“Le Monde” Azərbaycanın ikiyə bölünməsi və hazırkı durumu barədə yazdı…
Bir müddət əvvəl ABŞ Konqresinin Respublikaçı üzvlərindən biri Azərbaycanda və Iranda yaşayan azərbaycanlıların birləşməsinə yardım göstərmək üçün Amerika hökumətinə çağırış etmişdi. Indi də dünyanın ən nüfuzlu media orqanlarından olan Fransanın “Le Monde” qəzeti bu mövzunu gündəmə gətirib.
“Le Monde”dakı məqalədə əvvəlcə Azərbaycanın tarixi, o cümlədən 1828-ci ildə Türkmənçay müqaviləsilə onun bölünməsindən, hazırda Iranda təxminən 20 milyon azərbaycanlının yaşamasından bəhs olunur.
Daha sonra Iranda yaşamış, lakin oradakı repressiv rejim üzündən oranı tərk eləmək məcburiyyətində qalmış 26 yaşlı Həbib Səhərin fikirlərinə yer verilib. Ixtisasca heykəltəraş olan Həbib Irandakı acınacaqlı durumdan danışıb.
Həbib Bakıda yaşasa da, arzusu Fransaya köçməkdir: “Fransız dilini öyrənməyə başlamışam, arzum Parisdə yaşamaqdır. Çünki mən azad şəkildə öz pəncərəmdən baxmaq istəyirəm…”
Məqalə müəllifi Iran və Azərbaycan arasında ikitərəfli münasibətlərə də diqqət yetirib. Qeyd olunub ki, bu iki ölkə arasında münasibətlər ürəkaçan deyil. Xüsusən, “casus həbsləri” vasitəsilə bu dövlətlərin bir-birinin ünvanına ittihamları münasibətləri bir qədər də gərginləşdirib.
“Le Monde” sözügedən məqalədə Azərbaycanda hazırkı siyasi rejimə də toxunub. Müəllif yazır ki, bu ölkədə “əbədi” və “bölünməz” Əliyevlər hakimiyyəti hökm sürür. Həmçinin xatırladılır ki, Azərbaycanda hakimiyyət atadan oğula – “Politbüro” üzvü Heydər Əliyevdən Ilham Əliyevə ötürülüb. “Bu ölkədə yol gedərkən hər yerdə Heydər Əliyevin şəkillərini, heykəllərini görmək olar. O, sanki Lenin kimi kütləyə müraciət edir…”, – deyə məqalədə qeyd olunub.
Informasiya şöbəsi