Əsgərlərimizi kim öldürür?

Üzeyir Cəfərov: “55 nəfərin ölümü, 60 nəfərin yaralanması böyük bir taqım səviyyəsində şəxsi heyətin sıradan çıxması deməkdir”

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin apardığı monitorinqin nəticələrinə görə, ordumuz 7 ayda 55 nəfər itki verib. Həlak olanların cəmi 12 nəfəri döyüş, 2-si mina, 1-i əməliyyat, 40 nəfəri isə qeyri-döyüş itkiləridir. Yaralanan və xəsarət alanları bura əlavə etsək, 100 nəfərdən çox say alınır. Situasiyanı diqqətlə müşahidə edəndə belə çıxır ki, erməni gülləsindən həlak olanlar hərbi hissə daxilində dünyasını dəyişənlərdən daha azdır.
Hərbi ekspert Üzeyir Cəfərov sözügedən fakta diqqəti çəkərək  vəziyyətin olduqca narahatlıq yaratdığını söyləyir. Son vaxtlar bir-birinin ardınca baş verən faciələr gündəmə çoxlu suallar çıxarıb və onlara tezliklə aydınlıq gətirilməlidir: “Sanki hansısa qüvvələr ordu üzərində gəzərək faciələr yaşanmasına çalışır. Bu da əsgər itkilərində özünü göstərir.  Bu müddətdə 12 nəfər düşmən gülləsindən həlak olub, 10 nəfərə yaxın əsgər isə intihar edib. Hərbi prokurorluğun tutduğu yanlış mövqe hadisələrin cəmiyyətdən gizli saxlanmasına gətirib çıxarıb. Əsgərin evə gəlməsinə bir neçə gün qalmış onun həlak olması və yaxud intihar etməsinin səbəbləri açıqlanmır. Gənc yaşda və problemlərdən bir qədər uzaq olan əsgərin nədən silahla ehtiyatsız davranması araşdırılmır. Ümumiyyətlə, əsgərin silahla ehtiyatsız davranmasına mərhələlərlə ən yüksək səviyyəyədək cavabdeh şəxslər var. Hadisələrə nəzər salanda hansı səbəblərdən əsgərin özünə qəsd etməsi və digər suallar açıq qalır”. Ü.Cəfərov hazırkı vəziyyətdə durumun həddən artıq kritik olmasını vurğulayaraq belə getsə, 2012-ci ildə əsgər ölümlərinin keçən ilki sayı ötüb-keçəcəyini söylədi: “Keçən ilin 12 ayı ərzində əsgər ölümlərinin sayı 100 nəfəri keçmişdi. Hazırkı vəziyyət isə daha ağırdır, yəni 55 nəfər dünyasını dəyişib, 60 nəfər yaralanıb və bu, böyük bir taqım səviyyəsində şəxsi heyətin sıradan çıxması deməkdir. Bu vəziyyətin düzəlməsi üçün müvafiq qurumlar təcili iş görməlidir. Yüksək çinli şəxslər Bakıda oturmamalıdır, onlar ətrafındakı zabit aparatıyla cəbhə bölgəsində vəziyyəti araşdırmalı, hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir. Bunlar olmasa, vəziyyət getdikcə mənfiyə doğru gedəcək. Milli orduda az qala hər gün əsgər ölümünün baş verməsi təcili olaraq araşdırılmalıdır”.

Nigar