İrandan terrora dəstək

Tehran rejimi “Taliban”a ölkə ərazisində ofis açmağa icazə verib

İran bu ilin aprelində ABŞ-ın strateji tərəfdaşı elan etdiyi Əfqanıstandakı fəaliyyətini artırmaq üçün “Taliban” terrorçularına öz ərazisində ofis açmaq icazəsi verib. Qərb mediasının yazdığına görə, icazə “Taliban”ın İdarə Heyəti sayılan “Şura” üzvlərindən bir şəxsə bu ilin mayında verilib. Terror təşkilatının ofisinin Zahidan şəhərində açıldığı bildirilir.

Xəbərdə qeyd olunur ki, ABŞ kəşfiyyatı hələ ötən ay “Taliban” üzvləri ilə İran İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) bağlı “Qüds” qanadının komandanları arasında həyata keçirilən bəzi görüşlərdə Əfqanıstana raket atılmasına dair məsələnin müzakirə olunduğunu müəyyənləşdirib. Ancaq kəşfiyyatçılar bu silahların təslim edildiyinə dair hər hansı bir dəlilə rast gəlmədiklərini bildiriblər.