Beləliklə, hakimiyyət müxalifətlə görüşünü bu ilin payızına planlaşdırır. Bir o qədər də çox vaxt qalmayıb, gözləməyə səbrimiz çatar. Amma indidən bu görüşün baş tutub-tutmayacağı sual altındadır. Adətən, bütün görüşlər vaxtı hakimiyyətin hansı səviyyədə təmsil olunması mübahisə doğurur. Ona görə biz görüşlə bağlı o qədər də əmin deyilik. Həm də sual yaranır. Bu dəfə hansı məsələlər müzakirəyə çıxarılacaq?
Ehtimal edirəm ki, partiyaların maliyyələşməsi məsələsi gündəmə gələ bilər. Bəzi partiyaların təmsilçiləri o qədər məlumatlı olmasalar da onlar da belə təxmin edirlər. Məsələ olduqca aktualdır. Amma bu hakimiyyətin siyasi partiyaları maliyyələşdirmə prosesi ədalətli aparılacaqmı? Qəzetlərin timsalında biz artıq ədalətsizliyin və məkrli yanaşmanın izlərini görürük. Partiyalarla da bağlı yəqin belə olacaq. Bunun ikiqat ədalətsizliklə müşayiət olunacağını indidən proqnozlaşdırmaq çox da çətin məsələ deyil. Bir ədalətsizlik budur ki, millətin sərvəti və pulları bizim hətta adını unutduğumuz bəzi partiyalara veriləcək. Ikinci ədalətsizlik isə bu olacaq ki, əsl böyük və real partiyalar maliyyələşmə prosesindən ya tamam kənarda qalacaq, ya da ki, onlara cüzi maliyyə ayrılacaq. Hə, bu ədalətsizlik tamam real bir şeydir. Ona hazır olmaq lazımdır. Güman edirəm ki, bizi, yəni böyük müxalifət partiyalarını kənarda qoya bilməzlər, amma ayrılacaq maliyyəni imkan daxilində azaldacaqlar ki, siyasi partiyalar bundan səmərə götürə bilməsin.
Digər problemlər də var. Lakin onların hansısa formada bu gün həll edilməsi real görünmür. Indi bu hakimiyyətdən yalnız azca maliyyə və bir də qərargah qoparmaq olar. Hətta bunların alınması da o qədər asan məsələ deyil. O biri məsələlərə gəldikdə isə… Min görüş keçirilsə belə bizim bu hakimiyyət azad və demokratik seçki keçirən deyil. Min görüş təşkil edib çalışsaq belə ölkənin talan edilməsi prosesi dayanmayacaq. Ona görədir ki, hər dəfə görüş adı çəkiləndə dərhal sual yaranır: nədən danışacağıq? Aydın olan budur ki, biz müxtəlif dillərdə danışırıq və biri-birimizi başa düşmürük. Biz düşünürük ki, adam öz ölkəsilə və millətilə bu cür rəftar edərmi? Onlar isə düşünür ki, elə ola bilərmi ki, 19 il vəzifədə olasan, amma ehtiyatda bir neçə milyonun olmasın? Tamam fərqli dünyagörüşləri vardır ortalıqda. Ona görə çətin məsələdir.
O gün fikir verirəm, deyirlər ki, təzədən təmir olunmuş və bərpa edilmiş H.Əliyev mərkəzinə baxış keçirilib! A balam, bu mərkəz nə vaxt istifadə olundu ki, onu təzədən təmir etmək və bərpa etmək zərurəti və ehtiyacı yarandı? Etiraf edin ki, gülməli məsələdir. Amma belə gülməli detal ölkədə nə qədərdir? Adam onların hamısını birdən təsəvvür etməyə çalışsa ya ürəyi partlar, ya da ki, dəli olar! Indi biz duraq nədən danışaq?! Ölkənin bəzi partiya adlanan qurumları var ki, onlar bununla barışıblar. Düşünürlər ki, talan edilmiş sərvətdən azacıq da olsa qoparmaq da qənimətdir. Amma biz belə düşünə bilərikmi? Təbii ki, yox. Ancaq haqlarımızı tələb etməyi də heç kim bizə yasaq edə bilməz. Müəyyən qədər maliyyə almaq, qərargah və buna bənzər problemləri həll etməyə çalışmaq bizim haqqımızdır. Əslində o qədər böyük haqqımız var ki, onun əvəzini bu hakimiyyət yalnız kreslosunu bizə verməklə ödəyə bilər! 19 il hakimiyyətdə olublar. Bunun yalnız beş ilini hansısa yaxınlaşmada onların haqqı hesab etmək olar. Hərçənd ki, bu da çox böyük sual altındadır.
Bəli, bunların özlərinin yaratdığı xaos və mürəkkəblik şəraitində başını itirmiş millət 93-cü ildə bunlara “hə” dedi. Lakin artıq 98-ci ildə millət səhv etdiyini başa düşdü, bunlara “yox” dedi. 980-ci ildən indiyə qədər isə 14 il keçib və bu 14 il böyük mübahisə predmetidir. Bəlkə bundan danışaq? Inanmıram ki, bu xüsusda söhbətimiz baş tutmuş olsun.
Kiçik sözardı
Doğrusu, mən vaxtı qabaqlamaq istəmirdim. Amma partiyaların maliyyə və qərargah məsələsi elə məsələdi ki, illərdir bütün müxalifəti sevən və onların təəssübkeşliyini edən insanları narahat edir. Elə buna görə bu mövzuya bir ötəri ekskurs etdim. Gözləyək, görək, nə olur…

Payız görüşündə müxalifətlə nə müzakirə ediləcək?
•