü və yaralının olduğu bildirilir. Suriyanın informasiya naziri Umran əl Zuabi partlayışın binanın 3-cü mərtəbəsində baş verdiyinı açıqlayıb.

İnformasiya şöbəsi