Azərbaycan Hüquqçular Assosiasiyası bu sahədə şəffaflıq olmadığı qənaətindədir
Azərbaycan Hüquqçular Assosiasiyası (AHA) Avrasiya Əməkdaşlıq Fondunun 2012-ci il üçün elan etdiyi “Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi” qrant proqramında iştirak etmək məqsədi ilə Fonda “Hüquqçu kadrların hazırlanması üzrə təlimlər və strateji işlər üzrə məsləhətlər verilməsi” adlı layihə təklifi ilə müraciət edib. AHA vurğulayır ki, bu müsabiqəyə onlar Fondun dəvətilə qatılıblar.
AHA müsabiqənin şərtlərinə tam uyğun şəkildə layihə hazırlayaraq vaxtında Fonda təqdim edib. Bu zaman müsabiqənin şərtlərində göstərilən hər hansı qayda pozulmayıb və qadağan edilmiş məqsədlərin heç biri üçün vəsait istənilməyib. Layihə müsabiqənin prosedur qaydalarına uyğun tərtib olunub, bütün bəndlər doldurulub, tələb edilən sənədlər layihəyə əlavə edilib. Layihənin müddəti və məbləği müsabiqənin şərtlərinə uyğun olub.
AHA-ya 2012-ci il iyunun 29-da verilən cavabda göstərilir ki, layihənin maliyyələşdirilməsindən imtina olunub. Araşdırmalar zamanı bəlli oldu ki, layihəsi rədd edilmiş bütün təşkilartlara eyni məzmunlu cavablar verilib.
“Layihələrin seçilməsi üçün meyarlar” bölməsində tələb edilən kriteriyalara uyğunluq baxımından AHA-nın təklifində hər hansı problem olmayıb. Layihə müsabiqənin məqsəd və mövzularına uyğundur, layihənin icrası realdır və heç bir ciddi risk yoxdur, layihənin səmərəliliyi mübahisə doğurmur, layihənin maliyyə dəyərinin effektivliyi əvvəllər daha böyük məbləğlə icra olunmuş layihələrlə sübut olunur, layihənin davamlığı oxşar fəaliyyətin bir neçə il ərzində həyata keçirilməsi ilə təsdiq olunur və nəhayət, təşkilatın layihəni icra etmək imkanı bu layihənin həcmindən müqayisəolunmaz dərəcədə yüksəkdir.
Bütün bunlara baxmayaraq, heç bir izahedici qeyd olmadan layihə rədd edilib.
Qərardan şikayət verilməsi və işin məhkəməyə hazırlanması, onun ədalətli araşdırılması üçün QHT sektorunda şəffaflıq və ictimai nəzarətin təmin olunması məqsədi ilə aşağıdakı məlumatların və sənədlərin AHA-ya təqdim edilməsi Fonddan xahiş edilib:
1. Layihələrin qiymətləndirilməsi hansı kriteriyalar əsasında aparılıb? Onları kim müəyyən edib?
2. Qiymətləndiricilər kimlərdir, onlar kimin qərarı ilə, hansı meyarlar əsasında seçilib?
3. Qiymətləndiricilərin fəaliyyəti hansı sənədlə tənzimlənir, bu sənədi kim təsdiq edib?
4. Müsabiqəyə neçə təşkilat layihə ilə müraciət edib? Müsabiqənin fondu hansı məbləğdə olub, neçə təşkilata hansı məbləğdə vəsait ayrılıb?
5. Qalib təşkilatlar hansılardır? Onların təqdim etdiyi layihələrin adı və istiqamətləri nədən ibarətdir?
6. Müsabiqədə qalib sayılmış təşkilatların layihələri hansı üstünlüklərinə görə seçilib?
7. “Ədalətin, eləcə də hüquqi yardımın təmin edilməsi”, “Məhkəmə və qanunvericilik islahatı” mövzuları üzrə qalib təşkilatların bu sahələrdə təcrübələri və AHA-dan üstün cəhətləri nədən ibarətdir?
8. AHA-nın layihəsinin zəif cəhətləri hansılardır?
9. Qalib sayılmayan təşkilatların hamısına eyni məzmunlu cavab verilməsi nə ilə bağlıdır? Cavabları kim tərtib edib, cavablar hansısa qurumda müzakirə olunubmu? Bu qurumun fəaliyyətini nizamlayan sənəd varmı?
10. Layihələrə verilmiş rədd cavabından kimə şikayət vermək olar? Şikayətə baxan qurum varsa, onun fəaliyyəti hansı sənədlə tənzimlənir?
Bundan sonra AƏF-in direktoru Nailə Həşimova bir neçə dəfə zəng vuraraq müraciəti araşdıracaqlarını və ətraflı cavab veriləcəyini bildirib.
Daha bir neçə gün sonra Nailə xanım yenə də telefonla məlumat verib ki, müraciət Moskvada fəaliyyət göstərən auditora – Irina Akişinaya göndərilib və araşdırmanı da o aparacaq.
Irina Akişina yazışmalar zamanı bildirib ki, Fonddan əlavə materiallar tələb edib və yoxlama başa çatdıqdan sonra bütün suallara cavab verəcək. Lakin iyulun 31-də Irina Akişina aşağıdakı məzmunda cavab göndərib:
“Hörmətli Ənnağı Hacıbəyli!
Müsabiqənin Fondun daxili prosedurlarına uyğunluğunu yoxladım.
Yoxlama nəticəsində müəyyən etdim ki, müsabiqənin keçirilməsi zamanı Fondun daxili prosedurları pozulmayıb.
Əlavə olaraq bildirirəm ki, 2012-ci il oktyabrın 15-dən 26-dək Avrasiya Fondunun bütün ofislərinin daxili auditi keçiriləcək və bu zaman mən Sizin ərizənizə də baxılmasını planlaşdırıram”.
Göründüyü kimi, Fond və auditorlar əslində heç bir araşdırma aparmayıblar və ya bu araşdırma tam formal xarakter daşıyıb. Fond və auditorlar müraciətdə və sorğuda qoyulan sualların heç birinə cavab verməyiblər. Hətta Irina Akişina da məktubunda etiraf edir ki, oktyabrda audit aparılarkən bizim ərizəmizi araşdıracaq. Belədə onun hansı əsasla “müsabiqənin keçirilməsi zamanı Fondun daxili prosedurları pozulmayıb” qənaətinə gəldiyi aydın deyil.
AHA hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən bir çox donorların işinə ictimai nəzarətin olmaması nəticəsində qondarma QHT-lərin maliyyələşdirilməsi, qrant vəsaitlərinin mənimsənilməsi, vəsaitlərdən səmərəli istifadə olunmaması, donorların fəaliyyətində qeyri-şəffaflıq halları geniş yayılıb. Məhz ictimai nəzarətin zəifliyi nəticəsində donorlar elan etdikləri müsabiqənin prosedurlarını və şərtlərini gözləmədən istədikləri qərarı qəbul edir, vəsaitləri az qala hakimiyyətin siyahıları ilə paylayırlar.
AHA bu hallara qarşı mübarizənin vacibliyini vurğulayır və qeyd edir ki, onlara qarşı qanunvericiliyin verdiyi imkanlar daxilində, o sıradan məhkəmə yolu ilə tədbirlər görülməsinə çalışacaq.