London-2012: Boksçumuz yarımfinalda

Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarında daha bir medalı təmin edib. Bu dəfə boksçumuz Teymur Məmmədov yarımfinala vəsiqə qazanmaqla, bu uğura nail olub.

91 kq çəki dərəcəsində yer alan Məmmədov ¼ finalda belaruslu Sergey Korneyevə qalib gəlib. İlk raundda fəallığı ilə seçilən boksçumuz 9:4 hesablı üstünlüyə yiyələnib. Sonrakı raundlarda yorğun təsir bağışlayan təmsilçimizə hakim 2 dəfə xəbərdarlıq edib. Nəticədə o, 4 xal geri düşüb. Üç raunddan sonra hesab bərabərləşib – 19:19. Hakimlərin göstəriciləri və döyüş imkanlarını nəzərə almaqla verdiyi qərara görə, qələbə Məmmədovun olub. Həmyerlimizin yarımfinaldakı rəqibi Klemente Russo (İtaliya) olacaq (lent.az).

Boks qaydalarına əsasən, hətta yarımfinalda uduzan boksçular bürünc medala layiq görülürlər. Beləliklə, Məmmədov artıq ən azı bürünc medal qazanıb.