Hansı Olimp, nə Olimp?

London olimpiadasında Azərbaycan idmançılarının uğursuzluğu, yaşanan biabırçılıq, ölkənin idman tarixinə yazılan ləkə hələ uzun müddət dillərdən düşməyəcək. AzTV-nin, ondan törəyənlərin, dövlət televiziyası ilə bəhsə girənlərin “Ilham Əliyevin idmana atalıq qayğısı” barədə sicilləmələrinin sonu belə olmalıydı…
Bundan sonra telekanalların idman uğurlarından danışmağa haqqı yoxdur. Rayonlarda hektarlarla torpağı zəbt edən olimpiya mərkəzlərinin qırmızı lenti solmamış Azərbaycan dünya idmanının ən ali məclisində necə gərəkdisə, o cür biabır oldu. Bir-birinin dalınca düzülən məğlubiyyətlər, qələbənin məğlubiyyətə çevrilməsi, bilet satışı qalmaqalı, Ağacan Əbiyevin olimpiadadan uzaqlaşdırılması… Olimpiya çempionu Elnur Məmmədlinin anlaşılmaz məğlubiyyəti… (Yeri gəlmişkən, həmkar yoldaşlar, Elnura qarşı çox da aqressiv olmayın, mənəvi zərbələrinizin gücünü bir qədər azaldın, gənci sındırmayın. Baş verənlərdə o, sonuncu suçludur).
London olimpiadası-2012! Azərbaycan – acı məğlubiyyət! Ictimai televiziyanın yayım şansı nə telekanal, nə də hakimiyyət yiyələrinə düşərli oldu. Idman şərhçiləri çətin duruma düşdü; yuxarı bığ, aşağı saqqal. Sosial şəbəkələrdə ildırım sürətilə yayılan məğlubiyyət xəbərlərini dilə gətirmək və gətirməmək qorxusu, bu xəbərlərin fonunda yaradılması mümkünsüz olan xoş ovqat. Yeri gəlmişkən, şərhçilərin səviyyəsi çox aşağıdır. Ekranda görünəndən savayı hər hansı bilgi verə bilmirlər. Ötən illərin qaliblərindən, yarış iştirakçılarının bioqrafiyasından söz açılmır. Hər nə qədər gözlənilən və qanunauyğun olsa da, London olimpiadasındakı biabırçılıq Azərbaycan hakimiyyətinin adına yazılsa da, dünya çapında bizim hər birimizin adınadır. Şəxsən mən bunu istəməzdim. Amma nə etməli, hakimiyyət əkdiyini biçir.
Ötən ilin avqustunu xatırlamaq yetər. BBC-nin 2012-ci ilin London olimpiadasınınÿmedallarının Azərbaycandan olan investora satılması barədə açıqlamalarının yer aldığı verilişin sonucudur bu. Qanunlarla idarə olunan korrupsiyalaşmamış ölkələrdə televiziyanın gücüdür bu. Bir veriliş Azərbaycanın olimpiadada taleyini həll etdi. BBC 2011-ci ilin yayında AIBA ilə Azərbaycan Boks Federasiyası arasındakı medal alverinin üstünü açdı. Dialoq və şərhlər, arxa səslər üzərində qurulmuş verilişdən sitat:
“On ay sonra – 2012-ci ildə bütün ölkələrdən olan boksçular Olimpiya oyunlarının qızıl medalını qazanmaq ümidilə Londonda mübarizə aparacaqlar. Məhz Olimpiya boks oyunları barədə danışdığımız adamlar qeyd edir ki, mübarizə heç də qələbəyə aparan birbaşa yol deyil. Onlar deyirlər ki, medallar uyğun qiymətə alınıb-satıla bilər. Bu gün medalı satın almaqÿ asandırmı?
– Medalı almaq asandır.
– O, milyonlarla dollar gizli ödəmələrin qarşılığında Londonda qızıl medalların alınması barədə danışırdı.
– Azərilər medallarını aldığı zaman, Ümumdünya Boks Seriyası pulunu alacaq.
– Ivan lovğalandı ki, ÜSB-nin xərcləri ödəmək imkanı barəsində narahat olmağa gərək yoxdur. Azərilər medallarını aldığı zaman, ÜBS pulunu alacaq.
Biz bu iddiaları Ivan Xodabaxşa çatdırdıq:
– Bizə deyiblər ki, siz 10 milyon dollar əvəzində 2012-ci il London olimpiadasında Azərbaycana iki qızıl medal təklif etmisiniz…
– Bu yalandır. Yalandır. Tamamilə yalandır. Biz çox şəffaf bir təşkilatıq. AIBA şəffafdır. Biz idmana şəffaflıq gətirmək üçün hər şeyi etmişik.
– Onda niyə sizcə, insanlar belə deyir?
– Ola bilsin ki, sizin boksda nələrin baş verdiyi barədə heç bir fikriniz yoxdur, hansı ki burada .. şübhəli insanlar işləyir.
– AIBA-nın hüquqşünasları deyirlər ki, borc müqaviləsinin qızıl medallar müqabilində bağlanması iddiaları boş və yanlışdır. Onlar deyir ki, AIBA-nı korrupsiyada ittiham etmək ədalətsizdir. Onlar həmçinin deyir ki, Olimpiya boks oyunlarının saxtalaşdırılması mümkün deyil.
– Şübhəsiz ki, bu iddialar idmana daha bir zərbə vurdu. AIBA deyir ki, bunu araşdıracaq. Amma 2012-ci il London Olimpiya oyunları öncəsi Olimpiya boks idmanının düzlüyünü qorumaq üçün bu kifayətdirmi?”
Sitatın sonu.
O zaman Fövqəladə hallar naziri, Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov bütün ittihamları rədd etmişdi, BBC-ni hədələmişdi. Müxalifət mətbuatını günahlandırmışdı. Sonra ondan səs çıxmadı. Zaman sübut edir ki, BBC-də deyilənlər doğruymuş. Məhz həmin verilişin xidmətidir ki, alver gerçəkləşmədi. Medal satanlar geri çəkildilər, qorxdular. AIBA, London Olimpiadasının təşkilatçıları bu olimpiadada Azərbaycan idmançılarına diqqəti qat-qat artırdı, həm onların çıxışını, həm də Azərbaycandan gələn nümayəndə heyətinin fəaliyyətini ciddi nəzarətdə saxladı. Bəlkə 10 milyonla bağlı danışıqları Ağacan müəllim aparıbmış. Əlbəttə, bu hələlik versiyadır. Amma zamanla təsdiqlənə də bilər.
Azərbaycan televiziyaları “qurbağa xoru” kimi səs-səsə verməklə deyil, onların yaratdığı idman mifini BBC bircə həmləylə heçə endirdi. Sağ ol, BBC. Indi Elnur Məmmədli neyləsin? Azərbaycan idmanının başında duran “dəllal” qardaşlar verdikləri sözü tuta bilmədilər. Olmayanda olmur!

Sənubər İsmayılqızı