İbrahim Məmmədli Londondan xəbər verir

AzTV-nin “Xəbərlər” studiyası…
Aparıcı:
Hörmətli tamaşaçılar, indi isə kameralarımızı camaatın acından öldüyü, işsizliyin baş alıb getdiyi, kriminogen durumun günbəgün ağırlaşdığı Almaniyadan yay olimpiya oyunlarının keçirildiyi Londona çeviririk. Xətdə əməkdaşımız Ibrahim Məmmədlidir.
– Ibrahim, salam.
Ibrahim Məmmədli:
– Beş də artıq. Əlbəttə, bu, bir zarafat idi. Əleyksalam.
– Ibrahim, Londonda Azərbaycanı sevməyən qüvvələr fəallaşıb, ölkəmizə qarşı şər-böhtan kampaniyası aparılır. Gah, guya bizim rəsmilərin orda qanunsuz bilet satdığı, gah da boksçumuzun rüşvət verərək qalib gəldiyi barədə iftiralar səslənir. Əlbəttə, idmançılarımızın uğursuz çıxışı da bizi gözü götürməyən, paxıllığımızı çəkən qüvvələrin, qüvvə də deməyək, elementlərin, ünsürlər desək, daha doğru olar, işidir. Əslində vəziyyət necədir? London həqiqətlərini Azərbaycan xalqına çatdıra bilərsənmi?
– Məmnuniyyətlə. Əvvəla onu deyim ki, London hazırda dünyanın ən tıxaclı şəhərlərindən biridir. Hökumətin kalan xərc çəkib tikdiyi körpülər və yollar da bu problemi həll etməyə kifayət etmir. Çoxları hesab edir ki, onların tikintisində şəffaflıq təmin olunmayıb, xərclər şişirdilib, korrupsiyaya yol verilib. Korrupsiya olan yerdə isə bu körpülər, yollar tıxac problemini həll edə bilməz.
Eyni zamanda, bu saat London planetin ən çirkli şəhərləri arasında ilk yeri tutur. Paytaxt sakini Devid Kemeron deyir ki, o, üfunətdən küçəyə də çıxa bilmir. Zibillər vaxtlı-vaxtında daşınmır. Başqa bir paytaxt sakini, yaşlı və kimsəsiz Marqaret Tetçerin sözlərinə görə, hökumət onun Londonun mərkəzindəki evini uçurub və əvəzində heç bir kompensasiya verməyib. Marqaret xala Ingiltərə müxalifətinin bu yaxınlardakı mitinqində çıxış edərək, evini başına uçuran hökuməti tənqid edəndən sonra onun oğullarından birini şərləyərək həbs ediblər.
London qəzetləri yazır ki, paytaxt meri Toni Bleyer ruhi xəstədir və vaxtilə psixi müalicə alıb. Onun hər səhər Ingiltərənin ümummilli lideri Çörçilin məzarını ziyarətə getməsi isə londonluların dilində az qala lətifəyə çevrilib.
– Ibrahim, belə xəbərlər yayılıb ki, Ingiltərə hökuməti olimpiadaya hazırlıq zamanı yalnız Londonun mərkəzini abadlaşdırmaqla, divarları üzdən rəngləməklə gələn qonaqların gözündən pərdə asmağa çalışıb.
– Tamamilə doğrudur. Hökumət rəsmiləri bizim London ətrafına çıxmağımıza imkan vermirlər. Onlar deyirlər ki, buna ehtiyac yoxdur, elə Londonun ətrafı da mərkəzi kimi abad və gözəldir. Amma biz burada ictimai fəallarla görüşdük, onlardan biri – “Play for democrasy” (“Demokratiya naminə oyna”) kampaniyasının təşkilatçılarından Devid Bekhem deyir ki, Londonun mərkəzindəki parıltı bizi aldatmasın, şəhərin ətrafı zibillik içərisindədir, addımbaşı yağış gölməçələrinə rast gəlinir, heç bir abadlıq, inkişaf hiss olunmur. Bekhemin sözlərinə görə, onların təşkil etdiyi kampaniya olimpiya oyunlarına gələn qonaqların diqqətini Ingiltərədə hüquq və azadlıqların pozulmasına yönəltməyə hesablanıb. Hazırda bu ölkədə çoxlu vicdan məhbusu var, müxalifətə aksiya keçirməyə imkan vermirlər. Bir-iki azad qəzet qalıb, “ANS ÇM” radiosunun qısa tezliklərdə yayımı isə dayandırılıb.
– Ibrahim, hazırda mən sənin arxanda London şəhər Baş Polis Idarəsinin binasını görürəm. Orda xeyir ola?
– Bəli, biz indi olimpiadanı bir kənara qoyub bura gəlməyə məcbur olmuşuq. Səbəb odur ki, Ingiltərənin əsas müxalifət liderlərindən birini London şəhər Baş Polis Idarəsinə gətiriblər, o, olimpiya günlərində camaatı aksiyalara təhrik etməkdə, sabitliyi pozmaqda ittiham edilir. Məncə, bunun özü Ingiltərədə demokratik vəziyyətin nə yerdə olduğunu göstərir.
– Ibrahim, indi biz reklam fasiləsindəyik, fürsət düşüb, səndən bir söz soruşum. Nədir bizim bu idmançıların qarnının ağrısı, niyə qapazaltı olublar?
– Ay qız, nə olacaq, heç nə! Sən də məni bağışla, anam-bacım olasan, rüşvətsiz ölkədir, pul-zad keçmir. Toni Bleyer yazığı vətənimizə gəlib hansısa açılışda iştirak etmək üçün aldığı qonorara görə ala itdən urvatsız eləyənlərdən başqa nə gözləmək olardı ki?
(Davam edəcək)