Rusiyanın aqibəti necə olacaq?

Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxandan sonra sanki rusiyalı analitiklər bu ölkəni və bu regionu yenidən kəşf ediblər. Bunu anlamaq mümkündür. Indi onları bir sual düşündürür. Məsəl var, deyirlər ki, müqəddəs yer boş qalmır. Onlar da indi baş sındırırlar ki, görən, o regionda Rusiyanın boşalmış yerini kim tutacaq? Boşalmış yerdə isə indi bircə siyasi vektor var – o da ABŞ-dır. Rusiyanı da narahat edən budur.
Mənim isə bu məsələyə maraq göstərməyimin səbəbi budur ki, o region əvvəllər MDB-nin sarsılmaz qalası hesab olunurdu. Indi orada mərkəzdənqaçma meyllərinin baş qaldırması Rusiyanı MDB-nin lap ilkin formatına – slavyan ölkələrinin birliyinə qaytara bilər. Bu, isə Rusiyanı əhatə edən çətirin daralmasına daha bir təkan verə bilər.
Qeyd etdiyimiz kimi, indi regionda fəal vektor ABŞ hesab edilir. Bu ölkə bölgədə dəfələrlə vitse-prezidentlər, dövlət katibləri səviyyəsində təmsil olunub. Indisə belə xəbər dolaşır ki, administrasiya bir qədər də irəli gedərək prezidenti bu bölgəyə səfər etməyə təhrik edir. Əgər bu səfər baş tutsa, bu, ABŞ prezidentinin Mərkəzi Asiyaya ilk səfəri olacaq. Bunun isə təkcə diplomatik deyil, həm də ciddi siyasi və hərbi nəticələri ola bilər.
Rusiya Mərkəzi Asiyaya tək öz nüfuz sferası kimi yox, həm də böyük hərbi bazar kimi baxır. Rusiyalı təhlilçilərin yazılarından belə bir nüansı hiss etmək mümkündür ki, bu ölkə məhz həmin bazarın onun əlindən çıxmasını arzulamır. Amma proses yavaş-yavaş gedir. ABŞ öz maraqları üçün olsa da, Mərkəzi Asiya ölkələrinə çoxlu silah-sursat yığır. Istisna olunmur ki, əfqan epopeyası bitəndən sonra bu silahlar təmənnasız olaraq region ölkələrinə veriləcək. Artıq o vaxt köhnəlmiş Rusiya silahlarına ehtiyac olmayacaq.
Bir məsələ də var ki, Mərkəzi Asiyanın ABŞ-ın maraq dairəsinə daxil olmasının, hətta Cənubi Qafqazdakı geosiyasi teatra da təsiri ola bilər.
Əvvəllər məsələ bir qədər fərqli şəkildə nəzərdən keçirilirdi. Politolq Z.Bjezinski bu regiona Qafqazdan daxil olmağı məsləhət görürdü və Azərbaycanı bu məsələdə çox ciddi amil kimi dəyərləndirirdi. Amma hadisələr elə gətirdi ki, ABŞ regiona köməkçi faktor olmadan, birbaşa daxil oldu. Indi əks əlaqə daha çox maraq kəsb edir. Söhbət həm də ABŞ-ın regionda güclənməsinin Cənubi Qafqaza təsirindən gedir. Bu yaxınlarda belə xəbər yayıldı ki, ABŞ Azərbaycanın dəniz boyu sərhədlərini hava hücumundan müdafiə sistemlərilə təmin etmək niyyətini izhar edib. Bu o deməkdir ki, artıq Xəzər regionu da ciddi hərbi-siyasi teatr kimi formalaşmağa başlayır. Ümumiyyətlə, ABŞ-ın Mərkəzi Asiyada özünü təsdiq etməsi iki amildən asılıdır. Bu amildən biri yerli, digəri isə regional və məhəlli xarakter daşıyır. Yerli amil sadədir. Məsələ bundadır ki, ölkələrində özlərini feodal kimi hiss edən bəzi dövlət başçıları belə, bu dünyanın siyasət teatrında özlərini aciz, kimsəsiz hiss edir və daim hami axtarışında olurlar.
Rusiyanın 5 inkişaf sxemi
Mərkəzi Asiya ölkələrini, eləcə də bəzi digər dövlətləri “böyük qardaş”, ya da etibarlı hami aramağa vadar edən ciddi amillərdən biri də Rusiyadır. Bu ölkələrin daxili transformasiyası da, geosiyasi orientasiyası da çox mühüm bir şəkildə Rusiyadan asılıdır. Rusiya və onun gələcəyilə bağlı isə dəqiq və ciddi təxminlər yoxdur, yalnız ehtimallar var. Almaniyalı politoloq A.Rar bu ölkə ilə bağlı 5 ehtimal söyləyib.
Birincisi: Hər şey olduğu kimi qalır, Rusiyada rejimlər biri-birini əvəz edir və bu ölkə indiki kimi öz ətrafına narahat anlar yaşadır;
Ikincisi: Ukrayna, Belarus, Moldova və Cənubi Qafqaz ölkələri Avropanın bir hissəsinə çevrilir. Mərkəzi Asiyanın bir hissəsi Çinin, digər hissəsi isə Orta Şərqin təsiri altına keçir;
Üçüncüsü: Rusiya slavyan ittifaqı hüdudlarında və yaxud da Qazaxıstanla Avrasiya Ittifaqı çərçivəsində öz nüfuzunu qismən bərpa edir;
Dördüncüsü: Rusiya Avropa Birliyinin və NATO-nun üzvü olur, öz təsirini demokratik çərçivəyə salmağa başlayır;
Beşincisi: Rusiya 20 kiçik dövlətə parçalanır və siyasət səhnəsindən silinir.
Bu beş sxemdən hansı gerçək olacaq? Təəssüf ki, bunu heç kim bilmir…