Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Bu və ya digər qanun cəmiyyətin hüquq və məsuliyyətini müəyyən edir. Əgər hər şeyi bir piramida şəklində təsəvvür etsək, onda burada da belə vəziyyət yaranır: bütün piramida əsl “mujiklər”in çiyni üstündə bərqərardır. Və bu “mujiklər” həmin piramidanın əsas dayaq nöqtələridir. Məhz “mujiklər” bütün oğru dünyasının əsas ordusuna çevrilib – söhbət əlbəttə ki, əsl “mujiklər”dən gedir; O “mujiklər”dən ki, məhz onlar bütün ömürləri boyu ali məqama – “qanuni oğru” olmağa can atırlar. Onlar həm də anlayırlar ki, “qanuni oğru” tituluna nail olduqdan sonra özlərindən sonrakı, yəni, arxalarında qalan “mujiklər”i sözün həqiqi mənasında müdafiə edə bilərlər.
Bütün “qara zonlar”da əsas məsuliyyət məhz “mujiklər”in üstündədir. Məhz onlar bütün ağırlığı və məsuliyyətilə hər şeyi öz üzərlərinə götürərək böyük dirəniş göstərməkdədirlər. Onlar öz davranışları, əhval-ruhiyyələri, keçirdikləri həyat-tərzi ilə kütləvi şəkildə ideya dağarcıqları olduqlarını sübut edə biliblər. Əslində, hamı – bu qayda və qanunlara riayət etməyə borclu olan “mujiklər”, “brodyaqalar”, “qanuni oğrular” belə, həmin ideyaların eyni ranqda olan daşıyıcılarıdır. Çünki bu qaydalar oğru dünyasının bütün təbəqələrin – ən yüksək ranqa can atanların və ən yüksək ranqda mövqe tutanların hamısının – qarşısında eyni məsuliyyəti müəyyən edir.
“Mujiklər” oğru qanunlarını əzbər bilməli, onlara riayət etməli, qanunlarda heç bir korrektələr etməməli, dəyişikliyə çalışmamalıdırlar. “Mujik” hansısa gözlənilməz, fövqəladə vəziyyətə belə, hazır olmalı, başa düşməlidir ki, bu davranışı ilə o, oğru qanunlarının stabilliyini saxlayır. “Mujiklər”in də öz öhdəlikləri var: onlar oğru qanunlarına nə qədər sədaqətli olsalar və bu qanunları nə qədər israrla yerinə yetirsələr də, müəyyən öhdəliklər qarşısında bəzi tələbləri yerinə yetirmək zorundadırlar. Məsələn, “mujiklər” “zon”da işləyə bilərlər, – bu, qanuni oğrulara yasaqdır. Amma təbii ki, oğru qanunlarının ümumi paraqraflarını poza bilməzlər. “Mujiklər” ümumi “sxodka”larda iştirak edə, öz korrektivlərini müəyyənləşdirə bilərlər, amma məsələyə “qanuni oğrular” cəlb olunana qədər. Məhz bu həddəcən. Çünki gerisi artıq “mujiklər”lik deyil…
“Brodyaqalar” gələcəkdə “qanuni oğru” titulu tutmaqda həmişə israrlıdırlar. Və bu titulu qazanmaq haqqını özlərində saxlayırlar. Amma onların qarşısında duran ən böyük öhdəliklərdən biri də məhz qanuni oğruların keçirdiyi həyat tərzini təkrarlamaqdır. “Brodyaqa”lar “qanuni oğrular”ın keçdiyi və artıq qəbul olunmuş bütün qaydalara yüksək dəqiqliklə əməl etməlidirlər. Bu “qanunu” qəbul etmiş “brodyaqalar” və “oğrular” kriminal vəzifə daşıyıcılarıdırlar və onlar heç vaxt heç bir dövlət qulluğu tuta bilməzlər. Onların bioqrafiyasında hansısa siyasi partiyanın, ictimai cəmiyyətin və ya dövlət quruluşunun üzvü olduqları barədə heç bir fakt olmamalıdır.
Əvvəllər belə idi ki, “oğru” heç vaxt ailə qurmamalı, oğul-uşaq yiyəsi olmamalıdır. Indi bu qanunda korrektələr olunub: oğrular evlənə bilərlər.
Qabaqlar “oğru” ranqına çatmış şəxslərin mütləq “maloletka”nı keçməsi nəzərə alınırdı. Amma sonra ümumi xarakter və ruh etibarilə yetkinlik əsas şərt kimi qəbul edilməyə başlandı.
“Brodyaqa” hər yerdə oğru qanunlarının təbliğ və tətbiqinə səy göstərməlidir.
O, hər yerdə min cür əziyyət, hətta həyatı bahasına belə bu qaydaların yeriməsi üçün cəhdlərini əsirgəməməlidir. Çünki “brodyaqa” gələcək “OĞRU”dur. Harada olursa-olsun, böyük qardaşlarının həyat tərzini yerinə yetirməyə və riayət etməyə borcludur. O, zonda bu qanunların işlək vəziyyətdə olmasına da məsuldur, buna mütləq nəzarət etməlidir. “Oğru”ların hansısa birinin “zon”a təyin etdiyi şəxslər “polojeniya”ya baxmaqla bərabər, hər məsələyə ədalətlə yanaşmalıdır. Kiçik bir “kosyak”, yəni səhv ciddi cəzalandırmayla müşahidə olunur. Dövlət qayda və qanunlarına mütləq müqavimət göstərilməli, yaxına buraxılmayaraq, rədd olunmalıdır.
Bunlar, əlbəttə, asan məsələlər deyil. Çox amansız və sərt təsirlər yaradır. Elə vaxtlar olub ki, “oğru”nun gözləri qarşısında onun bütün ailəsini qırıblar, anası, atası, bacısı güllələnib. Onun qarşısına “oğru” adından və “tacından” imtina etmək kimi şərt qoyulub. Amma “oğru” buna getməyib. Elə olub ki, anası və bacısı “maloletka”da yatan “brodyaqa” ilə görüşə gəlib, amma “brodyaqa” bundan qəti imtina edib. Səbəb isə o olub ki, anası kompartiyanın, bacısı komsomolun üzvüdür; ya da onlardan hansısa görüşə gələndə əyinlərinə qırmızı rəng olan paltar geyiblər. Bu “oğru” və “brodyaqa”ların həyatından kiçik misallardır. Sadəcə, bununla onu demək istəyirəm ki, “oğru” və “brodyaqa” adını daşımaq ən xırda görünə biləcək detalların üzərində də çox ciddi məsuliyyətin qurulduğu işdir. O ki qaldı “oğru” və “brodyaqa”ların hüquqlarına, əslində, onlar çox geniş görünə bilər. Amma cinayət aləminin amansız münasibətləri bu geniş hüquqlara istinad edən hər bir kəsi bircə anın içində darmadağın edə bilər.
“Oğrular” ümumi xəzinəyə gələn vəsaitə nəzarət edir, bu barədə hesabat verməklə yanaşı, bütün “zon”a gələn pulların da haralara xərclənməsini öyrənmək səlahiyyətinə malikdir. Onlar “oğru” adına layiq olanları öz cameələri içinə almaq, artıq özlərini təsdiqləmiş “brodyaqa”ları nəhəng “oğru ailəsi”nə dəvət etmək, həmçinin “oğru” adına ləkə gətirmiş şəxslər barəsində hökm çıxarmaq hüququna malikdirlər. Bir həqiqət də ondan ibarətdir ki, vaxtilə “oğru” adını almış birisi üçün, necə deyərlər, geriyə yol yoxdur: “oğru” titulundan məhrum olunmaq ölümdən betərdir. “Qanuni oğru”lar “oğru kurallarına” xəyanət etmiş şəxslərə qarşı amansızlıq nümayiş etdirərək, hətta onların qələmini belə qıra bilərlər.
“Brodyaqalar” da “oğru qanunları” ilə yaşayır, hərəkət edirlər, “oğru nizamnaməsi”nin yerinə yetirilməsinə sorumludurlar. Amma “qanuni oğrular” kimi tam səlahiyyət sahibləri deyillər. Bütün hallarda “EV”də son sözü “qanuni oğrular” deyir. Daha konkret desək, “brodyaqa”lar sanki tələbədirlər, onlar bir müddət “oxuyurlar”, müəyyən nəzəri biliklərə sahib olurlar, sonra isə “zon”larda özünəməxsus praktika keçirlər. Bütün sınaqlardan uğurla keçən “brodyaqalar”ın “diplom” məsələsi ümumi müdafiəyə, “sxodka”ya çıxarılır, bu mərhələni də keçəndən sonra “brodyaqa” ən ali məqama, “qanuni oğru” statusuna yiyələnir.
ardı var