Bu sözü Biləsuvarın qəhrəman oğullarından biri, Qarabağ savaşının qazisi Saməddindən eşitdim. Düzü, əvvəl anlaya bilmədim.
Sonra başa saldı. Döyüş zamanı baş verən çoxlu əhvalat nəql elədi. Inşallah yazarıq.
“Mən qorxaq adam deyiləm, ancaq mənim də ölümə düşdüyüm olub”, – bu sözləri məni daha aydın başa salmağa çalışan Berkut ləqəbli qazi Asif deyir. Onun qəhrəmanlığı haqda kitablarda az yazılmayıb.
Dilimizdə bu cür söz birləşmələri az deyil. Məsələn, şoka düşmək, şüaya düşmək, (gözü) işığa düşmək, yola düşmək, fikrə düşmək və s. Ölümə düşmək də onlardan biri. Ancaq bu söz birləşməsini 42 yaşımda ilk dəfə eşitdiyimə görə düşünürəm ki, işlək söz deyil, daha çox savaş adamlarına tanışdı.
Mahiyyəti budur ki, əsgər bəzən öldürdüyünü (hətta düşmən də olsa) və ya yanında ölən, yaralanan döyüş yoldaşını qan içində, çabalayan, xırıldayan halda görəndə elə bir vəziyyətə düşür ki, gördüyünün dərdi onun yanında yalan olur. Uşaqlar danışır ki, bəzən yaralı sağ qalır, ancaq ölümə düşən həyatını itirir. Ən yaxşı halda isə ölümə düşənlər bəzən aylarla müalicə almalı olur, ama sağalandan, yəni normal insani halına qayıdandan sonra da sağlığında güclü qüsurlar qalır. Məsələn, Saməddinin danışdığı belə bir əhvalatdan sonra xeyli müalicə alıb qayıdan əsgərin eşitməsində güclü əngəl qalıbmış. Postda ona deyilən parolları eşitməyib atəş açırmış. Ona görə hamıya bir nəfər kimi tapşırıq verilibmiş ki, o, postda olanda çalışıb kimsə gözünə görünməsin. Həmin əsgəri nədən “yararsız” kimi tərxis eləmədiklərini soruşuram, axı bu hamının həyatı üçün təhlükə idi? Saməddin cavab verir ki, həmin əsgər “yararsız” kimi tərxis olunmağı öz əsgər ləyaqətinə sığışdırmırmış…
…Telmanın savaşdan nə qazandığını soruşuram. Əlimi tutub başına aparır və başının sol hissəsində yumşaq bir boşluq hiss eləyirəm. “Saçımla beynimin arasında ancaq dəri var”,- deyir. Bildiyimə görə, qafa tasının bu cür dağılmış hissəsinə nəsə plastmas qoyurlar. Ancaq Telmanın başında bu yoxdu. “Özüm istəmədim,- deyir,- çünki hər il yenidən əməliyyat yoluyla dəyişdirilməlidi. Platin ömürlükdü, ancaq mənim platinlik pulum hardadı?.. Yenə də başımın dərisinə şükür!”.
“Telman, bəs dövlət?..”.
Telman gülür. Dövlət sözünün bu qədər gülməli olduğunu bəlkə də ilk dəfə dərk eləyirəm. Ümumiyyətlə, bu oddan-alovdan, qandan-qadadan çıxmış qazilər ən acı dərdlərini danışanda da gülə-gülə, lağ-lağıyla danışırlar. Sanki Sərrafın ayağını itirməyi, Saməddinin on ildən bəri dəsmalla gizlədib anasından gizlədiyi üç barmağı getmiş, salam verib-salam aldığı əlinin qəzası, Telmanın dəri umuduna qalan başının əzabı dünyanın ən məzəli xatirəsiymiş. Neynəyəsən, torpaqları uğrunda bədənlərinin bir parçasını, ömrünün şirin illərini qoyub gəldikləri dövlət onlara bir platinlik qahmar çıxmayanda, necə danışmalıdırlar ki? Bu ölkədə artıq çoxdandır faciəni komik dillə anladırlar. Yenə Remarkın sözü yada düşür: “Faciə iyirmi il davam edəndə komediyaya çevrilir…”.
Telmanın platin söhbəti də çay masasında məzəyə dönür. Platin nədi, qardaş? Platin çox baha şeydi. Sən ondan danış ki, bu dövlət, onun məmurları bizə Irandan bir qutu xurma gətirməyə imkan vermir. Bir qutu xurma deyirəm sizə. Hətta bir qutu nədi? Bir gilə xurma. Hətta bir gilə nədi, xurma içliyi olan şokoladı belə keçirməyə imkan vermirlər. Xurma nə zamandan strateji məhsul olub? Yox, deyil, sadəcə Azərbaycanın hansısa Şeyx Nəsrullahının yediyi gündə bir xurma imiş. Ondan başqasının xurma gətirmək haqqı yoxmuş! Azərbaycanda iftar belə, hansısa adının bilmədiyimiz “ağsaqqal”ın xurması ilə açılmalıdı. Biləsuvar Gömrük postuna tapşırıq belə verilib: Qarabağ veteranı qələt eləyir, onlar öz ətini də yeyib dolana bilərlər! Yarısını Vətən yeyib, yarısıyla da bala başı saxlasınlar…
Azərbaycan xalqı isə öldürülən ümidlərini görüb dərin ölümə düşüb. Kim bilir, bu gedişlə sağ qala, ya qalmaya…

“Ölümə düşmək” nə deməkdir?
•
•