Rusiya Azərbaycanı terrorla hədəfə ala bilər

vefa quluzade2Keçmiş dövlət müşaviri təhlükə barədə xəbərdar edir

Vəfa Quluzadə: “Rəsmi Bakı Dövlət Departamentinin hesabatını ciddiyə almalıdır”

Bir neçə gün əvvəl Iranın bir-iki həftə ərzinda başlanacaq müharibəyə hazırlaşdığı barədə məlumat yayılıb. Kəşfiyyat və Irandakı mənbələrə istinadən yayılan xəbərlərdə bildirilir ki, Iranın dini lideri Əli Xameneyi iyulun 27-də cümə namazından əvvəl ölkənin yüksək vəzifəli hərbçilərinin toplantısını çağırıb. Xameneyinin “son döyüş iclası” olaraq xarakterizə etdiyi yığıncaqda “bir neçə həftə ərzində müharibə gözlənilir” dediyi ortaya çıxıb. Bəs görəsən, Iranın müharibəyə hazırlaşdığı barədə informasiyanı nə dərəcədə inandırıcı saymaq olar. Politoloq Vəfa Quluzadə hesab edir ki, Iranın bu addımı növbəti dəfə Israilə qarşı yönəlib:

– Iran çox gözəl bilir ki, Israil təkbaşına Iranın nüvə obyektlərinə zərbə endirə bilər. Ona görə də Xamneyi vaxtaşırı bu cür xəbardarlıqlarla çıxış edir ki, Iran bir neçə həftəyə müharibə hazırlıqlarını yekunlaşdıra və ciddi qüvvə ilə çıxış edə bilər. Müharibənin başlanması isə o deməkdir ki, Iran Hörmüz körfəzini bağlaya, Iran sahillərinə yaxın ABŞ gəmilərinə hücum edə bilər. Yəni bu, Iranın Israilə növbəti xəbərdarlığıdır ki, əgər siz Iranın hərbi obyektlərini məhv etmək istəsəz, cavab çox ciddi olacaq.

– Bu yaxınlarda məlumat yayıldı ki, Iran Suriyaya 4 min nəfərlik silahlı dəstə göndərib. Iranın bir neçə həftəyə müharibəyə hazırlaşdığı xəbəri bu addımla əlaqəli ola bilərmi?
– Düşünmürəm ki, Iran Suriyada ciddi hərbi əməliyyatlara hazırlaşır. Əgər belə olsaydı, Iran kimi benyəlxalq normalara məhəl qoymayan dövlət Suriyaya bir neçə diviziya göndərərdi. Iran da çox gözəl bilir ki, Əsəd rejimi tamamilə məğlub olub və iqtidarın çökməsi artıq bir neçə həftənin işidir. Bütün bunların fonunda ABŞ xəbərdarlıq edib ki, Suriyanın müstəqil ordusuna hər cür dəstəyi nümayiş etdirəcək. Əsədin məğlubiyyətdən başqa çıxış yolu yoxdur. Təəssüf edirəm ki, Əsəd hazırda füsunkar təbiəti, gözəl şəhərləri olan Suriyanı darmadağın edir.

Rusiya ilə Azərbaycanın arasında ciddi problemlər var

– Beynəlxalq ekspertlər hesablayıblar ki, Iran ona qarşı tətbiq olunan sanksiyalara görə 133 milyon dollar itirir. Bu isə bir ilə 48 milyard deməkdir. Iran, sizcə, bu cür təzyiqlərə nə qədər dözəcək?
– Rejim özü bu sanksiyalara bir təhər dözsə də, xalqın üzərinə böyük ağırlıq düşür. Məsələn, Iranda ətin qiyməti fantastik bahalaşanda ölkədə toyuq ətinin istehsalı geniş yayılmışdı. Hazırda bu ət məhsulu da sanksiyalara görə bahalaşıb. Əslində Iranın müharibə bəyanatlarını tez-tez səsləndirməsi məhz sanksiyaların nəticəsidir. Yəni bu bir növ hədədir ki, əgər sanksiyalar Iranı çökdürürsə, siyasətdən imtina etməkdənsə, müharibəyə başlayaq.

– Rusiyalı politoloq, Siyasi və Hərbi Analiz Institunun direktoru müavini Aleksandr Xramçixinin fikrincə, Azərbaycan-Ermənistan müharibəsi gec-tez başlayacaq. O hesab edir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil…
– Bu, Azərbaycana qarşı bir hədədir. Azərbaycan Qərbyönümlü kurs seçdiyini elan edib. Azərbaycan Rusiyaya Qəbələ RLS-lə bağlı güzəşt etmək istəmir. Görünür, artıq iki ölkə arasındakı münasibətlər yalnız Qəbələ RLS-lə məhdudlaşmır. Azərbaycanın Israil ilə silah əməkdaşlığı Rusiyanın silah satışı ilə bağlı maraqlarına zərbə vurur. Ekspert bəyan edir ki, sülh imkanları tükənib. Rusiyaya görə münaqişənin, ümumiyyətlə, sülh imkanları olmayıb. Dəfələrlə Medvedev prezidentləri Moskvaya çağırsa da, sonradan bu görüşlər nəticəsiz bitib. Rusiyanın Qarabağ məsələsini həll etmək düşüncəsi yoxdur. Elə Azərbaycan torpaqlarını Rusiya Ermənistanın vasitəsilə işğal edib.

– Həmin ekspert eyni zamanda vurğulayıb ki, Qəbələ RLS artıq Rusiyaya lazım deyil. Rusiya Azərbaycanın nə qədər icarə haqqı istəməsindən asılı olmayaraq Qəbələ RLS-dən imtina etməlidir. Rusiya artıq Cənubi Sibirdə, Omskda müasir texnika ilə təchiz olunmuş RLS tikəcəyini bəyan edib. Bu stansiyalar Qəbələ RLS-in əhatə etdiyi zonadan da artıq ərazini əhatə etmək imkanına sahib olacaq…
– Burada başqa məqamlar var. Birincisi, RLS məsələsi belə ucuz başa gələrsə, Rusiya bundan xeyir götürə bilər. Qəbələ RLS Rusiyaya Hind okeanına qədər böyük əraziyə nəzarət etmək imkanı verir. Bu informasiyanı itirmək Rusiya üçün böyük itkidir. Amma Qəbələ RLS-dən imtina ilə Rusiya öz hərbçi kontingentinə də zərbə vurur. Çünki Qəbələ RLS-də xidmət edən rusların evləri yoxdur.
Annan planı vaxt udmağa hesablanmışdı

– Kofi Annan Suriya münaqişəsinin tənzimlənməsi üzrə BMT və Ərəb Liqası dövlətlərinin xüsusi təmsilçisi vəzifəsindən istefa verib. Bildiyiniz kimi, Suriyada problemin həlli üçün Annanın xüsusi planı var idi. Baş verənlər cərəyan edən proseslərə necə təsir edəcək?
– Kofi Annanın məqsədi problemi sülh yolu ilə həll etmək niyyətini dünyaya göstərməkdi. Annan BMT və Ərəb Liqası dövlətlərinin iradəsini ifadə edərək Suriyada sülh yaratmağa cəhd edirdi. Amma əvvəldən məlum idi ki, bu cəhd baş tutmayacaq. Çünki diktatura rejimləri heç zaman sülh variantına razı ola bilməzdilər. Dialoq, sülh variantı o deməkdir ki, Əsəd oturur yerində və özünün bir neçə qanlı nazirini çıxardıqdan sonra ölkəyə rəhbərlik edir. Hesab edirəm ki, Annan planı müstəqil ordu yaratmaq üçün vaxt udmaq cəhdi idi. Indi artıq Əsədə qarşı döyüşən müstəqil Suriya ordusu var və bu qüvvəni bütün dünya, ABŞ dəstəkləyir.

– ABŞ Dövlət Departamenti Rusiyanın cənubundakı proseslər barədə hesabat yayıb. Həmin hesabatda vurğulanır ki, Şimali Qafqazda qeyri-sabitlik Rusiyada terrorçuluğun “yayılmasına” zəmin yaradır. ABŞ-ın açıqladığı bu faktor Azərbaycan üçün müəyyən təhlükələr yaradırmı?
– Rusiya tədricən Ermənistanın ondan uzaqlaşacağını bilir və buna görə Qafqazdakı prosesləri nəzarətdə saxlamaq üçün Şimali Qafqazdakı qüvvələri vaxtaşırı qızışdıracaq. Bu isə Azərbaycana bir hədədir. Ona görə Dövlət Departamentinin hesabatındakı narahatlığı nəzərə alaraq biz ayıq olmalıyıq. Çünki Rusiya Qafqaza nəzarəti itirməmək üçün terrorçu qruplar vasitəsilə Azərbaycanı hədəfə ala bilər.

Xəyal