Müxaliflər şəhərin strateji nöqtələrini tutub; Suriya diktatorunun admiralı üsyançılara əsir düşdü
Suriyada vətəndaş müharibəsi davam edir. Həm müxaliflər, həm də Bəşər Əsəd rejimi üçün mühüm əhəmiyyət kəsb edən Hələbdə hakimiyyət əleyhdarları növbəti uğura qazanıblar. Yerli fəallar “Azad Suriya Ordusu”nun şəhərin Əl İzaa bölgəsində hökumət qüvvələri ilə qarşıdurmaya girdiyini bildirib. Müxaliflərin Hələbdəki hakimiyyətyönlü radio-televiziyanın bınasını ələ keçirdiyi deyilir.
Şiddətli qarşıdurmalar zamanı üsyançılar Hələbin əcnəbilərin yaşadığı dairəni, pasport qeydiyyat şöbəsi ilə hərbi hava kəşfiyyatının inzibati binasına girərək mühafizəçiləri və rejim əsgərlərini öldürüb. Fəallar Hələbdə yerləşən hərbi bazada xidmət keçən əsgərlərin çoxunun müxaliflərin tərəfinə keçdiyini söyləyiblər. Bununla yanaşı üsyançıların Hələbdəki Menağ hərbi aerodromun hücuma keçdiyi barədə məlumat yayılıb.
Bu arada Əsəd ejiminin daha bir mühüm rəsmisi müxaliflərin əlinə keçib. Müxalif təşkilatlar üzrə qurum olan Suriya Ümumi İnqilab Şurasının siyasi təhlükəsizlik idarəsinin müdiri admiral Xuşam Heydərin paytaxt Dəməşqdəki binalardan birində müxaliflərə əsir düşdüyü bildirilir. Əsəd rejimini müdafiə edən dövlət televiziyasının məşhur aparıcısı Məhəmməd əl Səidin də edam edildiyi açıqlanıb. Londonda yerləşən Suriya İnsan Haqqları Monitorinq Təşkilatının bildirdiyinə görə, ötən ay Dəməşqdəki evindən qaçırılan Səidin edamını Əl Nusra Cəbhəsi adlı İslamçı müxalif qrup öz üzərinə götürüb.
“Frans Press” isə xəbər verir ki, Əl Nusra Cəbhəsinin bununla bağlı açıqlamasında aparıcının 19 iyulda həbs edilərək sorğulandıqdan sonra öldürüldü bildirilir. İnternet saytlarından birində aparıcının qorxmuş göründüyü bir foto şəkili yayılıb. Fotonun altına isə “Rejimə dəstək verənlərə bu dərs olsun” sözləri yazılıb.
Getdikcə ölkəyə nəzarəti itirən Bəşər Əsəd Rusiyaya minnətçi düşüb. Suriya baş nazirinin müavini Qədri Cəmil Moskvada rusiyalı rəsmilərlə görüşündə Kremldən maliyyə və yanacaq yardımı istəyib. Türkiyə mediasının yazdığına görə, Rusiya Suriya hakimiyyətinin istəyini nəzərdən keçirəcəyini baş nazirin müavininə bildirib. Görüşdən sonra yayılan açıqlamada isə Rusiyanın Suriya hakimiyyətinin tələblərinə müsbət cavab verəcəyi vurğulanıb.
Ölkənin şimal bölgələrində kürdlərin nəzarəti ələ alması və muxtariyyət iddialarını ortaya qoyması Türkiyənin ciddi etirazıyla yanaşı, Ankaranın Dəməşqə sərt hədələr səsləndirməsinə səbəb olub. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik deyib ki, ölkəsi üçün təhdidedici situasiya yaransa, Suriyaya hərbi müdaxilə qaçılmaz olacaq. O, Əsəd rejimini PKK terrorçuları ilə əməkdaşlıqda günahlandırıb:“Suriyanın şimalında Türkiyəyə üçün təhdidedici situasiya yaranarsa və ya PKK-nın iştirakı ilə separatçı rejim qurularsa, Ankara bölgəyə hərbi müdaxilə imkanlarını nəzərdən keçirəcək. Heç bir dövlət qonşu dövlətə hərbi müdaxilə etmək istəməz. Amma bu bir seçim imkanı deyil, məcburiyyət yaranarsa, əl ata biləcəyimiz vasitələrdən biridir. Əsəd silah paylayır, PYD və PKK Əsəd rejimi ilə əməkdaşlıq edir”.