Xamneyi Qarabağ fətvasını indi niyə verdi?

Elxan Şahinoğlu: “Azərbaycanın torpaqlarını işğal edən dövlətin başçısı ilə öpüşüb-görüşən şəxs Qarabağın işğalını pisləyən fətva verməz”

Iran Islam Respublikasının Islam Şurası Məclisinin Ərdəbil şəhəri üzrə deputatı Mənsur Həqiqətpur bu ölkənin dini rəhbəri Xamneyinin işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı fətva verdiyini açıqlayıb.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ayətullah Xamneyiyə müraciət etdiklərini deyən deputatın sözlərinə görə, dini lider Qarabağın Islam torpağı olduğunu və oranın azadlığı uğrunda və qeyri-müsəlmanların hökmranlığına qarşı hərəkətdə canını itirənlərin şəhid olduğunu bildirib. Ərdəbilli deputat Iran parlamentində Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edəcəklərini də açıqlayıb. Onun Xamneyinin adından açıqladığı fikirlərə digər mənbələrdə rast gəlinməsə də, Iran dini liderinin belə bir bəyanat verə biləcəyi diqqəti cəlb edir. Əgər Xamneyi həqiqətən də Qarabağla ağlı fətva veribsə, bu addım niyə məhz indi, iki ölokə arasında münasibətlər gərgin olan bir məqamda atılıb? Məlum məsələdir ki, Iranla Ermənistan arasında isti münasibətlər var və Azərbaycanın dəfələrlə etdiyi müraciətlərə baxmayaraq rəsmi Tehran mövqeyini dəyişməyib. Belə olan halda Xamneyinin fətvası olubsa, bu nəyə xidmət edə bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, iranlı millət vəkilinin dilə gətirdiyi bu fikirlər hələ Xamneyinin belə bir fətva verdiyini anlama gəlmir. Əgər bəyanat Xamneyinin adından yayılsaydı, bu halda onun fətva verdiyinə inanmaq olardı.
Ekspert bir müddət əvvəl də Xamneyinin Dağlıq Qarabağın işğalını pisləməsi ilə bağlı fikir yayıldı, lakin sonradan bunun da yalan olduğu üz çıxdı: “Təxminən bir il, il yarım bundan əvvəl dedilər ki, Xamneyi Dağlıq Qarabağın işğal altında olmasını pisləyib. Hətta Azərbaycandakı dini dairələr bunu geniş yaymağa da çağırdı. Sonradan məlum oldu ki, belə bir çağırış yoxdu. Indi də onun belə deməsinə tam əminlik yoxdur”.
Ekspert Azərbaycanın torpaqlarını işğal edən dövlətin başçısını Tehranda qarşılayan şəxsin belə bir fətva verməsini, ümumiyyətlə, real hesab etmir: “Xamneyi Ermənistan prezidentini qəbul edib, onunla öpüşür-görüşür, ikitərəfli münasibətləri geniş müzakirə edir. Belə dini lider birmənalı şəkildə Azərbaycanın torpaqlarının işğalını pisləməz”.

Fizzə