“Ayrılan pullar idmançılara xərclənməlidir, onun-bunun cibinə getməməlidir”
Azərbaycan hökumətinin Olimpiya rüsvayçılığını necə ört-basdır edəcəyi yəqin onun özü üçün də böyük sualdır. Idmançılarımızın ard-arda məğlubiyyəti azmış ki, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyevlə bağlı məlum qalmaqal vəziyyəti bir az da gərginləşdirdi.
Indi maraqla gözlənən məqamlardan biri odur ki, bütün bunlardan sonra idmanın ayrı-ayrı sahələri üzrə post tutan şəxslər baş verənlərə görə məsuliyyət daşıyacaqlarmı? Və ya bu rüsvayçı məğlubiyyətlərdən sonra idman federasiyalarının rəhbərləri və digər məsul şəxslər öz vəzifələri ilə vidalaşacaqmı?
“Turan” Informasiya Agentliyinin sədri Mehman Əliyev hesab edir ki, hazırkı mənzərə bir müddət əvvəl Azərbaycan hökumətinin adının Olimpiya oyunları ilə bağlı rüşvət qalmaqalında haqlı olaraq hallandırıldığını ortaya qoyur: “Deyilənlər bu formada öz təsdiqini tapdı. Rüşvət yolu ilə heç nəyə nail ola bilmədilər, real olaraq da uduzdular. Olimpiya oyunları göstərdi ki, məsələni bu formada həll etmək olmaz. Problemlərdən biri legionerlərin sayının çox olması idi. Sual olunur, o zaman bu qədər mərkəzlərin tikilməsi, bu qədər vəsaitin ayrılması nəyə lazım idi? Mən özüm idmançılarla bu məsələ ətrafında söhbətlər aparıram. Deyirlər ki, bu sahədə çox böyük məmur təbəqəsi yaranıb, hamı pul qazanır, biz də qalmışıq heçnəsiz. Idman sektorunda çox çirkin vəziyyət yaranıb”.
M.Əliyevin fikrincə, problemin həlli üçün ilk növbədə yanaşma dəyişməlidir: “Biz həqiqətən də, idmanın inkişafı üçün ciddi proqramlar həyata keçirməliyik. Xarici ekspertlər dəvət etməliyik ki, real inkişaf üçün nələrsə edilsin. Ən əsası da, ayrılan pullar idmançılara xərclənməli, onun-bunun cibinə getməməlidir. O ki qaldı kimin öz postundan uzaqlaşdırılacağına, bunu zamanla görəcəyik”.