İlham Əliyev niyə islahat apara bilməz?

Bəri başdan çox açıq, birbaşa yazım: Ilham Əliyevdən demokratik islahat, dəyişiklik gözləyənlər ya özləri ağıllarını itiriblər, ya da başqalarını ağılsız hesab edirlər.
Belə bir gözlənti içərisində olmaq üçün dünya tarixindən bixəbər, despotik rejimlər haqqında məlumatsız, uzun sözün qısası, nadan, savadsız olmaq lazımdır.
Tarixi təcrübə də, politologiya elmi də sübut edir ki, yalnız seçkili hakimiyyətlər, mənbəyi xalq olan, milli iradədən mayalanan rejimlər köklü dəyişikliklərə qadirdir. Yalnız onlar ənənəvi idarəetmə metodlarından imtina edə və yeni başlanğıca start verə bilərlər.
Azərbaycanda bir sürü qəzet, yazar, politoloq, ekspert, hüquq müdafiəçisi, partiya sədri və s. və i.a var ki, bunların işi-gücü guya Ilham Əliyevin islahatlara hazır olması, amma ətrafının onun əl-ayağına dolaşması, buna qarşı çıxması ilə bağlıdır. Bu da filfilo söhbətdir. Əvvəla, belə qəzet-məzetlərin, yazar-mazarların, ekspert-mekspertlərin özləri tez-tez hansısa oliqarxın hansısa addımı atmasını hakimiyyətin qəzəbinə tuş gəlməsindən qorxması ilə izah edən manşetlər atır, rəylər, mülahizələr irəli sürürlər.
Məsələn, məlum Quba hadisələri zamanı Ziya Məmmədovun ora getməsini xatırlayın. Nə deyilir, nə yazılırdı? Deyilirdi ki, Quba Ziyanın külli-ixtiyarındadır, onun nəzarətindəki rayonda bu cür hadisənin baş verməsi nəqliyyat nazirini əndişəyə salıb, vəzifəsini itirəcəyindən qorxduğu üçün əl-ayağa düşüb. Bir halda ki, nəqliyyat naziri bu rejimin ən iri oliqarxlarından, söz sahiblərindən biridir, üstəlik də Ilham Əliyevin islahatlar aparmasına mane ola bilir, niyə qorxmalı, həyəcan keçirməlidir ki? Əlahəzrətin dəyişikliklər iradəsinin qarşısını almağa gücü çatan adamın nədən qorxusu olmalıdır axı?
Heydər Əliyev Mərkəzindəki yanğın zamanı əlahəzrətdən illərdir “islahat aşiqi” obrazı düzəldənlər nə yazdılar, nə dedilər? “Mərkəzin tikintisinə cavabdeh olan Kərəm Həsənovun işi bitdi”, “Kərəm Həsənov qorxu içində”, falan-filan. Yaxşı, bir yanğına görə zati-alilərinin öfkəsinə ürcah olacağından narahatlıq keçirən, qəlbi gup-gup atan Kərəm Həsənov ona “islahat apara bilməzsən, sistemi dəyişə bilməzsən” hökmünü necə verə bilər?
Elə son günləri götürək. London olimpiadasındakı uğursuzluqdan sonra həm də ayrı-ayrı idman federasiyalarının prezidentləri olan iribuynuzlu məmurların Ilham Əliyevin qəzəbinə gələcəkləri qorxusu ilə gecə gözlərinə yuxu getmədiyinə dair xəbərlərin ard-arası kəsilmir. Bəzilərinin hətta infarkt keçirdiyi, şəkərinin yüksəldiyi barədə miflər qondarılır.
Yaxşı indi bu mif müəlliflərindən soruşuram: bir halda ki, oliqarxlar olimpiya oyunlarındakı uğursuzluğa görə möhtərəmdən belə qorxur, çəkinirlər, onlar Əliyevin islahatlarla bağlı iradəsini necə zorlaya bilərlər? Onun köklü dəyişikliklər istəyinin qarşısında necə maneə çevrilə bilərlər? Həm Ilham Əliyevin öz ətrafının ucbatından demokratik dəyişikliklərə gedə bilmədiyinə dair səfsəfələriniz nədir, həm də ətrafının Ilham Əliyevdən dəhşətli dərəcədə qorxduğu, çəkindiyi barədə yazdıqlarınız, söylədikləriniz nə? O nə pəhrizdir, bu nə turşu? Nədir bu absurdun, bu təzadın sirri?
Necə olur ki, həm ən kiçik hadisədən sonra irili-xırdalı bütün məmurlar Ilham Əliyevin qəzəbinə gəlməmək üçün əl-ayağa düşür, bunu ört-basdıra keçirlər, həm də onun ölkədəki bu iyrənc gedişatı durdurmasına, bu quldur, talançı, saxtakar sistemi dəyişməsinə mane olurlar? Özünüz özünüzü niyə gülünc vəziyyətdə qoyursunuz? Başa düşmürsünüzmü ki, əlahəzrətdən islahatmeylli, reformator ən ağ növüdür, həm də yaltaqlığın ən şit, ən düşük növü!
Heç kim heç kimi aldatmasın: bu cür davam etmək, gücünü yalnız korrupsiyadan, məddahlıqdan, yalandan, yaltaqlıqdan, saxtakarlıqdan, zordan və zopadan almaq bu sistemin yeganə mövcudluq formasıdır. Başqa heç bir halda sistem yürüyə bilməz. Boltları azacıq boşaltmaq kifayətdir ki, rejim ən arzuolunmaz situasiyalarla üzbəüz qalsın.
Keçənilki korrupsiya şoularını xatırlayın. Hətta tibb bacılarını, meşəbəyiləri, qatar bələdçilərini belə, korrupsiyaya görə uzun müddət həbs edə bilmədilər. Çoxusunu tutandan az sonra buraxdılar. Çünki bu cür rejimlərdə korrupsiyanı, rüşvəti, oğurluğu, yağmanı pis bir şey kimi qələmə vermək ölümə bərabərdir.
Bu cür rejimlərdə islahat – elə intihar deməkdir.