Füzuli Ələkbərov “ippona düşüb”

fuzuli elekberov2Cüdoçularımızın uğursuzluğu nazirin “vurulması” üçün əlavə əsas yaradıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ölkə başçısı Ilham Əliyevin “qara siyahı”sına düşüb. “Azadlıq”a daxil olan məlumatlara görə, hakimiyyətin korrupsiya qarşısı mübarizə şousu çərçivəsində daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının həbs olunması da bununla bağlıdır. Bütün bunlar Füzuli Ələkbərovun “vurulması” üçün hazırlanan planın tərkib hissəsidir.
Əldə etdiyimiz məlumatlara görə, nazir hətta olimpiada ərəfəsində Londonda keçirilən “Azərbaycan günləri”ndə belə Ilham Əliyevin yaxınına buraxılmayıb. Cüdo Federesiyasının prezidenti kimi Londona gedən Füzuli Ələkbərov həmin tədbirdə digər federasiyaların rəhbərləri olan nazirlərdən fərqli olaraq kənarda dayanıb. Bu da Füzuli Ələkbərovun artıq Ilham Əliyevin yanında etimadını itirməsi kimi dəyərləndirilir. Digər tərəfdən olimpiadada cüdoçularımızın uğursuz çıxışları da ölkə başçısının qəzəbinə səbəb olub. Bu uğursuzluq Füzuli Ələkbərovun ayağına yazılıb və onun  “vurulması” əlavə əsas yaranıb.
Ona görə də ehtimal edilir ki, nazir prezident seçkisinə qədər istefaya göndəriləcək. Hətta onun həbs edilə biləcəyi də deyilir.

Hikmət