17-ci “zon”un alabəzək rəngi…

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Azərbaycan şəraitində həbsxana rəislərinin pul müqabilində rejim güzəştləri sistematik şəkildə baş vermir. Ona görə yox ki, bizdə qanunlar möhkəmdir. Əksinə, bizdə rəsmən mövcud olan qanunlara tüpürmək istəyən belə yoxdur. Sadəcə, başqa, daha cinayətkar qanunlar var. Bu, maliyyə piramidasıdır. Azərbaycanda idarəetmə mafiyası aşağıdan yuxarı darala-darala gedən və ən yuxarıda bir nöqtədə birləşən piramida şəklindədir. Həbsxanalar da bir şəbəkə olaraq, bu piramidanın tərkib hissəsidir. Əgər lap yuxarıdakı nöqtədən uyğun göstəriş gəlsə, “pul əvəzinə rejim” düsturu işə salınar və bu düsturun işləməsi nəticəsində yığılan pullar da həmin piramidanın bir elementinə çevrilər. Bizim ölkəmizdə rüşvətin və korrupsiyanın “vahid kassa” sistemi mövcuddur. Həbsxana rəislərinin də bu vahid kassanın şişməsi üçün təşəbbüs göstərməmək imkanları yoxdur. Buna görə də onlar sadəcə, nəzarətdən kənar və ya qeydə alınması mümkün olmayan vasitələrdən istifadə edərək qazanırlar. Bu, dustaqların inzibati qaydaları pozması faktlarının pul müqabilində qeydə alınmamasıdır. Bu sistem həbsxana rəislərinin şəxsi mənafelərinə daha çox uyğundur. Bütövlükdə inzibati rejim qaydalarını “topdan” satmaqdansa, ayrı-ayrı qayda pozuntularının, bir növ, “pərakəndə satışı”nı təşkil etmək daha gəlirlidir.
17-ci zon klassik mənada “qara zon” deyildi. Amma oranı “qırmızı zon” da adlandırmaq olmazdı. “Qırmızı zon”larda inzibati qaydalardan əlavə, dustaqların ictimai özünüidarə mexanizmi də yaradılır və bu mexanizm də sərt inzibati nəzarət altında işləyir. 17-ci zonda da belə ictimai özünüidarəetmə mexanizmi vardı – “Müəssisə Kollektiv Şurası” adlanan bu mexanizm Cəzaların Icrası Məcəlləsinə uyğun olaraq, müdiriyyətin nəzarəti (və istəyi) ilə dustaqlar arasından seçilir. Əslində, bu mexanizm dustaqlar arasında “işverənliyin” rəsmiləşdirilməsidir. Dustaqlar öz istədikləri adamı bu Şuraya seçə bilməzlər, təbii ki! Eyni zamanda, dustaqların həqiqətən istədiyi adamlar da bu Şuranın tərkibinə düşməyə razılıq verməzlər. Bu, “padlo” tərkibdir, buraya düşmək – müdiriyyətin istənilən tələbilə dustaq mühiti barədə müntəzəm məlumatları çatdırmaq öhdəliyinin qəbul edilməsi deməkdir. 17-ci zonda, bizim qapalı korpusumuzda da belə bir Şura müəyyən edildi. Maraqlıdır ki, Şuranın müəyyən edildiyi iclasda üzümə salıb da iştirak etməyimə, bu Şuranın üzvü olmaq istəyimi təkidlə səsləndirməyimə baxmayaraq, məni oraya daxil etmədilər. Dəstə rəisi ilə bunun üstündə dustaqların yanında bir öcəşməm də oldu. “Nəyinə lazımdır?” sualına cavab olaraq, “Korpusun divar qəzetini hazırlayacağam, axı mən qəzetçiyəm”, – dedim. “Sən mənim axırıma çıxmaq istəyirsən! Mən ölüm, əl çək yaxamdan”, – dedi və hamı dəstə rəisinin bu həyəcanını gülüşlə qəbul etdi.
17-ci zon, daha doğrusu, özümün yerləşdiyim 2-ci korpus “qırmızı deyildi”, amma “qara” da deyildi. Müəssisə Kollektiv Şurasını burada saya salan yox idi. Onlar özləri də zatən, bunu bilib kirimişcə, hətta qorxa-qorxa mövcudluqlarını sürdürürdülər. Şuranın sədri Yevlaxdan Səyyaf adlı 55 yaşlı bir adam idi, narkomaniya ilə tutulmuşdu, o da puldan-paradan xərcləyib, əvvəlcə “sentrala” (Penitensiar Xidmətin Mərkəzi Xəstəxanası belə adlanır) getdi, oradan qayıdandan sonra isə “sançast”a yerləşdi və cəzasının sonuna qədər korpusa qayıtmadı. Niyəsini Allah bilir. Hər halda, “zon”da kiminsə onunla işi olmayacaqdı. 17 o qədər “qara” deyildi ki, MKŞ-nin rəhbərinə divan tutaydılar; o qədər də “qırmızı” deyildi ki, Səyyaf kişi rahatca gəzib-dolanaydı! Anlaşılmazlıqdı və bu anlaşılmazlığın içində baş çıxarmaq Səyyaf kişinin ruhuna uyğun gəlmirdi. Amma Səyyafın bir “dovodilo” “xlebnik”i vardı, Allah göstərməsin! (“Dovodilo”- “boğaza yığmaq” deməkdir, yəni adamı cana gətirən, “vur, məni öldür, düş zibilimə” deyən adam). Adı yadımda deyil. Qoy, “Dağlar” deyək, qürrələnsin özü üçün…
Barakda gündüz saatlarında yatmağın hansı zillətlərə son qoyduğunu və hansı zillətlə əldə edildiyini dedim, axı! Bir müddət sonra, barakda hətta nərd oynamağa da başlamışdıq. Bu “Dağlar” gedib “ment”lərə şikayət etmişdi ki, bir para adam (kimlərinsə adını da demişdi) barakda nərd oynayır və bizi istirahət eləməyə qoymur. Onun kimlərin adını verdiyini bilirəm və mənim də adım həmin “siyahıda” idi. Axmaq bir vəziyyət yaranmışdı. Müdiriyyət həm gündüz yatmaq adətini ləğv eləyə bilərdi, həm də nərd oynamaq və sair məşğuliyyətləri; ümumən isə rejimin yivlərini yenidən bərkitmək fürsəti qazanmışdılar.
Rəis müavini mənimlə söhbətində “Dağlar”ın şikayətini çatdırdı və “deyəsən, biz orada qayda-qanunu yenidən bərkitmək işinə baxacağıq”, – dedi.
“Samir müəllim, – dedim, – bu yaramazı hələ tutulmamışdan əvvəl yançağından bıçaqlayıblar. Ona görə ki, adamı boğaza yığıb. O da həmin adamı tutdurub, təbii. Bu söhbəti, yəni onun dustağının olduğunu çox adam bilmir. Amma onun ətrafında söz-söhbət yayılsa, bilənlər çox olacaq. Ikincisi, elə bu söhbətə görə də onun başı ağrıyacaq. Sonra onu hansı korpusa atsaz, orada da adamların zəhləsini töküb bir problem yaradacaq. Yatmaq məsələsi Eyvaz müəllimin razılığı ilə olub. Indi rəis, ”daha yatmaq olmaz” desə, onun avtoritetinə yaxşı təsir göstərməz. Siz bu radikal addımlarınızı bir az ləngidin, bir şey fikirləşərik”, – dedim.
Samir müəllim yaxşı adam idi; yazıçı Əlfi Qasımovun bacısı oğludur, mütaliəlidir, analitik təfəkkürü var…
Buradaca iki haşiyə çıxım. Birincisi, burada ucdantutma hamını tərifləyirəm, sonra “srok” oturan qardaşlar məni düzgün başa düşməzlər. Məni onlara bağlayan xüsusi bir tellər-filanlar yox idi. Çalışırdım ki, oğru qaydaları olmasa da, dustaqların rahatlığı üçün nələrisə eləyək və kompromislər hər zaman tapılırdı. Ikincisi, məni Idarə işçiləri ilə tez-tez görüşməkdə də kimsə ittiham etməyə hazırlaşmasın. Bu görüşlərin başqa dustaqlara nisbətən məndə daha çox olması obyektiv səbəblərlə bağlı idi. Hər iki haşiyə barədə izahat olacaq, necə deyərlər, “obosnovat” eləyəcəyəm. Bir də, mən siyasi dustaq idim və elə bu da alibi üçün kifayətdir…

ardı var