Fikrət Məmmədov beynəlxalq qurumların qərarlarına istinad edir, Eldar Mahmudov isə saxlanma şəraitinə
Eynulla Fətullayev: “MTN-nin təcridxanasının Penitensiar Xidmətdən kənar fəaliyyət göstərməsi, qapalı olması Avropa penitensiar qaydalarının orada tətbiq edilməsini şübhə altına alır”
Ədliyyə naziri Fikrət Məmmədovla milli təhlükəsizlik naziri Eldar Mahmudov arasında münasibətlərin gərgin olması barədə məlumat vermişdik.
Bildirmişdik ki, Fikrət Məmmədov MTN-nin təcridxanasının Ədliyyə Nazirliyinin tabeliyinə verilməsini istəyir. Onun bu barədə məsələ qaldırması Eldar Mahmudovun ürəyincə olmayıb. Bu baxımdan da nazirlər arasında ziddiyyətlər yaranıb. Bəs bu məsələdə kim haqlıdır?
Hüquq müdafiəçisi Eynulla Fətullayev “Azadlıq”a bildirib ki, Avropada istintaq orqanlarının tabeliyində təcridxanaların olması təcrübəsi yoxdur. Yalnız bəzi postsovet ölkələrində istintaq orqanlarının nəzdində təcridxanalar var: “Bu sırada Rusiya, Belorusiya və Mərkəzi Asiya ölkələrini nümunə gətirmək olar. Lakin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnaməsinə görə təcridxanalar Ədliyyə Nazirliyinin tabeliyində olmalıdır. Həmçinin ATƏT-in də bu məsələ ilə bağlı oxşar qərarı var”.
Eynulla Fətullayev deyib ki, MTN-nin tabeliyində təcridxananın Ədliyyə Nazirliyinə verilməməsi orada saxlanma şəraitinin yaxşı olması ilə izah edilir: “2004-cü ildə ATƏT-in hesabatında MTN-nin təcridxanasında saxlanma şəraitinin digər təcridxanalara nisbətən yaxşı olduğu qeyd edilmişdi. O zaman hələ Kürdəxanıdakı təcridxana tikilməmişdi. Indi Azərbaycan tərəfi bunu əsas gətirərək MTN-nin təcridxanasının Ədliyyə Nazirliyinə verilməsinə ehtiyac olmadığını deyir. Açığı bu arqument mənə də təəccüblü gəlir. Çünki bu, təcridxananın Ədliyyə Nazirliyinə verilməməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd etdim ki, BMT-nin və ATƏT-in bununla bağlı konkret mövqeyi var. Şəxsən mən də hesab edirəm ki, MTN-nin təcridxanası Ədliyyə Nazirliyinə verilməlidir. Bu təcridxananın Penitensiar Xidmətdən kənar fəaliyyət göstərməsi, qapalı olması Avropa penitensiar qaydalarının orada tətbiq edilməsini şübhə altına alır. Doğrudur, rəsmi qurumlar orada monitorinq aparırlar. Amma bu şəffaflıq üçün kifayət deyil”.