Olimpiadanı izləmirəm. Mənim olmayan Azərbaycanın çıxışları isə mənimçün zərrəcə maraqlı deyil. Izləmədiyimə görə, nə qələbələrə, nə məğlubiyyətlərə sevinirəm. Heç erməni idmançılar üzərində qələbə olsa belə, sevinmərəm. Çün bu idmançılar eyni uğurla bizim üzərimizdə də qələbə qazana bilərlər: mitinqçilər, etirazçılar, tənqidçi jurnalistlər, siyasilər və başqaları üzərində.
Tək-tük xəbəri də FB-dən tuturam. Zorən. Məsələn, hörmətli Isa Qəmbərin də nəsə idmaçıların məğlubiyyəti ilə bağlı açıqlaması vardı. Heç razılaşacaq fikir deyildi. Mənə görə, “qələbələr idmançılarımızın və xalqımızın, məğlubiyyətlər isə oliqarxların və rejimin” deyil. Hər ikisi rejimindir, vəssalam! Əlbəttə, ölkənin ən ali siyasi postuna iddialı adamın bütün vətəndaşlara bir gözlə baxması kimi bir norma var. Ancaq normalar, zənnimcə, normal toplumlarda dəyərli olur. Indiki Azərbaycanda isə Isalığın heç yeri yoxdu. Başdan-ayağa korrupsiyanın şirəsi ilə ərsəyə gələn qələbə haqda ya heç danışmamaq, ya da elə korrupsiyadan danışırmış kimi danışmaq gərək.
Sən demə, milli komandamızın 53 idmançısından 29-u “milli” legionermiş. Onların alınmasına, daha doğrusu, Azərbaycan vətəndaşlığına qəbul edilərək milli komandaya qatılmasına sərf edilən pullar xalqın boğazından kəsilib. Əlilinin, veteranının, müəlliminin, həkiminin, dünyaya gələn uşaqların…
Legioner ehtirası isə boşuna deyil. Bunu sovet dövründə çox məşhur olan “zəhmətsiz gəlir” ifadəsilə eyniləşdirmək olar. Neftdən qazanılan milyonlar kimi. Irsən keçən taxt kimi. Bu addımın nüvəsində qəsbkarlıq, hazırca kökə tapmaq, başqa dövlətlərin uğurunu, legioner dediyimiz idmançını yetişdirən dövlətin əməyini oğurlamaq yatır. Bu, bir oğurluq vərdişidi.
Ümumiyyətlə, ölkəni idmanla tanıtmaq insanın əzələdən irəli getməyən təfəkküründən, folklorla tanıtmaq isə arxaik, feodal zehniyyətindən xəbər verir. Belədə adam bu xətti yürüdən, bununla fəxr edən, qladiatorların vuruşundan həzz alan şəxsə bir quldar, çağdaş anlamda isə acıqlı boksçu, bir fəndlə kürəyini yerə vurub dizini sinənin üstünə qoyan güləşçi kimi baxır və xoflanır. Düşünürsən ki, ağzını açsan əngini dağıdacaq, qollarını qırıq-qırıq eləyəcək. Yəni o, vətəndaşıyla ancaq bu dildə danışa bilər. Bir dəfə onu elə bu cür də görmüşdüm yuxuda. Bizi onun hüzuruna aparmışdılar və o nə üçünsə iş yoldaşım Vidadini amansızca döyürdü. Boynuma alım ki, məni döyməsə də, sıramı gözləyəndə çox qorxurdum. Onun əzələ ehtiraslarını nəzərə alıb, hətta ürəklərdə əkdiyi bu qorxu toxumuna görə təbrik də eləmək olar. Yaşa prezidentim, biz səndən qorxuruq! Sən gözümüzü qırmağa yetərincə nail olubsan. Bundan belə Olimpiadadan rüsvayçı şəkildə qovulsaq da, heç ziyanı yoxdu.
Bəli, hansısa bir legionerin sayəsində Azərbaycanın adını, bayrağını yüksəklərə qaldırmaqla dövlətinin adını tanıtmaq istəyən bir rejimin başçısı ölkəsinin, xalqının adını dünyada ən elitar təbəqələrdə tanıtdıran böyük alim Rafiq Əliyevlə müharibədə məğlub olandan sonra, indi də parlaq bir mədəniyyət xadimi – Rüstəm Ibrahimbəyovla savaş aparır. Heç təəccüblü deyil, gün kimi aydın və anlaşılandı; “Planeta parni iz Baku”nun bir səhnəciyi vardı. Ilham Əliyev Elnur Məmmədovun kürəyini yerə vurur. Lakin Rafiq müəllimin, Rüstəm bəyin kürəyini yerə vurmaq heç bir prezidentin işi deyil. Azərbaycanın başucalığını, torpağının 20 faizində enmiş bayrağı rəmzi şəkildə hansısa bir olimpiya salonunda bir legionerin qaldırmasında görən düşüncə, əlbəttə, bu işıqlı insanlarla savaşacaq.
Öz insanına dəyər verməyən, inanmayan, qədrini bilməyən bir rejimin bütün ölkə vətəndaşlarını bir gün legionerlərdən təşkil edə biləcəyi belə, mənə heç də az inandırıcı gəlmir. Təbii, Veliçko Çolakov hara, Rüstəm Ibrahimbəyov hara… Kimdi ki, Rüstəm? Yüz faiz idmançı deyil…

Rüstəm Ibrahimbəyov, yoxsa Veliçko Çolakov?..
•
•