Londondakı olimpiya oyunları Azərbaycan hakimiyyətinin son iki həftədə ikinci ağır fiaskosudur. Əvvəlcə qəbul imtahanlarında balların 150-yə endirilməsi ilə bunların təhsil siyasətinin iflası rəsmiləşmiş oldu, ölkənin savadsızlığa, cəhalətə təslim edildiyinə şübhə yeri qalmadı. Indi isə illərdir “idmana atalıq qayğısı” barədə nağılların acı sonluğuna şahidlik edirik. Idman federasiyalarının oliqarxlar tərəfindən çirkli pulların yuyulma vasitəsinə çevrildiyi, idmançı adı altında etirazçı insanları döymək üçün daha çox qoluzorluların, qoçuların yetişdirildiyi ölkədə belə bir sonluğa onsuz da heç kimin şübhəsi yox idi.
Əslində hətta olimpiadada babat medal-zad alsaydılar da, mənə heç bir isti-soyuğu olmazdı. Mənim bunların idman qələbələrinə sevinmək üçün heç bir əsasım yoxdur. Belə qələbələr nəhəng korrupsiyanın xırda nailiyyətlərindən başqa heç bir anlam daşımır. Çovdar yatağındakı qızılları mənimsəyib sonra da xalqın başını bir-iki qızıl medalla qatmağa çalışmaq çox gülməlidir.
Dünən Sabirabadın Əsgərbəyli kənd sakini Ilham Əmiraslanovun sifarişli, qanunsuz həbsi ilə bağlı onun vəkilinin açıqlamalarını oxuduqdan sonra isə mən, ümumiyyətlə, Azərbaycan və olimpiya sözlərini yanaşı işlətməyi absurd hesab edirəm. Ilham bəy Kür daşqınlarından zərər çəkənlərə ayrılan kompensasiyaların mənimsənilməsinə etiraz edirdi, hakimiyyət bu fəal, vicdanlı vətəndaşdan xilas yolunu onu şərləyərək həbsə atmaqda gördü.
Onun vəkili Samir Isayev dünənki açıqlamalarında Əmiraslanovun həbsinin təfərrüatlarından danışarkən deyib: “Iyunun 8-də bir neçə polis və DIN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşları ona hücum ediblər, başına torba keçiriblər və maşına oturdublar… Əmiraslanovu Sabirabaddakı olimpiya kompleksinə aparıblar, burada stula bağlayıblar və döyməyə başlayıblar”.
Ilham Əliyev deyirdi ki, o, olimpiya komplekslərini idmanın inkişafı məqsədi ilə tikdirir, amma buyurun, oradan vətəndaş cəmiyyəti fəallarını cəzalandırmaq, döymək, işgəncəyə məruz qoymaq məqsədi ilə yararlanırlar. Sonra da deyirlər, nədir London olimpiadasındakı fiaskonun səbəbi?
Daha nə olacaq, yetişdirdikləri idmançıların əlindən adam döyməkdən, əzələsini, qolunun gücünü öz vətəndaşlarınıza nümayiş etdirməkdən başqa bir iş gəlmir, tikdikləri olimpiya komplekslərindən isə Gestapo kimi istifadə olunur. Bundan sonra nəinki hansısa olimpiadadan medal gözləmək, hətta Azərbaycan və olimpiya sözlərini yanaşı işlətmək absurddur, özünü gülməli vəziyyətə salmaqdır.
Həyasızlığın bu qədəri
Hakimiyyətin Almaniyaya qəzəbi səngimək bilmir, “Eurovision” ərəfəsində bu ölkə mətbuatının, ombdusmanının, Bundestaq deputatlarının Azərbaycanda hüquq və azadlıqların durumu ilə bağlı həqiqətləri dilə gətirməsi Əliyevlərə necə dağ çəkibsə, AzTV üzərindən saldırmaqda davam edirlər.
Facebook-da oxudum ki, indi də alman səhiyyəsi haqqında “ifşaedici”, tənqidi süjet yayıblar, onu yerdən yerə vurublar.
Əvvəla, sadə vətəndaşlarının yarıdan çoxunun Iran, Türkiyə, Rusiya, Gürcüstan, imkanlı şəxslərinin isə, demək olar, hamısının Avropa və Amerika səhiyyəsinə etibar etdiyi bir ölkənin başbilənlərinin öz gözlərində tiri görməyib başqasının gözündə qıl axtarması həyasızlıqdan, sırtıqlıqdan başqa bir şey deyil.
Ikincisi, hətta Ramiz Mehdiyevin belə, müalicə üçün Almaniyanı seçdiyi halda, qalxıb alman səhiyyəsini söymək yaptokratların vicdan anlayışını tamamilə itirdiyinin göstəricisidir. Ən azı, hazırda həmin ölkədə müalicə alan bir nömrəli saray şairinizə görə, ayıbınıza kor olun, susun.
Qısa və konkret
Danışma səbəbi nə olur olsun…
Və danışdıqlarında da nə qədər haqlı olur olsun, həm Əliyevlərə qarşı olduğunu bəyan edib, həm də Əliyevlərə birbaşa bağlılığı, bəlli misyonlarla – demokratik düşərgəyə yeni nifaq toxumları səpmək, bu düşərgəni aşağılamaq və alçaltmaq kimi məqsədlərlə yaradıldığı şübhə doğurmayan, rejimə toz qondurmayan, buraxın iribuynuzlu məmurları, hətta JEK müdirlərini belə, tənqid etmək cəsarəti, mərifəti çatmayan KIV-lərdən müxalifətin ünvanına tənqid səsləndirənlərin ictimai əxlaqı və hakimiyyətə qarşı mövqeyindəki səmimiyyəti dartışılır.

Bir Ilhamın tikdiyi olimpiya kompleksində başqa bir Ilhamı necə döydülər?
•
•