AXCP Sumqayıt şöbəsi aksiyalara hazırlaşır. Bu barədə qəzetimizə şöbənin sədri Kamaləddin Vilayətoğlu məlumat verib. Onun sözlərinə görə, aksiyalara səbəb Sumqayıtda siyasi fəaliyyətə yaradılan məhdudiyyətdir:
“Biz qərargahla təmin edilməyimizlə bağlı Sumqayıt Şəhər Icra Hakimiyyətinə müraciət etmişdik. Lakin bizə cavab veriblər ki, məsələni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə həll edin. Halbuki qanunda yazılıb ki, icra hakimiyyətləri partiyaların siyasi faliyyətlə məşğul olmasını təmin etməlidir. Biz problemi dialoq yolu ilə həll etmək istədik. Icra hakimiyyətinin rəhbərliyinə görüş barədə müraciət etdik. Lakin görüşdən yayınırlar. Ona görə də qərara almışıq ki, görüşlə bağlı növbəti dəfə müraciət etmişik. Əgər yaxın günlərdə müraciətimizə cavab verilməsə, aksiyalara başlayacağıq. Ilk aksiyanı isə avqustun 13-də keçirməyi planlaşdırırıq. Tələbimiz o olacaq ki, bizə siyasi fəaliyyətlə məşğul olmağa şərait yaradılsın”.