Hİlal Məmmədovun müdafiəçiləri ABŞ diplomatı ilə görüşüb

Avqustun 3-də saat 14:00-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Cef Kurgen Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin ofisində həbsdə olan hüquq müdafiəçisi, “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin üzvləri ilə görüşüb. Görüşdə Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli, Müsavat Partiyasının üzvü Sevinc Hüseynova, Azadlığın və Sülhün Müdafiəsi beynəlxalq hüquq təşkilatının sədri Mətləb Mütəllimli, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva, Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı, Respublika Talış Mədəniyyəti Mərkəzinin Bakı şöbəsinin rəhbəri Mehdibəy Səfərov, “Tolışon Sədo” qəzetinin baş redaktoru Rafiq Cəlilov, H.Məmmədovun vəkili Ramiz Məmmədov və H.Məmmədovun qardaşı Səbahəddin Məmmədov iştirak ediblər.
Təxminən iki saat çəkən görüşdə Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin həmsədri, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri A.Abdullayeva, qeyd olunan komitənin digər həmsədri R.Cəlilov və vəkil R. Məmmədov H.Məmmədovun həbsi ilə bağlı Cef Kurgenə ətraflı məlumat veriblər. Digər komitə üzvləri də H.Məmmədovun həbs edilərkən baş verən qanun pozuntuları, onun həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamların qondarma olduğunun Cef Kurgenin diqqətinə çatdırıblar. Cef Kurgendə H. Məmmədovun həbsi ilə əlaqədar adıçəkilən komitəsin üzvlərinə bir neçə suallar ünvanlayıblar. Komitə üzvləri H.Məmmədovun həbs edilməsinə İran-Azərbaycan münasibətlərinin, hakimiyyətdaxili qurupşalmaların, Rusiyanın və geosiyasi vəziyyətin təsir etmə imkanlarını müzakirə ediblər. Komitə üzvləri H.Məmmədovun həbsi və onun evində axtarış aparılılan zaman baş verən qanun pozuntularından da söz açıblar. Onlar həmçinin qeyd ediblər ki, H.Məmmədova qarşı irəli sürülən ittihamlar əsassızdır və onun günahı yoxdur. Komitə üzvləri H. Məmmədovun jurnalist və hüquq müdafiəçi fəaliyyətinə görə həbs olunduğunu və bu səbəbdən də onun vicdan məhbusu kimi tanınmasını istədiklərini bildiriblər. Cef Kurgenin isə deyib ki, ilk gündən H.Məmmədovun məsələsi onların diqqətindədir və bundan sonra da bu məsələni diqqətdə saxlayacaqlar.
Cef Kurgenlə görüşdən sonra saat 16:00-da Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin üzvlərinin iclası olub. İclasa komitə üzvlərindən Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış kinorejissor Eldəniz Quliyev, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev, “Kür” Vətəndaş Qərargahının koordinatoru, keçmiş vicdan məhbusu Oqtay Gülalıyev, hüquqşünaslar Xalid Bağırov, Elçin Namazov və digər komitə üzvləri qatılıb.
İclasda H.Məmmədovun vicdan məhbusu kimi tanınması üçün komitə üzvləri və hüququ müdafiəçiləri tərəfindən Amnesty İnternational təşkilatına müraciət edilməsi müzakirə olunub. Bundan əlavə H.Məmmədovun işində adı hallanan İran İslam Respublikasinin vətəndaşı, Talışünas alim, yazıçı, publisist Ali Abdoli Hamzali oğlunun kimliyini öyrənmək üçün İran İslam Respublikasının rəhbərliyinə və İranın ölkəmizdəki səfirliyinə müraciət edilməsindən də söz açılıb.
Bundan əlavə Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin hüquqşünaslar qrupunun H.Məmmədovun işi ilə bağlı hazırladığı hüquqi arayış müzakirə edilib. Hüquqşünaslar qrupunun hazırladığı həmin arayışda H.Məmmədovun saxlanılması, istintaqın yaydığı məlumatla bağlı baş verən qanun pozuntuları ilə yanaşı onun saxlanılan zaman fiziki zorakılığa məruz qalması, evində axtarış aparılması, cibinə narkotikin atılması, polsdə olarkən təhqir edilməsi, hal şahidlərinin protokola zorla imza atmaları və digər hərəkətlər zamanı baş verən qanun pozuntuları hüquqi əsaslarla əks olunub.
Hüquqşünaslar qrupu H.Məmmədova qarşı irəli sürülən ittihamlardakı pozuntularla bağlı növbəti hüquqi arayış hazırlayacağı qeyd edilib.
İclasda H. Məmmədovun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi və ya onun zaminə buraxılması da müzakirə edilib. Bundan başqa H. Məmmədovun astma xəstəliyinin ağır formasından əziyyət çəkdiyi və onun öz istədiyi həkim tərəfindən müayinə edilməsi də komitə üzvləri tərəfindən qaldırlıb. Həmçinin H.Məmmədovla bağlı bütün məlumatların beynəlxalq təşkilatlara və mediaya çatdırılmasıda vurğulanıb. Sonda komitə üzvləri qeyd olunan məsələlərlə bağlı ciddi tədbirlər görülməsi haqda qərar qəbul ediblər.
Avqustun 2-də isə Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvləri H.Məmmədovun səhhətindəki problemlərlə bağlı Ədliyyə Nazirliyinin İnsan Haqları İdarəsinin rəisi Faiq Qurbanovla görüşüblər. Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu üzvləri səhhətindəki problemlərə görə H.Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsinin vacibliyindən söz açıblar. F.Qurbanov isə bu işə müsbət baxılması üçün əllərindən gələni edəcəyini bildirib.