“Bizi ABŞ və İsrailə işləməkdə günahlandırırlar”

Cənubi Azərbaycanlı fəal İranda üzləşdikləri problem və təzyiqlərdən danışıb

Milli-mədəni hüquqlar uğrunda mübarizə aparan təbrizli fəal Elman (Mehdi) Nuri Cənubi Azərbaycanda siyasi fəalların üzləşdiyi problemlər və təzyiqlər barədə “Amerikanın Səsi” radiosuna danışıb. O, və onun 29 yoldaşı ötən il Ramazan ayının 12-ci günündə iftar zamanı həbs edildikdən sonra “ETTELAAT” əməkdaşları tərəfindən döyülmüş və məhkəmə qərarlarına əsasən müxtəlif müddətli həbs cəzalarına məhkum olunublar.

Məhkəmənin xüsusi xidmət idarəsinin sifarişini yerinə yetirdiyini deyən Elman Nuri İranın hökumət orqanlarından ədalət gözləmədiyini bildirib. O, İran hüquq-mühafizə qurumlarının cənublu fəalları ABŞ və İsrailə işləməkdə günahlandırdığını deyərək, ittihamların absurd olduğunu söyləyib.

Elman Nuri özünün və mübarizə yoldaşlarının qanuna–zidd hərəkət etmədiklərini israr edərək, İran hökumətinin yürütdüyü siyasətin Azərbaycan Türklərini əzdiyini vurğulayıb. Elmanın sözlərinə görə, Urmiyə gölünün quruduğu və azərbaycanlıların fundamental milli-mədəni hüquqlardan məhrum olduğu bir vaxtda o, haqq sözünü ucadan ifadə etməkdən başqa seçim görmür.