Əmək hüquqlarını tələb etmək işdən azad olunmaqla nəticələnib
“Azadlıq”ın redaksiyasına müraciət edən Qəzənfər Qasımov qanunsuz şəkildə işdən azad olunduğunu bildirib. Bu barədə Nəsimi Rayon Məhkəməsinə iddia ilə üz tutan Q.Qasımov üzləşdiyi problemin məğzini açıqlayıb:
“Mən Bakı vaqon deposu rəisinin 06 iyun 2012-ci il tarixli əmriylə vaqon bələdçisi işindən azad olunmuşam. Lakin mənim işdən azad olunmağım tamamilə qanunsuzdur. Qeyd edim ki, 1990-cı ildən indiyədək vaqon bələdçisi işləmişəm. Bu müddətdə heç bir intizam xətasına yol verməmişəm və barəmdə intizam məsuliyyəti olmayıb. Vaqon bələdçilərinin əmək hüquqlarının pozulmasına etirazım işimi itirməyimlə nəticələnib. Belə ki, bələdçilərə əmək haqqı çox az miqdarda verilir, heç bir güzəşt tətbiq olunmur, ezamiyyət pulunu ala bilmirik, vaqonların təmiri və xidmətlə bağlı yaranan xərclər üçün vəsait bələdçilərdən alınır. Həmçinin, özəlləşmə prosesində vaqon bələdçiləri kənarda saxlanılır, bütün bunlar qapalı gedir, özəlləşdirmə çekimiz özümüzdə istifadəsiz formada qalıb. Vaqon bələdçiləri ilə bağlanan əmək müqavilələri qanunauyğun şəkildə tərtib olunmur, əmək müqavilələrindəki əməkhaqqı, iş normaları və sosial güzəştlərlə bağlı bəndlər boş saxlanılır və bizə belə müqavilələri imzalamaq tələb olunur. Yeni qəbul edilən bələdçilərə bizdən çox əməkhaqqı verilir və bu ayrı-seçkiliyin səbəbləri izah olunmur.
Mətbuatda bu barədə çıxışlarımız olub, lakin vaqon deposu müdiriyyəti problemləri həll etmək əvəzinə, məni və digər işçimizi qondarma əsaslarla işdən azad edib. Mənə qarşı əmək münasibətlərində depo rəhbərliyi ayrı-seçkiliyə yol verdiyi qeyd edilməklə işə bərpa olunmağım və həmin dövrə qədərki əməkhaqqımın ödənilməsi barədə məhkəmənin müvafiq qətnamə çıxarmasını xahiş edirəm”.
Sosial şöbə